Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-384/2026 26.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Əliyeva Tahirə Cəlil qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Nərimanov rayon İcra şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs – X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, subay, ünvan 1 ünvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-1-ci maddəsi ilə 26 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3855/2025 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən yaranmış 15000 manat borcun ödəməsi təklif olunmuş, lakin borclu ödəniş etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə Azərbaycan Respublikası İXM-in 528.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş icra məmuru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3855/2025 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən 23000 manat məbləğində pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 25,10 manat iddiaçı X1 xeyrinə ödənməli olduğu halda Şəxs icra sənədi üzrə borcu tam ödəməmiş, hazırda 15000 manat borcu qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Hazırki borcu üzrə bu gün 500 manat da ödəniş etmişdir. Bu şəxsin digər icra sənədinə əsasən aliment öhdəliyi də mövcuddur və icra işi başqa icra məmurunun icraatındadır. Aliment ödənişi aylıq 440 manat müəyyən edilmiş, şəxs bu öhdəliyi vaxtıvaxtında icra edir, hazırda aliment öhdəliyi üzrə heç bir borcu yoxdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, ödənişin edilməməsində heç bir qərəzi yoxdur. Bu gün də 500 manat məbləğində pulu tələbkara ödəmişdir. Qarabağda aparılan tikinti işlərində usta işləyir. Aylıq əmək haqqı aldıqca həm 440 manat məbləğində aylıq ödənişini, həm də tələbkarla şifahi razılığı üzrə aylıq 500 manat ödəniş etmişdir. Bu gün də tələbkara 500 manat ödəyib, hazırkı vaxtda 15000 manat borcu qalmışdır. Həmin məbləğdə pulu birdəfəlik ödəmək üçün maddi imkanı yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində inzibati tənbeh tətbiq edildikdən sonra 2025-ci ilin iyul, avqust, sentyabr, noyabr və 2026-cı ilin yanvar ayında aylıq 500 manat ödəniş etmişdir. Sadəcə 2025-ci ilin oktyabr və dekabr aylarında əmək haqqı az miqdarda alması və digər aliment öhdəliyini icra etməsi səbəbindən maddi imkanı olmadığı üçün ödəniş edə bilməmişdir. Fevral ayının əvvəlində də iş yerindən pul götürüb 500 manat yenə ödəyəcəkdir. Bu icra işindən başqa aylıq 440 manat aliment ödəyir və borcu yoxdur. Qeyd olunanları nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, borclu Şəxs onun keçmiş qohumudur. Hazırkı vaxta 15000 manat borcu vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından sonra aylıq 500 manat məbləğində ödəniş etsə də, bəzi aylarda ödəniş etməmişdir. Ona görə də barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3855/2025 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 23000 manat məbləğində pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 25,10 manat iddiaçı X1 xeyrinə tutulmalıdır. “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3855/2025 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2227/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati xəta haqqında iş üzrə icraat materialında olan sənədləri nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, borclu tərəfindən məhkəmə qətnaməsinin hazırkı vaxtadək icra edilməməsi və ya icra etməkdən üzrsüz səbəbdən qəsdən boyun qaçırması halları müəyyən olunmamışdır. Tərəflərin izahatlarına əsasən müəyyən olunur ki, Şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından sonrakı müddətdə hazırkı vaxtadək icra sənədi üzrə hər ay müntəzəm şəkildə X2 500 manat ödəniş etmiş, 2025-ci ilin oktyabr və dekabr ayları üzrə ödəniş edə bilməməsini əmək haqqı az miqdarda alması və digər aliment öhdəliyini icra etməsi səbəbindən maddi imkanının aşağı olması ilə əlaqələndirmişdir. Məhkəmə Şəxs borc öhdəliyini birdəfəlik icra etmək iqtidarında olmasını təsdiq edən sübutların səlahiyyətli orqan tərəfindən məhkəməyə təqdim edilməməsi, bu şəxsin həmçinin digər icra sənədi üzrə 440 manat məbləğində aylıq aliment ödənişini vaxtıvaxtında icra etməsini nəzərə alaraq hesab edir ki, onun icra vərəqəsi üzrə müəyyən edilmiş borc məbləğinin ödənilməsindən qərəzli formada və qəsdən yayınması işin faktiki halları və dəlilləri ilə müəyyən edilmir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan və borclu Şəxs tərəfindən icra sənədinin üzrlü səbəblərdən icra edilməməsi halı mövcud olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(5-97)-384/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-384/2026
26.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver