Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-409/2026 10.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, Bakı şəhər BDYPİ nümayəndəsi - Nümayəndə, Qərardan şikayət verən şəxs X2 iştirakları ilə X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsində qeyd edilmişdir ki, xx.xx.2026-cı il tarixdə ** CN *** dövlət qeydiyyat nişanlı “Hyundai Akcent” markalı avtomobil ilə hərəkətdə olan zaman Ziya Bünyadov prospekti ilə üzü Nərimanov rayonu istiqamətində onu YPX əməkdaşı saxlayaraq arxa stop lampasının birinin işləmədiyini bildirmiş, ona arxanı görmədiyi üçün lampanın xarab olduğundan xəbəri olmadığını, maşında təzə lampa olduğunu və dəyişəcəyini, yerində aradan qaldıracağını bildirsə də, YPX əməkdaşı onun lampanı dəyişməyini gözləməli olmadığını bildirərək protokol tərtib etmişdir. Bu səbəbdən şikayətin təmin edilməsini və qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, hadisə günü avtomobilində əlavə lampa olduğunu və həmin vaxt dəyişmək istəsə də, YPX əməkdaşının onu gözləmədiyini bildirmişdir. Məhkəmənin əvvəlki iclasında DYP əməkdaşının onunla razılaşmamasını əks etdirən videogörüntülər olduğunu bildirsə də, son məhkəmə iclasında mövcud olmadığını, onun təqsirli olduğunu sübut etməli olan şəxsin DYP əməkdaşı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən inzibati qərar qəbul edən qurumun nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, sürücünün həmin günü nəqliyyat vasitəsində lampa olmasını bildirməsi real deyildir. Bundan əlavə, hər bir sürücü hərəkətə başlamazdan əvvəl xarici işıq cihazlarını yoxlamalı, hər hansı nasazlığı müəyyən etməlidir. Sürücü əvvəllər də bu kimi halların baş verdiyi etiraf etsə də, həmin problemi həll etməməsi, onun məsələyə laqeyd yanaşdığını göstərir. Bu səbəbdən şikayətin təmin edilməməsini xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı qərardan görünür ki, xx.xx.2026-cı il tarixli, İXP ******* saylı protokol əsasında X3 “Hyundai Accent” minik markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 50 manat məbləğində cərimə edilmişdir. Xətanın törədilmə xx.xx.2026-cı il saat 20:20 kimi qeyd edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 342.5-ci maddəsinə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət ərizəsini, tərəflərin izahatlarını və iş materiallarını hərtərəfli, tam və obyektiv şəkildə tədqiq edərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi ilə təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədikdə, o, təqsirsiz hesab edilir və sübutetmə vəzifəsi (onus probandi) inzibati orqanın üzərinə düşür. Bununla yanaşı, bu prinsip sürücünün "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş vəzifələrini istisna etmir. Həmin Qanunun 37-ci maddəsinin İ hissəsinin 3-cü bəndinə görə, sürücü yola düşməzdən qabaq nəqliyyat vasitəsinin texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməlidir. Bu norma sürücünün üzərinə nəqliyyat vasitəsinin, o cümlədən onun xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına daimi nəzarət etmək kimi pozitiv bir öhdəlik qoyur. X1 barəsində İXM-nin 342.5-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Həmin maddənin dispozisiyası, xarici işıq cihazları nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə məsuliyyət müəyyən edir. Şikayətçi iddia edir ki, nasazlığı yerində aradan qaldırmaq mümkün idi, lakin yol polisi əməkdaşı buna imkan verməmişdir. İlk növbədə məhkəmə qeyd edir ki, sürücünün ilkin vəzifəsi nəqliyyat vasitəsinin saz vəziyyətdə yola çıxmasını təmin etməkdir. Şikayətçinin izahatından və işin hallarından görünür ki, o, bu vəzifəni lazımınca yerinə yetirməmiş və nasaz işıq cihazı ilə nəqliyyat vasitəsini idarə etmişdir. Bu, özlüyündə yol hərəkəti təhlükəsizliyi üçün risk yaradan bir haldır və sürücünün məsuliyyətini istisna etmir. İkincisi, İXM-nin 342.5-ci maddəsindəki "aradan qaldırılması mümkün olmayan" şərti, qanunvericinin kiçik nasazlıqların dərhal aradan qaldırılmasına imkan yaratmaq niyyətini əks etdirsə də, bu imkanın mövcudluğunu sübut etmə yükü, təqsirsizlik prezumpsiyasının ümumi prinsiplərinə baxmayaraq, xətanın spesifik xarakterindən irəli gələrək, müəyyən dərəcədə məsuliyyətə cəlb olunan şəxsin üzərinə düşür. Belə ki, nasazlığın aradan qaldırılmasının mümkün olub-olmamasını, yəni ehtiyat lampasının mövcudluğunu və onu dəyişdirmək bacarığını obyektiv olaraq yalnız sürücü nümayiş etdirə bilər. İnzibati orqandan hər bir sürücünün avtomobilində ehtiyat hissəsinin olub-olmamasını və ya sürücünün təmir bacarığını yoxlamaq kimi qeyri-mütənasib bir sübutetmə yükü tələb etmək məhkəmə tərəfindən əsaslı hesab edilmir. Əks təqdirdə, istənilən sürücü bu cür nasazlıqla saxlanıldıqda subyektiv bir iddia irəli sürərək məsuliyyətdən yayına bilərdi ki, bu da qanunun məqsədlərinə zidd olardı. Şikayətçi məhkəmədə nasazlığı yerində aradan qaldırmaq imkanının olduğunu (məsələn, avtomobildə ehtiyat lampasının mövcudluğunu təsdiq edən hər hansı bir dəlil, şahid və s.) sübut edəcək heç bir mötəbər sübut təqdim etməmişdir. Onun YPX əməkdaşının razılaşmamasını əks etdirən videogörüntünün mövcudluğunu iddia etməsi, lakin sonradan belə bir sübutun olmadığını bildirməsi onun mövqeyinin ardıcıl olmadığını göstərir. Sürücünün əvvəllər də bu cür problemlərlə üzləşməsi, tez-tez bu hadisənin yaşandığını bildirməsi sürücünün nəqliyyat vasitəsinin texniki vəziyyətinə laqeyd yanaşdığını göstərən dolayı sübut kimi qiymətləndirilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xətanın tərkibinin birinci elementi – xarici işıq cihazının nasaz olması faktı mübahisəsizdir və sürücü tərəfindən etiraf edilir. İkinci element – nasazlığın aradan qaldırılmasının mümkün olmaması şərti isə, şikayətçi tərəfindən öz iddiasını təsdiqləyən heç bir sübutun təqdim edilmədiyi şəraitdə, sürücünün “Yol hərəkəti haqqında” Qanunla müəyyən edilmiş ümumi vəzifələrini pozması kontekstində təsdiqini tapmış hesab olunur. Təqsirsizlik prezumpsiyası prinsipinin tələblərinə baxmayaraq, İXM-nin 8.3-cü maddəsində göstərilən “aradan qaldırılması mümkün olmayan şübhə” mövcud deyildir. Əksinə, sürücünün nasaz nəqliyyat vasitəsini idarə etməsi faktı təsdiqlənmişdir və onun bu nasazlığı dərhal aradan qaldıra biləcəyi iddiası sübuta yetirilməmişdir. Mübahisələndirilən xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı qərar səlahiyyətli vəzifəli şəxs tərəfindən İXM-nin tələblərinə uyğun olaraq qəbul edilmiş, tətbiq edilən cərimənin məbləği (50 manat) isə İXM-nin 342.5-ci maddəsinin sanksiyasına tam uyğundur. Şikayət vermiş şəxsin dəlilləri öz təsdiqini tapmadığından, qərarın ləğv edilməsi üçün heç bir hüquqi əsas müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134cü və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində tətbiq edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(5-97)-409/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-409/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver