Məhkəmə qərarları › İş №3(5-97)-415/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-415/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-415/2026 10.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2026-cı il 15:00-da ünvan 1 ünvanında yerləşən Şəxs MMC tərəfindən ƏLTMM daxili nəzarət proqramı tətbiq edilməmiş, məsul şəxs təyin olunmamış, bu barədə MMX və DVX-ya məlumat verilməmiş, DVX tərəfindən göndərilən sorğulara cavab verilməmiş, tələb olunan məlumat və sənədlər saxlanılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə icasında iştirak edən səlahiyyətli orqanın nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək hüquqi şəxs Şəxs MMC-nin barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X3 çıxış edərək bildirmişdir ki, Şəxs MMC-nin məsul şəxs barədə maliyyə monitorinqi xidmətində qeydiyyata alınmamasının və sorğulara cavab verilməməsində hüquqi şəxs təqsirlidir. Gələcəkdə bu kimi pozuntulara yol verilməməsi üçün daha diqqətli olacaqlar. Odur ki, hüquqi şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Nəzarət olunan subyektin səyyar yoxlanılmasına dair” xx.xx.2026-cı il tarixli, **********254100 nömrəli aktdan görünür ki, Şəxs tərəfindən məsul şəxs təyin edilməsi barədə qərarın surəti Maliyyə Monitorinqi Xidmətinə təqdim olunmamışdır. “Vergi yoxlamasının keçirilməsi” haqqında sənədlərdən görünür ki, Şəxs MMC tərəfindən ƏLTMM Daxili nəzarət proqramı tətbiq edilməmişdir. Məsul şəxsin təyin edilməsi barədə MMX-ya məlumat verilməmişdir. Dövlət Vergi Xidməti tərəfindən göndərilən sorğulara cavab verilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” xx.xx.2025ci il tarixli, KY252476613 nömrəli çıxarışdan görünür ki, MMC tərəfindən xx.xx.2022 xx.xx.2025-ci Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən səyyar vergi yoxlamasının aparılmasına dair illik plana əsasən növbədənkənar yoxlamanın aparılması qərara alınmış və aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmışdır. “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi” haqqında **********201483 nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin dövlət vergi müfəttişi X4 tərəfindən xx.xx.2026-cı il tarixli qərarda göstərilən sənədlər və əşyalar götürülmüşdür. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 25.4-cü maddəsinə əsasən inzibati xətaya görə hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 598.1-ci maddəsinə əsasən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına, yəni: 598.1.1. maliyyə institutları tərəfindən müştəri uyğunluğu tədbirlərinə, məlumat və sənədlərin saxlanılmasına və üçüncü şəxslərə güvənməyə dair tələblərə riayət olunmamasına, hər bir müştəriyə və əməliyyata görə; 598.1.2. maliyyə institutları tərəfindən daxili nəzarət proqramının tətbiq edilməməsinə, yaxud tam tətbiq edilməməsinə görə; 598.1.3. maliyyə monitorinqi orqanının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində verdiyi yazılı göstərişlərin maliyyə institutları tərəfindən vaxtında və ya tam icra edilməməsinə, hər bir yazılı göstərişə görə; 598.1.4. maliyyə institutları tərəfindən nəzarət orqanlarının fəaliyyətinə maneələrin yaradılmasına, o cümlədən sorğulara cavab verilməməsinə, tələb olunan məlumat və sənədlərin təqdim edilməməsinə, yanlış məlumat və sənədlərin verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 598.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə; 598.1.5. maliyyə institutları tərəfindən siyasi nüfuzlu şəxslər ilə bağlı tələblərə əməl edilməməsinə, hər bir siyasi nüfuzlu şəxsə və əməliyyata görə; 598.1.6. maliyyə institutları tərəfindən yeni texnologiyaların tətbiq edilməsinə dair tələblərin pozulmasına görə – vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 598.4-cü maddəsinə əsasən maliyyə institutları tərəfindən monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin təqdim edilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərin pozulmasına, hər bir əməliyyata görə – vəzifəli şəxslər iki min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. 598.7-ci maddəsinə əsasən bu Məcəllənin 598.1-ci və 598.4-cü maddələrində nəzərdə tutulmuş xətaların qeyri-maliyyə institutları və peşə sahibləri tərəfindən törədilməsinə görə –vəzifəli şəxslər səkkiz yüz manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa görə: - Öhdəlik daşıyan şəxslər - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləri (1.1.7-ci maddə); - Qeyri-maliyyə institutları və peşə sahibləri - rieltorlar, vəkillər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri (1.1.9-cu maddə); - Öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi, rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi, işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq və tətbiq edilməsi, işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi, mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi tədbirləri görməlidirlər (10.1-ci maddə). Məsul şəxsin vəzifələri aşağıdakılardır: öhdəlik daşıyan şəxsin fəaliyyət istiqamətinə uyğun olaraq işçilər tərəfindən Qanunun, habelə daxili qayda, prosedur və nəzarət mexanizmlərinin tələblərinə əməl edilməsinə nəzarət etmək; öhdəlik daşıyan şəxs tərəfindən həyata keçirilən əməliyyatların (əqdlərin) gündəlik monitorinqini aparmaq, davamlı müştəri uyğunluğu tədbirlərini tətbiq etmək və cari və şübhəli əməliyyatlar barədə müvafiq hesabatların hazırlanaraq Qanunun 11.4-cü maddəsində nəzərdə tutulmuş müddətlərə uyğun olaraq MMX-ya təqdim edilməsini təmin etmək; həyata keçirilmiş əməliyyatlara (əqdlərə) dair məlumat və sənədlərin təqdim olunması barədə MMX-nın sorğularının cavablandırılmasını təmin etmək; ƏL/TMM sahəsində fəaliyyət üzrə işçilərə mütəmadi - təlimlərin keçirilməsini təşkil etmək; əməliyyatın (əqdin) həyata keçirilməsinin dayandırılması ilə əlaqədar əmələ gələ biləcək problemlərin həlli istiqamətində tədbirlər görmək; ən azı hər 6 (altı) ayda bir dəfə rəhbərliyə yüksək riskli əməliyyatlar (əqdlər), öhdəlik daşıyan şəxsin ƏL/TMM risklərinə məruz qala bilinəcək potensial riskləri, müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı risklilik meyarları üzrə dəyərləndirilməsinə dair nəticələri və MMX-ya təqdim edilmiş hesabatlar barədə məlumat vermək; ƏL/TMM sahəsində işçilərin yol verdikləri qanun pozuntuları barəsində öhdəlik daşıyan şəxsin rəhbərliyini məlumatlandırmaq; ƏL/TMM sahəsi üzrə qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək (3.2.3-cü bənd); - Öhdəlik daşıyan şəxsin ümumi komplayens funksiyalarını yerinə yetirən əməkdaş (olduğu təqdirdə) tərəfindən məsul şəxsin fəaliyyəti, eyni zamanda məsul şəxs işçilər tərəfindən daxili nəzarət proqramının tələblərinə əməl edilməsi və ƏL/TMM-nin ümumi vəziyyətinə dair, daxili qayda və prosedurlarla müəyyən edilmiş müddətdə və qaydada, lakin ildə 1 dəfədən az olmayaraq öhdəlik daşıyan şəxsin rəhbərliyinə yazılı hesabat təqdim edir (3.2.4-cü bənd). Göründüyü kimi, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinə əsasən öhdəlik daşıyan şəxslərdə rəhbərlik və ya struktur bölmələrinin rəhbərliyi (olduğu təqdirdə) səviyyəsində məsul şəxs və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin təyin edilməsi və bu barədə məlumatın 3 (üç) iş günü ərzində Maliyyə Monitorinqi Xidmətinə və nəzarət orqanına verilməsi qaydası müəyyən edilmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 598.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Beləliklə, məhkəmə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "ƏDALƏT-A” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 8000 (səkkiz min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati xəta haqqında iş üzrə məsrəf yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 48-51, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 8000 (səkkiz min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar