Məhkəmə qərarları › İş №3(5-97)-345/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-345/2026

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-345/2026 03.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi və direktoru X3 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 518.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Şəxs MMC barəsində İXM-nin 518.1-ci maddəsi ilə MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2026-cı il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus obyektdə yoxlama zamanı məlum YTQ №1-2001, Y.İ,2.5; 2.1; 4.4; 6.1; 6.7; №05-86 -1.7 bəndlərinin tələbləri pozulmuşdur. Nəticədə Şəxs MMC tərəfindən İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 3-cü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru X4 protokolun məzmununa uyğun çıxış edərək tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə etdiyini və hüquqi şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Həmçinin hüquqi şəxsin nümayəndəsinin əvvəlcədən xəbərdarlıq edilməməsi, qeyd edilən pozuntular barədə məlumatları olmaması, sahə rəisinin onlara köməklik etməməsi ilə bağlı etirazı ilə bağlı bildirdi ki, qanunu bilməmək məsuliyyətdən azad etmir, idarə rəhbəri öz işçilərinə yanğın təhlükəsizliyi ilə bağlı qaydaları bildirməyə borcludur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X5 çıxış edərək bildirmişdir ki, inzibati xəta haqqında protokola etiraz edir. Belə ki, keçirilmiş yoxlama qanunsuz olmuşdur. Əvvəlcədən yoxlamanın keçiriləcəyi haqqında onlara məlumat verilməmişdir. Yoxlayıcı şəxslər idarənin mühasibin, qeydiyyatçının və direktor kimi onun fəaliyyətinə mane olmuşlar, vəsiqə təqdim etməmilər. Məhkəmənin suallarına cavab olaraq obyektin yanğınxəbərverici siqnalizasiya sisteminin sazlığı aktın olmadığını, telefon nömrələrini görünən yerdən asılmadığı və taxta konsruksiyalar məhlul hopdurulmadığını və aktda qeyd edilən digər pozuntuların aradan qaldırılmadığını bildirmişdir. Gənc sahibkar olaraq qanundan məlumatı olmadığını və orqanın heç vaxt onlara yaxınlaşıb bu barədə məlumat vermədiyini bildirmişdir. Sonda iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən 12 yanvar 2026-cı il tarixli KY262474690 nömrəli çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayyət edilibedilməməsinin yoxlanılması müəyyən edilmişdir. Yoxlamanın müddəti xx.xx.2026 – xx.xx.2026-cı il; “Yanğın-texniki müayinənin aparılması haqqında” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-18-65/Q-111/2026 saylı, 01.2026-cı il tarixli, qərarından görünür ki, Şəxs MMC-də yoxlamanın aparılması qərara alınmışdır; xx.xx.2026-cı il tarixli, 111 nömrəli yanğın-texniki müayinə Aktından görünür ki, obyektin yanğın xəbərverici siqnalizasiya sistemi yoxlanılaraq sazlığı barədə akt tərtib olunmayıb. Obyektin təxliyyə planı hazırlanaraq görünən yerlərdən asılmayıb. Obyektin görünən yerlərində yanğından mühafizə xidmətinin çağırış telefon nömrələri qeyd olunan göstərici lövhələr asılmayıb. Obyektin yanar taxta konstruksiyaları odadavamlı məhlulla hopturulmayıb. Obyektin elektrik kabel və naqillərinin izolyasiya qatının gərginliyə qarsı müqaviməti yoxlanaraq akt tərtib olunmayıb. Obyektdə təxliyyə çıxış yolunu göstərən işıqlandırılmış “Çıxış” sözü yazılmış lövhələr quraşdırılmayıb. Obyektdə yerləşdirilmiş ilkin yanğınsöndürmə balonları obyektin döşəmə səviyyəsindən balonun aşağı başlığına qədər 1.5 metr hündürlükdə asılmayıb. Obyektdə yerləşdirilmiş ilkin yanğınsöndürmə balonların üzərində yerləşdirilmiş göstərici nişanlar döşəmə səviyyəsindən 2-2.5 metr hündürlükdə asılmayıb. Hüquqi məsələlər: “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun: 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək, yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək, yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək, yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək, yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq yanğın təhlükəsizliyi sahəsində müəssisələrin vəzifəsidir. 36-cı maddəsinə əsasən bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş materiallarının hərtərəfli, tam və obyektiv tədqiqi nəticəsində belə qənaətə gəlir ki, Şəxs barəsində İXM-in 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi faktı, iş üzrə toplanmış və məhkəmə iclasında yoxlanılmış sübutların məcmusu ilə tam təsdiqini tapır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün əsas olan sənədlər, o cümlədən "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"ndən 12 yanvar 2026-cı il tarixli KY262474690 nömrəli çıxarış və "Yanğın-texniki müayinənin aparılması haqqında" 8 yanvar 2026-cı il tarixli, 3-18-65/Q-111/2026 nömrəli Qərar, yoxlamanın qanuniliyini və planlı (növbəti) xarakter daşıdığını təsdiq edir. Bu sənədlər "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, yoxlamanın hüquqi əsaslarla həyata keçirildiyini sübuta yetirir. 15 yanvar 2026-cı il tarixli, 111 nömrəli "Yanğın-texniki müayinə Aktı" ilə cəmiyyətə məxsus obyektdə bir sıra X1nın pozulduğu müəyyən edilmişdir. Həmin pozuntular, xüsusilə: yanğın xəbərverici siqnalizasiya sisteminin sazlığına dair aktın olmaması, təxliyə planlarının hazırlanmaması, yanğınsöndürmə balonlarının və göstərici nişanların "X1"nın (YTQ № 01-2001 və YTQ № 05-86) müvafiq bəndlərinin tələblərinə zidd olaraq yerləşdirilməməsi və digər pozuntular, birbaşa olaraq İXM-in 518.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan əməlin obyektiv cəhətini təşkil edir. Həmin aktda Cəmiyyətin nümayəndəsinin pozuntularla bağlı izahat verməkdən imtina etməsi qeyd olunmuşdur ki, bu da onun öz hüquqlarından istifadə etməsinin bir forması kimi qiymətləndirilir, lakin pozuntu faktını aradan qaldırmır. Məhkəmə iclasında hüquqi şəxsin direktoru Ziya Xələfov tərəfindən irəli sürülən müdafiə dəlilləri tənqidi qiymətləndirilir və aşağıdakı əsaslara görə rədd edilir: "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 15-ci maddəsinə əsasən, planlı yoxlamanın aparılması barədə sahibkara məlumat verilməlidir. Lakin iş materiallarında olan sənədlər yoxlamanın planlı olduğunu və reyestrdə qeydiyyata alındığını təsdiq edir. Məlumatın verilməməsi iddiası, yoxlayıcı orqanın üzərinə düşən vəzifənin icrasına aid olub, bu vəzifənin icra edilməməsi yoxlamanın özünün nəticələrini və aşkar edilmiş pozuntu faktını heçə endirmir, xüsusən də nəzərə alındıqda ki, aşkar edilmiş pozuntular stasionar xarakter daşıyır və onların qısa müddətdə aradan qaldırılması mümkün deyildir. Beləliklə, bu dəlil prosessual pozuntuya istinad etsə də, işin mahiyyətinə təsir etmir. Bundan əlavə, məhkəmə iclasında iştirak edən direktor ərazinin nəzarətçisinin onlara köməklik etmədiyinə istinad etmişdir ki, bu hal direktorun həmin şəxsi tanıması və əvvəllər obyektdə görməsi, sözügedən pozuntular barədə məlumatlı olması kimi qiymətləndirilə bilər. Protokol tərtib etmiş orqanın nümayəndəsi də həmin xüsusatı təkzib edərək, məlumat verildiyinə, lakin ümumiyyətlə qanuni bilməməyin məsuliyyətdən azad etməməsinə istinad etmişdir. Yoxlayıcıların fəaliyyətə mane olması və qanunu bilməmək barədə dəlil isə subyektiv mülahizələrdən ibarət olub, heç bir obyektiv sübutla (məsələn, audio və ya video yazı, şahid ifadələri) təsdiqini tapmamışdır. Əksinə, tərtib edilmiş rəsmi sənədlər, yəni akt və protokol yoxlamanın müəyyən edilmiş qaydada aparıldığını göstərir. Qanunu bilməmək isə, “qanunu bilməmək məsuliyyətdən azad etmir kimi” nəzərdə tutulan fundamental hüquq prinsipinə əsasən, heç bir halda məsuliyyətdən azad etmir. Hüquqi şəxsin rəhbəri kimi, Ziya Xələfov öz fəaliyyət sahəsini tənzimləyən normativ hüquqi aktları, o cümlədən "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi ilə müəyyən edilmiş vəzifələri bilməyə və onların icrasını təmin etməyə borcludur. Belə ki, iş materiallarına əlavə edilmiş vergi orqanının hesabatında hüquqi şəxsin pərakəndə komputerlərin satılması fəaliyyəti ilə məşğul olması qeyd edilmişdir ki, sözügedən xüsusat X1na daha etinalı yanaşma tələb edən bir faktdır. Gənc sahibkar olması və dövlət orqanının kömək etməməsi barədə dəlil: Məhkəmə bu halı anlasa da, qanun qarşısında bərabərlik prinsipi bütün sahibkarlıq subyektlərinə eyni tələblərin şamil edilməsini nəzərdə tutur. X1 ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi daşıdığından, bu sahədə güzəştlərə yol verilməsi yolverilməzdir. Dövlət orqanının metodiki kömək göstərməsi onun hüququdur, lakin təhlükəsizlik normalarına riayət etmək sahibkarın birbaşa vəzifəsidir. Qeyd olunur ki, X1nın pozulması tək sahibkarın özünə yox, ətrafdakı obyektlər və şəxslər üçün də təhlükə yaradan bir amildir ki, həmin xüsusat ciddi yanaşma və ehtiyat tələb edir. Beləliklə, sübutların məcmusu şübhəyə yer qoymur ki, Cəmiyyət öz fəaliyyətində X1nı pozmuşdur. İXM-in 3-cü maddəsinə əsasən, hüquqi şəxsin təqsiri onun vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) ilə müəyyən edilir. Məsul şəxslərin qeyd edilən normalara riayət etməməsi, Cəmiyyətin birbaşa təqsirini sübut edir. Məhkəmə, tətbiq ediləcək tənbeh növünü və həddini müəyyən edərkən, İXM-in 9.1-ci (ədalətlilik prinsipi) və 31.3-cü (hüquqi şəxslərə tənbeh tətbiqinin xüsusiyyətləri) maddələrini rəhbər tutur. İş materiallarına əlavə edilmiş mənfəət vergisi bəyannaməsindən Cəmiyyətin maliyyə vəziyyəti nəzərə alınır. Eyni zamanda, məhkəmə iclasında məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar (İXM, Maddə 32 və 33) müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə, ümumi hüquqi mövqeyini ifadə edərək, inzibati tənbehlərin şərti tətbiqi ilə bağlı bəzi məsələlərə toxunmağı zəruri bilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsi ilə müəyyən edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi institutu öz hüquqi mahiyyətinə və tətbiqi mexanizminə görə sırf inzibati orqanların fəaliyyəti üçün nəzərdə tutulmuşdur. Belə ki, Məcəllənin 116.1-ci maddəsinin dispozisiyasında aydın şəkildə göstərilir ki, "...səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır". Qanunverici, Məcəllənin 40-cı maddəsində inzibati xətalara baxan subyektləri dəqiq fərqləndirərək "hakim" və "səlahiyyətli orqan (vəzifəli şəxs)" anlayışlarını ayrı-ayrılıqda təsbit etmişdir. Bir çox maddələrdə (məsələn, 111.2, 119.1, 130.2, 132.1, 135.1.3 və s.) bu subyektlər birgə sadalandığı halda, 116-cı maddədə "hakim" anlayışının istifadə edilməməsi qanunvericinin şüurlu seçimidir və bu normanın məhkəmələrə şamil edilmədiyini göstərir. Şərti tənbehin icrası proseduru, yəni Məcəllənin 116.4-cü maddəsi ilə müəyyən edilmiş hüquqpozmanın aradan qaldırılmasının yoxlanılması, inzibati nəzarət və icra funksiyalarını ehtiva edir ki, bu da məhkəmə hakimiyyətinin konstitusion təyinatına və fəaliyyət xarakterinə uyğun deyildir. Hakimin vəzifəsi işə baxaraq yekun akt qəbul etməklə hüquqi mübahisəni həll etməkdir, qəbul edilmiş qərarın icrası ilə bağlı sonrakı yoxlama və nəzarət tədbirlərinin həyata keçirilməsi isə icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. Məhkəmənin bu prosesə cəlb olunması hakimiyyətlərin bölgüsü prinsipinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbehin (müəyyən edilmiş istisnalarla) məhz hakim tərəfindən tətbiq edilməsi, işin inzibati icraatdan məhkəmə icraatına keçməsini və fərqli prosessual qaydaların tətbiqini şərtləndirir. Səlahiyyətli orqanın öz icraatında tətbiq edə biləcəyi spesifik inzibati təsir mexanizmi olan cərimənin şərti tətbiqi institutu, iş məhkəmə aidiyyətinə verildikdə avtomatik olaraq məhkəmənin səlahiyyətinə daxil olmur. Belə ki, hüquqi şəxslər özlüyündə canlı bir varlıq olmamaqla, onların məsuliyyəti vəzifəli şəxslərinin hərəkət və hərəkətsizliyindən qaynaqlanır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin Məcəllənin 116.1-ci maddəsindəki siyahıda yer alması, bu xətaya yalnız səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxıldığı təqdirdə şərti cərimənin tətbiqinin mümkünlüyünü nəzərdə tutur. İşə hakim tərəfindən baxıldığı hallarda isə, tənbeh növü ümumi qaydada, Məcəllənin 31-ci maddəsinin prinsipləri əsasında, lakin 116-cı maddənin xüsusi proseduru tətbiq edilmədən təyin olunmalıdır. Qeyd olunur ki, hüquqi şəxsin məsuliyyəti birbaşa onun vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarında da (məsələn, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və X hissələri baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 18.6, 43.3-1, 54.2 və 103-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 23 fevral 2021-ci il tarixli Qərar) məhkəmə və inzibati orqanların fərqli prosessual statusu və səlahiyyətləri vurğulanmış, həmin qərarda hər bir qurum ayrıca sadalanmaqla, faktiki olaraq ayrı-ayrı qurumlar olmasını təsdiq etmişdir. Məhkəmə, İXM-in 31.3-cü maddəsinin tələblərini rəhbər tutaraq inzibati tənbeh tədbirini təyin edərkən, bir tərəfdən, hüquqi şəxsin faktiki olaraq fəaliyyətsiz olması barədə nümayəndənin izahatını nəzərə alır, digər tərəfdən isə dövlət orqanının qanuni fəaliyyətinə maneçilik törədilməsinin ictimai təhlükəliliyini və bu cür halların yolverilməzliyini qiymətləndirir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədiyindən, məhkəmə hüquqi şəxs barəsində İXM-in 539.3-cü maddəsinin sanksiyası çərçivəsində cərimə tətbiq edilməsini ədalətli, qanunauyğun və mütənasib hesab edir. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin İXM-nin 518.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar