Məhkəmə qərarları › İş №3(5-97)-380/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-380/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-380/2026 04.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş X8 İdarəsinin nümayəndəsi X2 , Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 08:50 radələrində avtomobillərin sıx hərəkəti şəraitində Ceyhun Hacıbəyli küçəsindən Təbriz küçəsinə sola dönmə əməliyyatını icra etmək məqsədilə nəqliyyat vasitəsinin hərəkəti tam şəkildə saxlanılmış, həm soldan, həm də sağdan gələn nəqliyyat vasitələrinin hərəkəti müşahidə edilmişdir. Soldan gələn motosiklet və onun arxasındakı avtomobil dayanaraq nəqliyyat vasitəsinə yol vermişdir. Eyni zamanda hadisə yerində X8 avtomobilinin müşahidə aparması nəzərə alınaraq, hər hansı mübahisənin yaranmaması məqsədilə dönüş icra edilməmiş, əksinə, əl işarəsi ilə həmin nəqliyyat vasitələrinə hərəkəti davam etdirmələri bildirilmişdir. Yol vəziyyətinin tam təhlükəsiz olduğu müəyyən edildikdən sonra sola dönmə əməliyyatı həyata keçirilmişdir.Buna baxmayaraq, DYP əməkdaşı tərəfindən nəqliyyat vasitəsi saxlanılmış, guya soldan gələn nəqliyyat axınına yol verilmədiyi bildirilməklə İXP ******* saylı protokol tərtib edilmişdir. Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən soldan və sağdan gələn nəqliyyat vasitələrinin hərəkəti müşahidə edilmiş, bu hal avtomobildə quraşdırılmış video-registrator vasitəsilə tam şəkildə qeydə alınmışdır. Hadisə baş verən ərazidə müşahidə kameraları mövcuddur və həmin kameraların görüntüləri faktiki vəziyyəti obyektiv şəkildə təsdiq edə bilər. Sürücünün hərəkətləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.2-ci maddələrinin tərkibini yaratmır, belə ki: nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradılmamışdır; yol hərəkəti iştirakçıları üçün təhlükə törədilməmişdir; üstünlük nişanının tələblərinə əməl edilmişdir. Hadisə yerində “2.5 – Dayanmadan keçmək qadağandır” yol nişanı mövcud olmuş və sürücü tərəfindən həmin nişanın tələblərinə tam şəkildə əməl edilmişdir. Qərar obyektiv sübutlar araşdırılmadan, yalnız subyektiv rəyə əsasən qəbul edilmişdir ki, bu da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 10 və 12-ci maddələrinin tələblərinə ziddir. Məhkəmə iclasında X4 şikayətə uyğun çıxış edərək barəsində tərtib olunmuş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş X8 İdarəsinin nümayəndəsi X5 çıxış edərək bildirmişdir ki, qərardan şikayət əsassızdır. Şəxsin yol hərəkəti qaydalarını pozması video görüntülərlə sübuta yetirilir. Video görüntünü məhkəməyə təqdim edərək, şikayətin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X4 “GEELY MONJARO HİBRİD” minik markalı **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X4 İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsinin əməkdaşı tərəfindən təqdim edilmiş DVD disk görüntüsündən aydın olur ki, X1 idarə etdiyi “GEELY MONJARO HİBRİD” minik markalı **-LL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ünvan 1 ünvanında yol ayrıcını keçmə qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında”Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X3 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Məhkəmədə tədqiq edilən video-görüntü və foto-şəkildən də aydın olur ki, X1 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar