Məhkəmə qərarları › İş №3(5-97)-359/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-359/2026

23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-359/2026 23.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X1, Barəsində inzibati icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3cü və 192.1-ci maddələri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı şəhər idarəsindən "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 539.3-cü və 192.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 12 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şahid2 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, Cəmiyyətə 3-17-5/2-10980/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubda sənədlərin 7 iş günü ərzində X4 Xidmətinin Bakı şəhər idarəsinə təqdim olunması tələb olunmuşdur. Məktub Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi MEİS-in ASİS vasitəsilə cəmiyyətin ƏMAS şəxsi kabinetə daxil edilməsinə baxmayaraq tam tələb olunan sənədlər xx.xx.2026-cı il tarixindən yanında X4 Xidmətinin Bakı şəhər idarəsinə təqdim olunması təmin edilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci və 49-cu maddəsinin tələbləri pozularaq Şahid2 ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-də xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixədək proqramçı vəzifəsi üzrə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən X4 Xidmətinin nümayəndəsi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şahid2 X4 Xidmətinə müraciət etməsi və əmək müqaviləsi olmadan "xxxx" MMC-də işlərə cəlb edildiyini bildirmişdir. Məsələ ilə bağlı "xxxx" MMC-dən müvafiq sənədlər istənilmiş, lakin qanunvericiliklə müəyyən edilmiş müddətdə təqdim edilməmişdir. Daha sonra Şahid2 iş yoldaşı da izahat verərək əmək müqaviləsi olmadan "xxxx" MMC-də Şahid2 işlərə cəlb edildiyini bildirmişdir. Bununla bağlı protokol tərtib edilərək baxılması üçün təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə bildirmişdir ki, MMC-in fəaliyyəti xarici avtomobillərə proqramların yazılmasından ibarət olmuşdur. Adətən Çin istehsalı avtomobillər üçün xüsusi proqram təminatları yazılır. Direktoru olduğu "xxxx" şirkəti respublikada bu fəaliyyəti həyata keçirən əsas şirkətlərdən biridir. Şirkətinin saytının hazırlanması barədə işçilərə məlumat vermişdir. Bu zaman şirkətdə fəaliyyət göstərən İmran adlı şəxs saytı hazırlaya biləcək bir nəfər tanışının olduğunu bildirmişdir. Bu zaman Şahid2 çağırmış və onlar saytın hazırlanması ilə bağlı razılığa gəlmişlər. Rüfər Bağırov freetime işləmiş, saytın hazırlanması ilə bağlı ödəniş almışdır. Heç bir halda şirkətdə daimi fəaliyyətə götürülməmişdir. Onun fəaliyyəti xidmət çərçivəsində olmuş və gördüyü iş müqabilində ödəniş almışdır. Daha sonradan Şahid2 şirkətdə daimi işə düzəlmək üçün müraciət etmişdir. Həmin vaxt onu qəbul etmiş və yoxlamaq üçün bir neçə tapşırıq vermişdir, əgər onları icra edə bilsə işə götürülməsi məsələsinə baxılacaqdır. Əmək haqqı məsələsi danışılmamışdır. İcra etməsi üçün verilmiş proqramları yaza bilmədiyindən işə qəbul olunmamışdır. Həmin müddət ərzində ümumiyyətlə şirkətdə olmamış və həmin taşırıqları da şirkətdə etməmişdir. Daha sonra işçisi olan Şahid3la birləşmişlər, özləri bu sahə ilə bağlı şirkət açmışlar. "xxxx" MMC şirkəti ilə prinsip apardıqlarından yalan məlumatlar əsasında X2 şikayət etmişlər. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şahid2 işə götürmək üçün onun proqram yazmaq bacarığının olub-olmaması yoxlanılmalı idi. Buna görə də ona layihələr verilmişdir ki, yoxlamaq məqsədilə icra etsin. Lakin onları icra edə bilməmişdir. Mirkazım "xxxx" şirkətinin əmək müqaviləsi əsasında işçisi olmuşdur. X4 Xidmətinin sorğusundan məlumatları gec olduğu üçün sənədlər vaxtında təqdim edilməmişdir. Şahid2 freelance qaydada çalışmış, mütəmadi olaraq işə gəlməmişdir. Hazırda Şahid2 və Şahid3la barışıq əldə edilmişdir. Şirkətlə bağlı hər hansı şikayətləri yoxdur. Barələrində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-ni dostu İmran vasitəsilə tanımışdır. O, 06 iyul 2025-ci il tarixdə işə dəvət almış və 19 avqust 2025ci il tarixədək həmin şirkətdə çalışmışdır. O qeyd etdi ki, işlədiyi müddət ərzində həm uğurlu, həm də uğursuz işləri olmuşdur. İlk növbədə saytın hazırlanması tapşırılmışdır. O, saytı hazırlayaraq təqdim etmiş və bunun müqavilində ödənişini almışdır. Bundan başqa şirkətin rəhbəri Nümayəndə tərəfindən ona proqramlaşdırma ilə bağlı tapşırıqlar verilmişdir. Həmin tapşırıqlardan bəzilərini uğurla icra etmiş, lakin bəziləri isə uğursuz alınmışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, əməkhaqqı məsələsini Nümayəndəla danışmışdır. Şifahi razılığa əsasən əvvəlki işdə 1700 manat əmək haqqı aldığını soruşmuşdur. İş günləri və saatları 1-6-cı günlər, səhər 10-dan 5-ə qədər olmuşdur. İşlərinə nəzarəti Şahid3 və Nümayəndə həyata keçirmişdir. İcazələr lazım olduqda Nümayəndə məlumat vermişdir. İş saatlarına və tapşırılmış layihələrin icrasına onlar nəzarət etmişdir. Ümumilikdə sayta görə 800 manat ödəniş almışdır. Daha sonra onunla əmək müqaviləsi bağlanmadığı üçün narazı olmuşdur və şikayət etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, "xxxx" MMC-də təxminən 2 ilə yaxın müddətdə çalışmışdır. Şirkətin rəhbəri Nümayəndə idi. Onun şirkətdəki fəaliyyəti elektrik və maşın ustası kimi işləmiş və əmək müqaviləsi əsasında işləmişdir. "xxxx" MMC-də işlədiyi müddətdə Şahid2 da şirkətdə işləməyə başlamışdır. Şahid2 nəzarəti özü etmişdir. Şahid2 iyul-sentyabr ayı ərzində hər gün şirkətə gəlib orada Nümayəndə tapşırıqlarını icra edirdi. Daha sonradan məlum oldu ki, onunla əmək müqaviləsi bağlanmamışdır. Məhkəmə iclasında dindirilmiş şahid X5 ifadəsində bildirmişdir ki, Rüfət qardaşının sinif yoldaşı olmuşdur. Onun sözlərinə görə, Rüfət saytların hazırlanması ilə məşğul olur, gördüyü işləri ona göstərirmiş. Nümayəndə Şəxs MMC-in saytının hazırlanmasını istədiyini dedikdə o, Rüfətin bunu edə biləcəyini söyləmişdir. Saytın hazırlanması Şahid2 tapşırılmış və o, freelance işləyərək saytı təhvil vermiş, həmçinin müqabilində əmək haqqını almışdır. Daha sonra Nümayəndə Şahid2 işlər tapşırmış xoşuna gəldiyi halda onu işə götürəcəyini bildirmişdir. Lakin Rüfət işləri təhvil verə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İnzibati xəta haqqında” 12 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 539.3cü və 192.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin tərəfindən "xxxx" MMC-yə ünvanlanmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC-yə Şahid2 müraciətinə münasibət bildirilməsi və zəruri sənədlərin 7 iş günü ərzində X4 Xidmətinin Bakı şəhər idarəsinə təqdim olunması xahiş olunmuşdur. “Şəxsi kabinet”dən edilmiş çıxarışdan aydın olur ki, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin kabinetinə məktub yerləşdirilmişdir. Hüquqi məsələlər və məhkəmənin mövqeyinin əsaslandırılması: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işə götürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında tədqiq edilmiş izahatlar və faktiki hallar əmək qanunvericiliyinin tələblərinin pozulduğunu və işəgötürən tərəfindən əmək münasibətlərinin düzgün rəsmiləşdirilmədiyini göstərir. Belə ki, Şahid2 "xxxx" MMC-in “freelance” qaydada şirkətin işlərinə cəlb edildiyi iddia edilsə də, faktiki olaraq şirkətin fəaliyyəti üçün zəruri olan işin görülməsi, həmin işə görə ödənişin verilməsi və MMC rəhbərinin göstərişi ilə tapşırıqların icra olunması, şahid ifadələrinə əsasən Şahid2u MMCin fəaliyyət göstərdiyi ofisdə tapşırıqları icra etməsi, fəaliyyətinin iş saatları ilə tənzimlənməsi, ona Nümayəndə tərəfindən nəzarət edilməsi əmək münasibətlərinin mövcudluğunu göstərən əsas əlamətlərdir. Bu halda əmək münasibətləri əmək müqaviləsi bağlanılmadan həyata keçirilmişdir ki, bu da əmək qanunvericiliyinin pozulması hesab olunur. İş üzrə araşdırılmış materialların və toplanmış sübutların məcmu şəkildə qiymətləndirilməsi nəticəsində məhkəmə belə nəticəyə gəlmişdir ki, "xxxx" MMC tərəfindən Şahid2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərinə görülməsinə cəlb edilmişdir. Qeyd olunan hal, məhkəmə iclasında şahid ifadələri və tədqiq edilən sənədlərlə də öz təsdiqini tapır. İşəgötürən tərəfindən əmək münasibətlərinin yaranması və rəsmiləşdirilməsi ilə bağlı qanunvericiliyin əsas tələblərinə riayət edilməmiş, əmək münasibətləri hüquqi əsaslar formalaşmadan faktiki olaraq yaradılmışdır. Bu hal işçinin əmək və sosial hüquqlarının təmin olunması mexanizmlərini zədələmiş, habelə dövlətin əmək münasibətləri üzərində həyata keçirdiyi nəzarətin effektivliyini əhəmiyyətli dərəcədə məhdudlaşdırmışdır ki, aşkar edilmiş pozuntu formal xarakter daşımır, işəgötürənin qanunvericiliyin tələblərinə etinasız münasibətinin nəticəsi olmaqla, əmək münasibətlərinin şəffaflığı və leqallaşdırılması prinsiplərinə ciddi xələl gətirmişdir. İXM-nin 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-in “Şəxsi kabinet”dən edilmiş çıxarışdan aydın olur ki, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin kabinetinə məktublar yerləşdirilmişdir. Lakin, həmin məktublara qanunvericiliklə müəyyən edilmiş müddətdə cavab verilməməsi qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən orqanın icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə, habelə tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə görə inzibati məsuliyyət yaranır. Məhkəmə inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 539.3-cü və 192.1-ci maddələri ilə tövsif edilmişdir. Barəsində protokol tərtib olunmuş şəxs də sənədlərin müəyyən edilmiş müddətdə təqdim edilməməsini qeyd etmişdir. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb etmə halları da məhkəmə iclasında öz təsdiqini tapmışdır. "xxxx" MMCnin hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, "xxxx" MMC-ni İXM-in 539.3-cü və 192.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-nin 31, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü və 192.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və İXM-in 34.3-cü maddəsinə əsasən barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar