Məhkəmə qərarları › İş №3(5-97)-341/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-341/2026

30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-341/2026 30.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, X6 oğlunun katibliyi ilə, Hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi barəsində Azərbaycan Respublikası İXM-in 499.1.1-ci maddəsi ilə tərtib edilmiş 09 yanvar 2026-cı il tarixli EP ******* nömrəli (00100-00154/26) nömrəli inzibati xəta haqqında protokol eyni tarixli 00100/00140 nömrəli qərardadla baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən **********6570 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük proseduru altında rəsmiləşdirilən yükün öhdəlik müddəti xx.xx.2025-ci il tarixində bitmiş, lakin yükün digər gömrük proseduru altında yerləşdirilməsi üçün müraciət edilməyərək hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə və səlahiyyəti orqana qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələri iştirak etməmiş, səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “X1 Sistemi” informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli, **********6570 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş yüklərin geri gaytarma müddətinin son tarixi xx.xx.2025-ci il tarix müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin nümayəndəsi X2 tərəfindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış xx.xx.2026-cı il tarixli izahatdan müəyyən olunur ki, hüquqi şəxs tərəfindən törədilmiş inzibati xəta etiraf edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X3 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 09 yanvar 2026-cı il tarixli EP ******* nömrəli protokoldan görünür ki, “Geofizika və Geologiya İdarəsi” tərəfindən müvəqqəti idxal xüsusi gömrük prosedurunda yerləşdirilərək xx.xx.2023-cü il tarixli **********6570 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilən 350 ədəd “geofiziki cihaz və avadanlıqlar-datçik геофон свг-6” adlı malların öhdəlik müddəti xx.xx.2025-ci il tarixdə müəyyən edilsə də, “Geofizika və Geologiya idarəsi” tərəfindən **********6570 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilən malların 14 ədədi xx.xx.2025-ci il tarixdə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilərək **********6580 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş, lakin həmin malların 336 ədədi barəsində öhdəlik müddəti bitənədək digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir və malların öhdəlik müddəti bitdikdən 4 (dörd) gün sonra təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi üçün xx.xx.2025-ci il tarixdə **********1903 sorğu nömrəli gömrük bəyannaməsi ilə müraciət edilmişdir. Bununla da hüquqpozma faktı xx.xx.2025-ci il tarixdə törədilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 499.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 193-cü maddəsinə və “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 245 nömrəli 2 sentyabr 2013-cü il tarixli qərarının 6.3-cü bəndinə əsasən prosedur sahibi müvəqqəti idxal müddəti basa çatanadək müddətin uzadılması barədə gömrük orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının: 3.6-cı bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. 6.1. bəndinə əsasən Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. 6.2. Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər. 6.3. Bu Qaydaların 6.2-ci bəndində göstərilən müddətdə müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. 6.4. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılması ilə bağlı müraciətə gömrük orqanları tərəfindən 2 (iki) iş günü müddətində baxılır. 6.5. Gömrük orqanları bu Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş şərtlərə əməl olunmadığını aşkar etdiyi halda malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılmasından imtina barədə qərar qəbul edir. Qərar qəbul olunduqdan 1 (bir) iş günü müddətində prosedur sahibi bu barədə yazılı formada məlumatlandırılır. 6.6. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətinin uzadılması prosesi müvəqqəti idxal xüsusi gömrük proseduru üçün müəyyən edilmiş müddətin axımını dayandırmır. 6.7. Müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. 6.8. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edildikdə və ya digər gömrük proseduru altında yerləşdirildikdə, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatmış hesab olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi (VÖEN **********) tərəfindən xx.xx.2023-cü il tarixli **********6570 nömrəli ərizə ilə 350 ədəd “geofiziki cihaz və avadanlıqlar-datçik геофон свг-6” adlı malların müvəqqəti ixrac xüsusi gömrük proseduru altında rəsmiləşdirilməsi məqsədi ilə müraciət edilmişdir. Həmin mallar üçün nəzərdə tutulmuş müvəqqəti ixrac müddətinin xx.xx.2025-ci il tarixdə başa çatmasına baxmayaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən müddətin uzadılması üçün müraciət edilməmiş, həmin mallar xx.xx.2025-ci il tarixdə, yəni dörd gün müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə geri qaytarılmış və bununla da İXM-nin 499.1.1-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında iş üzrə icraat materialları ilə hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta haqqında iş üzrə məsrəf yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar