Məhkəmə qərarları › İş №3(5-97)-419/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-419/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-419/2026 13.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası X6 Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X2 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası X6 Bakı Şəhər Reklam İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə xx.xx.2026cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 212 ünvanında xx.xx.2026-cı il saat 14:37-də Şəxs adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmə faktı aşkar edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 212 ünvanında Şəxs adlı obyektdə müvafiq icazə olmadan açıq məkanda reklam yayımı həyata keçirilmişdir. Aşkar edilmiş faktla bağlı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol əsaslı olduğundan Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X4 izahatında bildirmişdir ki, obyekti icarədar olaraq yeni qəbul etmişdir. Həmin reklam da təhvil aldığı gündən obyektdə mövcud olmuşdur. İcazə müddətinin uzadılması ilə bağlı olan bildiriş gəlməmiş, məkanın əvvəlki sahibi X7 göndərilmişdir. Ona görə də reklam yayımına görə sözügedən müddətin uzadılması üçün ödəniş etməli olduğundan məlumatı olmamışdır. İş məhkəməyə göndərildikdən sonra xəbəri olduqda dərhal ödəniş etmişdir. Göstərilənlər nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 19 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 212 ünvanında xx.xx.2026cı il tarixdə, saat 14:37-də Şəxs adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirmə faktı aşkar edilmişdir. xx.xx.2025-ci il tarixli “Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair Akt” dan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 11:50də Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 212 ünvanında Şəxs adlı obyektin üzərində müvafiq icazə olmadan 4 ədəd 7.74 m2 ölçüdə reklam daşıyıcısı aşkar edilmişdir. xx.xx.2026-cı il tarixli fotoşəkillərdən görünür ki, Şəxs adlı obyektin qarşısında 4 ədəd reklam yerləşdirilmişdir. Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Şəhər Reklam İdarəsinin xx.xx.2025-ci il tarixli 11-3-1/2-8302/2025 nömrəli göstərişindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 212 ünvanında Şəxs adlı obyektin üzərində “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozularaq müvafiq icazə olmadan açıq məkanda yerləşdirildiyi aşkar edilmiş və bu barədə xx.xx.2025-ci il tarixli akt tərtib edilmişdir. Bu səbəbdən 5 gün ərzində müvafiq yayım haqqı məbləğinin ödənilməsi tələb edilməklə, əks halda Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə Şəxs MMC-nə xəbərdarlıq edilmişdir. xx.xx.2026-cı il tarixli “Premıum Bank” vasitəsilə ödənilmiş № 007 kredit köçürülməsindən görünür ki, № M**********0001 bildirişə əsasən Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin hesabına 77.40 qəpik pul vəsaiti köçürülmüşdür. İş materiallarına əlavə edilmiş “SMS” bildirişlərindən görünür ki, X5 mobil nömrəsinə müxtəlif tarixlərdə reklam yayımına görə borcun ödənilməsinə dair eyni məzmunlu “SMS”lər göndərilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə aparılan araşdırma ilə müəyyən edilmişdir ki, şəxs (yeni icarədar) müvafiq obyekti yeni təhvil aldığından, obyektin təhvil alınması zamanı reklam yerləşdirilməsi ilə əlaqədar hər ay reklam agentliyinə ödəniş edilməli olması barədə ona hər hansı yazılı məlumat verilməsi sübuta yetirilmir. Əksinə həmin ödəniş öhdəliyi ilə bağlı bildirişlərin obyektin əvvəlki icarədarına ünvanlandığı müəyyən edilmişdir. Bu səbəbdən yeni icarədar qeyd olunan öhdəlikdən faktiki olaraq xəbərdar olmamış və ödənişlərin həyata keçirilməməsi onun iradəsindən və ya qəsdindən irəli gəlməmişdir. Sözügedən hal məlumatlandırma prosedurunun düzgün həyata keçirilməməsi ilə bağlı olmuşdur. Yeni icarədar ödəniş öhdəliyinin mövcudluğundan xəbər tutduqdan sonra reklam yayımının sənədləşdirilməsi və ödənişinin edilməsi ilə bağlı qanunla müəyyən edilmiş qaydada hərəkətləri yerinə yetirmişdir. Göründüyü kimi R.Hüseynovun Azərbaycan Respublikası X6 Bakı Şəhər Reklam İdarəsinin xx.xx.2025-ci il tarixli 11-3-1/2-8302/2025 nömrəli göstərişində qeyd olunan pozuntunu vaxtında aradan qaldıra bilməməsinin səbəbi bundan xəbərsiz olması ilə bağlı olmuşdur. Ona görə də hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 428.7.1-ci maddəsinə əsasən açıq məkanda reklam haqqında qanunvericiliyin pozulmasına, yəni müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Reklam haqqında Azərbaycan Respublikası Qanununun: 26.2-ci maddəsinə əsasən açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin üç ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə özündə, həmçinin reklama dair texniki şərtləri, açıq məkanda reklam yayımına görə haqqın və bu Qanunun 26.2-2.2-ci maddəsində nəzərdə tutulmuş məbləğin ödənilməsi ilə bağlı məsələləri əks etdirir. 26.2-3-cü maddəsinə əsasən reklam yayıcısı açıq məkanda reklam yayımına görə bu Qanunun 35.3-cü maddəsinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma haqq ödəyir. 35.3-cü maddəsinə əsasən açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci cümləsinin tələbi nəzərə alınmaqla, açıq məkanda reklam yayımına görə haqqın ödənilməsi ilə bağlı məsələlər hər bir reklam yayıcısına bu Qanunun 26.2-ci maddəsinə uyğun olaraq verilən icazədə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən icazə verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi məbləğdə dövlət rüsumu müvafiq qurumun verdiyi bildiriş alındığı tarixdən 5 iş günü ərzində reklam yayıcısı tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd müvafiq quruma təqdim olunur. Fərmanın 2.10-cu bəndinə əsasən dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənədi reklam yayıcısı müvafiq quruma təqdim etdikdən sonra 2 iş günündən gec olmayaraq icazə reklam yayıcısına verilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. İcazənin formasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir. Fərmanın 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, İXM-ə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. Beləliklə, hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 428.7.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə təqsirliliyin sübuta yetirilməməsi əsası ilə Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar