Məhkəmə qərarları › İş №3(5-97)-361/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-361/2026

26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-361/2026 26.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Musayev Tural Səmid oğlu, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat materialına baxaraq, MÜƏYYƏN ETDİM: İ. Giriş-təsviri hissə:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələbi üzrə Agentliyə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-86879/2025 nömrəli məktub göndərilərək müvafiq sənədlərin 7 iş günü ərzində Xidmətə təqdim olunması tələb olunmuş, lakin sənədlər təqdim edilməməklə Agentlik tərəfindən Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir.

İİ. İş materiallarında olan:

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 86879/2025 nömrəli məktubdan görünür ki, müvafiq sənədlərin (əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə), əmək haqqının hesablanması və ödənilməsinə dair sənədlər, vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu) 7 iş günü ərzində Xidmətə təqdim edilməsi tələb olunmuşdur.

İİİ. İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar:

3. İnzibati xəta haqqında iş üzrə icraat materialı öyrənilərkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi inzibati xətanın subyekti hesab edilmədiyi üçün Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə barəsində başlanılmış inzibat xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. İV. Tətbiq edilən hüquq normaları:

4. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir.

V. Hüquqi əsaslandırmada istinad edilən hüquq normaları:

5. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 16.1, 17 və 18.1-ci maddələrinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər, öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı vəzifəli şəxslər, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri inzibati məsuliyyətə cəlb olunurlar. 393-1.2-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 440-1.3-cü maddəsinə əsasən “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə - vəzifəli şəxslər min beş yüz manat məbləğində cərimə edilir. 445-1.8-ci maddəsinə əsasən satınalma müqaviləsinin icrasına başlanılması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) razılıq (müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazələr istisna olmaqla) alınması tələb olunduğu təqdirdə, satınalan təşkilat tərəfindən belə icazələrin müqavilə imzalanana qədər əldə olunmasının təmin edilməməsinə görə - vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 445-1.9-cu maddəsinə əsasən nəzarət orqanının satınalma predmetinə (onun icrasına) baxış keçirə bilməsi üçün satınalan təşkilat tərəfindən lazımi şərait yaradılmamasına görə – vəzifəli şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 445-1.10-cu maddəsinə əsasən satınalmaların həyata keçirilməsi zamanı satınalan təşkilat tərəfindən nəzarət orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qeyd 2: Bu Məcəllənin 445-1-ci maddəsində “nəzarət orqanı” və “satınalan təşkilat” dedikdə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan nəzarət orqanı (Azərbaycan Respublikasında satınalma sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)) və satınalan təşkilatlar (satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət adından yaradılan publik hüquqi şəxslər, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və digər dövlət müəssisə və təşkilatları (idarələri)) başa düşülür. 557.2-ci maddəsinə əsasən dövlət müəssisələrində dövlət əmlakının qorunub saxlanılmasına və ondan öz təyinatı üzrə səmərəli istifadə olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə dövlət müəssisəsi və ya dövlət orqanının xüsusi hesabatının təqdim edilməməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə edilir. 558.1-ci maddəsinə əsasən daşınmaz əmlaka olan hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlakın dövlət reyestrinə təqdim edilmiş şübhə doğuran sənədlərə dair daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanının digər dövlət orqanlarına ünvanlanan sorğularına vaxtında cavab verilməməsinə görə - vəzifəli şəxslər xəbərdarlıq edilir və ya iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. 602-1.3-cü maddəsinə əsasən dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə əldə edilməsi mümkün olan sənədlərin lisenziya və icazə verən orqan tərəfindən ərizəçidən tələb olunmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 602-1.4-cü maddəsinə əsasən lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi üçün qanunvericiliyə uyğun olaraq, aidiyyəti dövlət orqan və müəssisələrinin tələb olunan rəyinin (razılığının) və verməli olduqları sənədlərin (icazələrin, aktların və s.) alınması üçün lisenziya və icazə verən orqan tərəfindən tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 602-1.5-ci maddəsinə əsasən lisenziya və icazə verən orqanın müraciəti ilə bağlı aidiyyəti dövlət orqan və müəssisələri tərəfindən mənfi rəyin, habelə razılığın verilməsindən imtinanın “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əsaslandırılmamasına görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

6. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 99-4.1-ci maddəsinə əsasən hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək, hüquqi şəxsin adından qərarlar qəbul etmək, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, habelə bu şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir. 99-4.4-cü maddəsinə əsasən dövlət, bələdiyyələr, həmçinin beynəlxalq təşkilatlar barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz.

7. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin” Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəbəqədər və ümumi təhsil sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən, Nazirliyin strukturuna daxil olan qurumdur.

Vİ. Əsaslandırıcı hissə:

8. İlk növbədə inzibati xəta ilə cinayət əməlinin, eləcə də bu münasibətləri tənzimləyən qanunvericilik aktlarının qarşılıqlı müqayisə və təhlil edilməsi zəruri hesab edilərək diqqətə çatdırılır ki, cinayət və inzibati xəta hüquqazidd əməllər olmaqla, birbirindən ictimai təhlükəlilik dərəcəsinə, hüquqi nəticələrinə və tətbiq olunan məsuliyyət növünə görə fərqlənir.

9. Təsadüfi deyildir ki, bəzi hüquqazidd əməllər cinayət məsuliyyətinə səbəb olmadıqda inzibati xəta hesab edilir. (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan az miqdarda əldə edilməsi İXM-in 206-cı maddəsi ilə inzibati xəta, xeyli miqdarda əldə edilməsi isə CM-in 234.1-ci maddəsi ilə cinayət sayılır.)

10. Göstərilənlər oxşar ictimai münasibətlərin Cinayət və İnzibati Xətalar Məcəllələri ilə tənzimləndiyini və qorunduğunu təsdiq edir.

11. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin inzibati məsuliyyətin subyekti olmaları müəyyən olunsa da, dövlət orqanları, bələdiyyələr, habelə beynəlxalq təşkilatlar barəsində inzibati tənbeh tətbiq edilməsinin mümkünlüyü və ya qeyri-mümkünlüyü barədə qanunda heç bir norma təsbit edilməmişdir.

12. Bundan fərqli olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin imperativ xarakter daşıyan 99-4.4-cü maddəsində göstərilmişdir ki, dövlət, bələdiyyələr və beynəlxalq təşkilatlar barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz.

13. Qərarın 7-ci bəndindən göründüyü kimi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məktəbəqədər və ümumi təhsil sahələrində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən, Nazirliyin strukturuna daxil olan qurumdur, başqa sözlə, dövlət orqanıdır.

14. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi, habelə, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunmasının mümkünsüzlüyü “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.2 və 13.5-ci maddələrində nəzərdə tutulmuşdur.

15. Cinayət Məcəlləsinin 99-4.4-cü maddəsinin qanunun anologiyası üzrə tətbiq edilməsində 14-cü bənddə göstərilən məhdudiyyətlərin olmadığı nəzərə alınaraq hesab edilir ki, əksinə bu maddənin tətbiqi hazırkı iş üzrə səlahiyyətli orqan tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış dövlət qurumunu inzibati xətanın subyekti kimi istisna edir və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini şərtləndirir.

16. Bu hüquqi yanaşma ilə bağlı həmçinin qərarın 5-ci bəndinin 2-11-ci abzaslarında göstərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş bir sıra inzibati xətaların (393-1.2, 440-1.3, 445-1.8, 445- 1.9, 445-1.10, 557.2, 558.1, 602-1.3, 602-1.4, 602-1.5) dispozisiya və sanksiyalarına diqqət yetirilməsi zəruridir.

17. Göründüyü kimi həmin maddələrin dispozisiyaları dövlət orqanı və ya bələdiyyələr tərəfindən inzibati xətaya səbəb olan hərəkət və ya hərəkətsizliyin edilməsini özündə ehtiva etdiyi halda, qanunvericilik sanksiyada yalnız vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir.

18. Məhz qanunverici orqan tərəfindən məqsədli şəkildə qeyd olunan maddələrin sanksiyasında hüquqi şəxslər barəsində inzibati tənbeh müəyyən edilməyərək dövlət orqanı və bələdiyyələrin inzibati məsuliyyətə cəlb edilə bilən subyektlər sırasında olması istisna edilmişdir.

19. Həm qərarın 16-18-ci bəndlərində göstərilən hüquqi yanaşmaya, həm də Cinayət Məcəlləsinin 99-4.4-cü maddəsinin qanunun analogiyası üzrə tətbiqi ilə bağlı şərhlərə əsaslanaraq nəticəyə gəlinir ki, dövlət orqanı inzibati xətanın və inzibati məsuliyyətin subyekti hesab edilməməlidir.

Vİİ. Nəticəvi hissə:

20. Hesab edilir ki, səlahiyyətli orqan tərəfindən dövlət qurumu barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması qanunsuz və əsassız olmuşdur.

21. Bu səbəbdən, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43.1, 53.1.2, 109.2 və 128-130-cu maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar