Məhkəmə qərarları › İş №3(5-97)-391/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-391/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-391/2026 11.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tabeliyində Uşaqların Müdafiəsi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü və 469-1-ci maddələri ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 yanvar 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə tərtib olunmuş protokolun əsassız olmasını bildirərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi dövlət orqanı hesab olunduğu üçün inzibati xətanın subyekti qismində çıxış edə bilməz. Belə bir protokolun tərtib olunması dövət idarəetməsinin mahiyyətinə və inzibati məsuliyyətin məqsədlərinə zidd olan bir hüquqi yanaşmadır. Həmçinin İdarə tərəfindən işçilərin bütün sığortaları edilmiş və sənədlərini təqdim etmişlər. Bu halların nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X6 inzibati xəta haqqında protokolu müdafiə edərək hüquqi şəxsin barəsində müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin 08 dekabr 2025-ci il tarixli 3-17-5/2-113347/2025 saylı məktubdan görünür ki, işçiniz X1 xx.xx.2025-ci il tarixdə səhhətinin pozulması ilə bağlı "Respublika Təcili və X3 Mərkəzi" PHŞ-nin xx.xx.2025-ci il tarixli məlumatı əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsində araşdırma aparılır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları"nın 1.2-ci bəndində nəzərdə tutulan hallarda işçilərin səhhətinin pozulması təhqiq edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin (əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir) tələblərinə müvafiq olaraq baş vermiş hadisəyə münasibət bildirilməsi və vətəndaş X2 aid aşağıdakı sənədlərin 7 (yeddi) gün ərzində Dövlət Əmək küçəsi 107) təqdim edilməsi xahiş olunur. Tələb olunan məlumat və sənədlərin siyahısı: İs vaxtının ucotu cədvəlindən çıxarış (2025-ci ilin dekabr ayı üzrə): Əmək müqaviləsinin surəti; Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına dair keçirilən təlimatlar haqqında sənədlərdən çıxarışlar; İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsindən çıxarış; Həmçinin, zərərçəkənin və hadisə şahidlərinin Bakı şəhəri üzrə hər hansı "DOST” Mərkəzlərindən birinə və ya X5 Xidmətinin regional şöbələrinə gələrək məsələ ilə bağlı münasibət bildirmələrini təmin etməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, tərəfinizdən müraciət ilə əlaqədar tələb olunan aidiyyəti məlumatlar (sənədlər) X5 Xidmətinə təqdim edilməyəcəyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3 maddəsinə əsasən (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə) tərəfimizdən müvafiq qaydada inzibati məsuliyyətə cəlb ediləcəksiniz. Məhkəməyə təqdim edilən "xxxx" ASC tərəfindən Uşaqların Müdafiəsi İdarəsinə təqdim edilmiş məktubdan aydın olur ki, İdarə ilə sığorta şirkəti arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqviləsi mövcuddur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən barəsində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.2.-ci maddəsinə əsasən, Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir . 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nın 539.3-cü maddəsinə əsasən, Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43-cü maddəsində hüquqi şəxsin anlayışına əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43-cü maddəsinə əsasən, Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. Məhkəmə tərəfindən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş qurum təşkilati-hüquqi baxımdan müstəqil subyekt deyil. Həmin qurum mərkəzi icra hakimiyyəti orqanının strukturuna daxil olan, dövlət siyasətinin icrasında və nəzarət funksiyalarının həyata keçirilməsində iştirak edən inzibati vahid kimi fəaliyyət göstərir. Bu hüquqi status onu birbaşa dövlət orqanı kimi xarakterizə edir. Belə hüquqi mövqedən çıxış edərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tabeliyində Uşaqların Müdafiəsi İdarəsinin inzibati məsuliyyətə cəlb edilməsi üçün qanunvericilikdə ayrıca müddəa nəzərdə tutulmadığından, onun barəsində inzibati xəta haqqında protokolun tərtibi hüquqi baxımdan əsaslı hesab edilə bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş qurum inzibati xətanın subyekti olmadığından, barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Tabeliyində Uşaqların Müdafiəsi İdarəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.3-cü və 469-1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar