Məhkəmə qərarları › İş №3(5-97)-41/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-41/2026

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-41/2026 13.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nın etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X3 tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 22 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. 22 dekabr 2025-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X7 şikayəti əsasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə 3-17-5/2-101753/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək, tələb olunan sənədləri 7 iş günü ərzində idarəyə təqdim edilməsi tələb edilsə də, son haqq-hesab və işçinin məzuniyyət ərizəsi bugünə qədər təqdim edilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X2 inzibati protokolun məzmununa uyğun izahat verərək, Şəxs MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nın etibarnamə üzrə nümayəndəsi X9 bildirmişdir ki, 4 noyabr 2025-ci il tarixli məktub onlara 21 noyabrda çatdırılmışdır. Tələb olunan sənədlərdə son haqq-hesab və məzuniyyət ərizəsi diqqətindən yayınmışdır, digər sənədləri isə dekabr ayının sonlarında təqdim etmişlər. Sənədləri göndərməmələri qəsdən olmamışdır. Sonda məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin əmək müfəttişi X3 tərəfindən tərtib edilmiş 22 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə 3-17-5/2-101753/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktub göndərilərək, tələb olunan sənədləri 7 iş günü ərzində idarəyə təqdim edilməsi tələb edilsə də, son haqq-hesab və işçinin məzuniyyət ərizəsi bugünə qədər təqdim edilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 3-17-5/2-101753/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki X12 əmək hüquqlarının pozulması barədə idarəyə şikayət ilə müraciət etmişdir. Müraciətə baxılması məqsədi ilə X6 aid sənədlərin 7 iş günü ərzində X10 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməsi xahiş edilmişdir. SS929836165AZ üçün axtarış nəticələrindən poçt göndərişlərinin izlənməsinə dair elektron sistemdən çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 3- 17-5/2-101753/2025 nömrəli,saylı məktubu rəsmi olaraq xx.xx.2025-ci il tarixdə Şəxs MMCyə çatdırılmışdır Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1- 1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə -vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilirİ Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında işin materiallarını, tərəflərin izahatlarını və təqdim edilmiş sənədləri hərtərəfli, tam və obyektiv tədqiq edərək, sübutların məcmusunu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə uyğun olaraq öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nın əməlində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi mövcuddur və onun törədilməsi tam sübuta yetirilmişdir. İş üzrə tətbiq edilən İXM-in 539.3-cü maddəsi, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsi, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsi üçün məsuliyyət müəyyən edir. Bu normanın hüquqi təhlili göstərir ki, inzibati xətanın obyektiv cəhəti bir neçə alternativ hərəkətsizlikdə təzahür edə bilər: məlumatın ümumiyyətlə təqdim edilməməsi, natamam təqdim edilməsi, yanlış məlumatların təqdim edilməsi və ya qanunla müəyyən edilmiş müddətdən sonra təqdim edilməsi. Hazırkı işin hallarında, X10 Xidmətinin sorğusuna cavab olaraq sənədlərin natamam təqdim edilməsi faktı, xətanın obyektiv cəhətini məhz “natamam təqdim edilməsi” elementləri ilə tam əhatə edir. Məhkəmə müəyyən edir ki, Xidmətin Şəxs MMC-dən məlumat tələb etməsi tam qanuni əsaslara söykənir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsi birbaşa müəyyən edir ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan, fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini tələb etmək hüququna malikdir. Vətəndaş şikayəti əsasında araşdırma aparılması Xidmətin qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində olduğundan, onun 3- 17-5/2-101753/2025 nömrəli, xx.xx.2025-ci il tarixli sorğusu hüquqi şəxs üçün icrası məcburi olan qanuni tələb statusuna malikdir. Qeyd edilən məktub xx.xx.2025-ci il tarixdə hüquqi şəxsə rəsmi olaraq çatdırılmışdır və bu sənədin çatdırılması hüquqi şəxs tərəfindən də təkzib edilməmişdir. Lakin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsə sorğu daxil olmasına baxmayaraq, tam şəkildə icra edilməmişdir. Müdafiə tərəfinin sənədlərin diqqət yayınmasını və qanunvericilikdə səndələrin natamam təqdim edilməsinin inzibati məsuliyyətə səbəb olmasının bilməməsinə istinad etməsi hüquqi cəhətdən əsassızdı və özünü müdafiə xarakteri daşıyır. Belə ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın fəaliyyət istiqamətlərinə uyğun olaraq zəruri olan məlumatların tam təqdim edilməsini işəgötürən təmin etməli idi. Lakin hüquqi şəxs tərəfindən sənədlər təqdim edilsə də, müfəttişliyə göndərilən sənədlərin siyahısında sorğuda tələb olunan sənədlərin tam göndərilmədiyi müəyyən edilmişdir. İşin hallarının məcmusu göstərir ki, Şəxs MMC hüquqi şəxs kimi fəaliyyət göstərən subyekt olaraq, özünə ünvanlanmış rəsmi sənədlərin qəbulunu və onlara vaxtında cavab verilməsini təmin etməli idi. Bu vəzifənin yerinə yetirilməməsi onun təqsirini sübut edir. Belə ki, hüquqi şəxsin rəhbərliyi öz fəaliyyətini təşkil edərkən lazımi diqqət və ehtiyatlılığı göstərməmiş, nəticədə dövlət orqanının qanuni tələbi icrasız qalmışdır. Yuxarıda göstərilən hüquqi və faktiki təhlillərin yekunu olaraq məhkəmə bu qənaətə gəlir ki, Şəxs MMC-nın əməlində İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın bütün tərkib elementləri mövcuddur və tam sübuta yetirilmişdir. Bununla yanaşı, məhkəmə, ümumi hüquqi mövqeyini ifadə edərək, inzibati tənbehlərin şərti tətbiqi ilə bağlı bəzi məsələlərə toxunmağı zəruri bilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsi ilə müəyyən edilmiş inzibati cərimənin şərti olaraq tətbiq edilməsi institutu öz hüquqi mahiyyətinə və tətbiqi mexanizminə görə sırf inzibati orqanların fəaliyyəti üçün nəzərdə tutulmuşdur. Belə ki, Məcəllənin 116.1-ci maddəsinin dispozisiyasında aydın şəkildə göstərilir ki, "...səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır". Qanunverici, Məcəllənin 40-cı maddəsində inzibati xətalara baxan subyektləri dəqiq fərqləndirərək "hakim" və "səlahiyyətli orqan (vəzifəli şəxs)" anlayışlarını ayrı-ayrılıqda təsbit etmişdir. Bir çox maddələrdə (məsələn, 111.2, 119.1, 130.2, 132.1, 135.1.3 və s.) bu subyektlər birgə sadalandığı halda, 116-cı maddədə "hakim" anlayışının istifadə edilməməsi qanunvericinin şüurlu seçimidir və bu normanın məhkəmələrə şamil edilmədiyini göstərir. Şərti tənbehin icrası proseduru, yəni Məcəllənin 116.4-cü maddəsi ilə müəyyən edilmiş hüquqpozmanın aradan qaldırılmasının yoxlanılması, inzibati nəzarət və icra funksiyalarını ehtiva edir ki, bu da məhkəmə hakimiyyətinin konstitusion təyinatına və fəaliyyət xarakterinə uyğun deyildir. Hakimin vəzifəsi işə baxaraq yekun akt qəbul etməklə hüquqi mübahisəni həll etməkdir, qəbul edilmiş qərarın icrası ilə bağlı sonrakı yoxlama və nəzarət tədbirlərinin həyata keçirilməsi isə icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. Məhkəmənin bu prosesə cəlb olunması hakimiyyətlərin bölgüsü prinsipinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbehin (müəyyən edilmiş istisnalarla) məhz hakim tərəfindən tətbiq edilməsi, işin inzibati icraatdan məhkəmə icraatına keçməsini və fərqli prosessual qaydaların tətbiqini şərtləndirir. Səlahiyyətli orqanın öz icraatında tətbiq edə biləcəyi spesifik inzibati təsir mexanizmi olan cərimənin şərti tətbiqi institutu, iş məhkəmə aidiyyətinə verildikdə avtomatik olaraq məhkəmənin səlahiyyətinə daxil olmur. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin Məcəllənin 116.1-ci maddəsindəki siyahıda yer alması, bu xətaya yalnız səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən baxıldığı təqdirdə şərti cərimənin tətbiqinin mümkünlüyünü nəzərdə tutur. İşə hakim tərəfindən baxıldığı hallarda isə, tənbeh növü ümumi qaydada, Məcəllənin 31-ci maddəsinin prinsipləri əsasında, lakin 116-cı maddənin xüsusi proseduru tətbiq edilmədən təyin olunmalıdır. Qeyd olunur ki, hüquqi şəxsin məsuliyyəti birbaşa onun vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) asılıdır. Hüquqi şəxsin vəzifəli şəxsi barəsində tətbiq edilmiş inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərarda müəyyən edilmiş müddət ərzində hüquqpozuntusunun aradan qaldırılmaması, artıq hüquqi şəxsin də məsuliyyətini zəruri edən hal kimi çıxış edir. Məhkəmə, İXM-in 31.3-cü maddəsinin tələblərini rəhbər tutaraq inzibati tənbeh tədbirini təyin edərkən, bir tərəfdən, hüquqi şəxsin faktiki olaraq fəaliyyətsiz olması barədə nümayəndənin izahatını nəzərə alır, digər tərəfdən isə dövlət orqanının qanuni fəaliyyətinə maneçilik törədilməsinin ictimai təhlükəliliyini və bu cür halların yolverilməzliyini qiymətləndirir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədiyindən, məhkəmə hüquqi şəxs barəsində İXM-in 539.3-cü maddəsinin sanksiyası çərçivəsində cərimə tətbiq edilməsini ədalətli, qanunauyğun və mütənasib hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 2.000 (iki min) manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar