Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-43/2026 21.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X19 oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MTK-nın nümayəndəsi - fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən başlanılmış inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan və Azər Manafov küçələrinin əhatə etdiyi ərazidə yerləşən tikinti obyektində xx.xx.2025-ci il saat 11:00-da işçi X13 və X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Nəticədə Şəxs MTK tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X14 protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli qərarı ilə "xxxx" MMC barəsində plandan kənar yoxlamanın (monitorinqin) keçirilməsi qərara alınmış və qeyd olunan yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat” reyestrində qeydiyyatdan keçmişdir. Agentliyin əməkdaşları tərəfindən xx.xx.2025-ci il saat 11 radələrində Bakı şəhəri, Nizami rayonu, Özbəkistan və Azər Manafov küçələrinin əhatə etdiyi ərazidə tikilməkdə olan çoxmənzilli yaşayış binasında həyətyanı sahəsində monitorinq aparılarkən Şəxs MTK tərəfindən X13 və X3 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmişdir. Agentlik tərəfindən bu barədə yoxlama aktı tərtib edilmiş və yoxlamanın qeydə alındığı videogörüntü diskə əlavə olunmuşdur. Bundan sonra toplanmış materiallar qanuna müvafiq qaydada tədbir görülməsi üçün DƏMX-nə göndərilmişdir. Müfəttişlik tərəfindən Şəxs MTK-nın əməlində inzibati xəta tərkibinin olması müəyyən edildiyi üçün barəsində İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə təqdim olunmuşdur. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, Agentlik tərəfindən toplanmış material DƏMX-nə göndərildikdən sonra inzibati araşdırma aparılmamış, X13, X7 və ya digər şəxslərin izahatları alınmamışdır. T.Aliyev və E.Mişiyevin məhz Şəxs MTK tərəfindən işlərin yerinə yetirilməsinə cəlb olunması Agentlik tərəfindən aparılmış yoxlama ilə müəyyən olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MTK-nın nümayəndəsi - Vəkil məhkəməyə təqdim etdiyi etirazın məzmununa uyğun çıxış edərək bildirmişdir ki, sözügedən Mənzil Tikinti Kooperativi fiziki və (və ya) hüquqi şəxslərin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə mənzil tələbatlarının təmin olunması məqsədilə yaradılmış təsisat olmaqla fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri çərçivəsində qurmuş hüquqi şəxsdir. Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” xx.xx.2022-ci il tarixli, 158 saylı Sərəncamı ilə Bakı şəhəri, Nizami rayonu, Özbəkistan və A.Manafov küçələrinin əhatə etdiyi ərazidə yerləşən 0.51 ha torpaq sahəsinə bitişik 0.50 ha torpaq sahəsi MTK-ya ayrılmış və xx.xx.2022-ci il tarixli 1710 saylı icarə müqaviləsi ilə qeyd edilən torpaq sahəsi 49 illik icarəyə götürülmüşdür. Təsdiq olunmuş layihə-smeta sənədləri üzrə razılığı alınmış tikinti işlərinin aparılmasında səlahiyyətli olan tikinti kooperativi digər podratçı hüquqi şəxslər və ayrı-ayrı fiziki şəxslərlə podrat müqavilələri bağlamış və tikintinin aparılmasını üçüncü şəxslərə həvalə etmişdir. Kooperativ tərəfindən inşaat işlərinin görülməsi həyata keçirilmir, işçilər işə götürülmür və bütün bu kimi prosedurlar podratçı şirkətlər və hüquqi şəxs yaratmadan kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə aiddir. Mövcud vəziyyətdə də təyin olunmuş yoxlamanın keçirilməsi məhz podratçı "xxxx" MMC barəsində olmuş, tərtib olunan protokolla məsuliyyətə cəlb olunması tələb olunan MTK barəsində isə heç bir icraat aparılmamışdır. Lakin monitorinq aparan əməkdaşlar qanunun tələblərinə riayət etməyərək yoxlama predmetindən kənara çıxmış, MTK barədə yoxlama aparmışlar. Protokolu tərtib edən X11 Xidmətinin əməkdaşları yalnız onlara göndərilmiş materiallar əsasında protokol tərtib etməklə kifayətlənmiş, barəsində icraat aparılan kooperativin nümayəndəsinin dəvət olunmasını, protokolda adı çəkilən işçilərin izahatlarının alınmasını təmin etməmişlər. Materiallardan görünür ki, xx.xx.2025-ci il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat” reyestrindən çıxarışa əsasən yoxlamanın "xxxx" MMC barəsində aparılması nəzərdə tutulmuş və xx.xx.2025-ci il saat 11 radələrində Agentliyin əməkdaşları tərəfindən videoçəkilişlə yoxlama aparılarkən MTK-nın heç bir vəzifəli şəxsinin orada iştirakı təmin olunmamış, MTK araşdırmaya cəlb edilməmişdir. Yoxlayıcının özünün çəkdiyi videogörüntüdən görünür ki, guya əmək fəaliyyətinə cəlb olunduğu qeyd edilən iki nəfər şəxs - X15 və X1-suala cavablarında xx.xx.2025-ci il səhər saatlarında tikinti sahəsinə gəldiklərini bildirirlər. Həmin şəxslər işçi geyimində olmamış, ev paltarları üzərilərində olmuş, "xxxx" sualı verilərkən heç bir cavab verməmiş, MTK-nın işçisi olduğunu deməmiş, kənardan "xxxx" MMC-nin nümayəndəsi bu şəxslərin onlara aidiyyəti olmadığını dediyinə görə onların MTK tərəfindən işlərin yerinə yetirilməsinə cəlb olunması qənaətinə gəlinmişdir. Təbii ki, bu qəbuledilməzdir, ən yaxşı halda şübhə ola bilər. Lakin səlahiyyətli şəxslər sözügedən şübhəni araşdırmamış, sübuta yetirməmişdir. Yoxlayıcılar həmin şəxslərdən onların kim tərəfindən işə cəlb olunduğunu öyrənməmiş, yalnız kimlərinsə "xxxx" MTK adı çəkməsi ilə kifayətlənib akt tərtib etmişlər. Halbuki, bu şəxslər ora MTK-nın əvvəllərdə dəfələrlə podrat müqaviləsi əsasında işlərini yerinə yetirən, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olan Səbuhi İbişov adlı şəxsin təklifi ilə hörgü və suvaq işlərini danışmaq üçün gəlmişlər. Bundan başqa videogörüntüdən görünür ki, yoxlayıcı bu şəxsləri hansısa işi yerinə yetirən zaman aşkar etməmiş, bu şəxslər heç bir işin yerinə yetirilməsinə cəlb olunmamış, işçi paltarında deyil gündəlik çöl geyimində olmuşlar. Ona görə də X11 Xidməti tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X12 izahatında bildirmişdir ki, fərdi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olur və fiziki şəxs kimi vergi ödəyicisidir. Şəxs MTK ilə bir müddətdir ki, əməkdaşlıq edir, sifariş əsasında tikinti işlərini yerinə yetirir. Protokolda adları göstərilən X7 və X8 tanımır. Onlardan biri yoxlamadan bir gün əvvəl istifadəsində olan mobil nömrəyə zəng edərək hörgü və suvaq işlərinin görülməsi üçün işçi lazım olduğu halda xəbər verməsini xahiş etmişdir. O, uzun müddət tikinti sahəsində olduğuna görə bu sahədə usta və fəhlələr onu tanıyır, yaxud iş olub-olmamasını öyrənmək üçün müraciət edirlər. MTKnın ona hörgü və suvaq işləri ilə bağlı sifarişinin olduğunu bildiyinə görə zəng edən şəxsi tikinti sahəsinə dəvət etmişdir ki, razılığa gələcəkləri halda işlərin görülməsini tapşırsın. xx.xx.2025-ci il gündüz saatlarında MTK-nın Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən ofisinə getmiş, orada hörgü və suvaq işlərinin görülməsinə dair podrat müqaviləsi bağlamışdır. Günorta saatlarında tikinti sahəsində olarkən orada yoxlama aparılmasını öyrənmişdir. Sədrlik edənin suallarına cavabında bildirmişdir ki, MTK ilə bir neçə dəfə podrat müqaviləsi bağlamış, tikinti işlərini görüb təhvil vermişdir. MTK tikinti işlərini sifarişlə bir neçə podratçıya həvalə edir, özünün işçiləri isə işlərin görülməsinə nəzarət edirlər. Həmin şəxslər tikinti ərazisində işlərin görülməsinə cəlb edilməmiş, heç bir iş yerinə yetirməmiş, işçi paltarında olmamış, orada olmalarının tək səbəbi işlə tanış olmaq olmuşdur. Məhkəmə iclasında şahid X7 izahatında bildirmişdir ki, o, bənnadır, hörgü və suvaq işlərini bacarır. Səbuhi adlı şəxsi tikinti sahəsində eşitdiklərinə görə onlara aid iş olubolmasını maraqlanmaq üçün Səbuhiyə zəng edib danışmışdır. Səbuhi də əlində hörgü, eyni zamanda suvaq işlərinin olduğunu bildirdiyi üçün yanında fəhləlik edən X9 bu barədə məlumat verib, görüləcək işlə tanış olmağa görə xx.xx.2025-ci il səhər saatlarında tikintinin aparıldığı əraziyə getmişdir. Lakin həmin vaxt Səbuhi orada olmadığına görə gəlməyini gözləyənədək tikinti ilə tanış olmaq üçün ərazini gəzmişdir. Ona görə də həm onun, həm də Toğrulun ev paltarı əyinlərində olmuş, paltarlarını dəyişməmişlər. Saat 11 radələrində orada yoxlama aparan şəxslər onları sual-cavab edib, şəxsiyyətlərini öyrənmiş, nə məqsədlə orada olduqlarını soruşmuşlar. O və Toğrul yoxlayıcılara elə həmin gün işə görə gəldiklərini demişlər. Onlardan hansı şirkətin işçisi olduqlarını soruşduqda isə bu barədə heç bir söz deməmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, yoxlama gələndə ev paltarında olmuş, hər hansı iş görməmiş, yoxlamaya gələn əməkdaşlar onu işləyəndə aşkar etməmişdir. Oraya hörgü işi ilə tanış olub sifarişçi ilə danışmaq üçün getmişdir. O, Səbuhinin hansı qaydada işləməsini, yaxud şirkətinin olub-olmamasını bilmədiyi üçün yoxlayıcı sual verəndə heç bir bir şirkətin adını çəkməmişdir. Onu tikinti sahəsinə Səbuhi dəvət etmişdir, bu işlə bağlı yalnız Səbuhi ilə danışığı olmuşdur. Toğrul Alıyev fəhlə işini gördüyü üçün iş məsələləri barədə o, danışıq aparır. Məhkəmə iclasında şahid X2 Elçin Ələkbər oğlu ilə oxşar məzmunlu izahat verib əlavə olaraq bildirmişdir ki, E.Mişiyevin yanında fəhlə işləyir. Tikinti sahəsinə də E.Mişiyevin təklifi ilə işləmək üçün getmişdir. Orada hər hansı bir iş görməmiş, heç bir işin görülməsinə cəlb edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Asan Xidmət və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli yoxlama aktına əsasən Şəxs MTK tərəfindən X15 və X7 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməklə Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Şəxs MTK (sifarişçi) ilə fiziki şəxs X12 (podratçı) arasında bağlanmış xx.xx.2025-ci il tarixli podrat müqaviləsindən görünür ki, Podratçı qiymət razılaşma protokollarına əsasən Sifarişçi ilə razılaşdırılmış “Hörgü və Suvaq” işlərini öz işçi qüvvəsi və resursları hesabına görməyi, Sifarişçi isə həmin protokola əsasən razılaşdırılmış, işin həcminə uyğun ödəniş etməyi öhdəsinə götürmüşdür. Şəxs MTK (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında bağlanmış xx.xx.2025-ci il tarixli podrat müqaviləsindən görünür ki, İcraçı Sifarişçinin sifarişi əsasında müvafiq işlərin görülməsi sifariş edilən məkanda 2-ci və 4-cü binanın dəmir-qəlib işlərinin görülməsini (bundan sonra İşlər), Sifarişçi isə İcraçı tərəfindən görülən İşlərə görə Müqavilənin müvafiq əlavəsi ilə razılaşdırılmış məbləğdə haqqın (bundan sonra - Xidmət haqqı) İcraçıya ödənilməsini təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tikinti obyektində həyata keçirilmiş səyyar monitorinqin nəticələrinə dair arayışdan görünür ki, Şəxs MTK tərəfindən X15 və X3 əmək müqaviləsi olmadan və ya hüquqi qüvvəyə minmədən işə cəlb edilməsi faktı aşkar edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat” reyestrindən xx.xx.2025-ci il tarixli, KY252468776 nömrəli çıxarışa əsasən xx.xx.2025-xx.xx.2025-ci il tarixlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində Bakı şəhəri, Nizami rayonu, Özbəkistan və Azər Manafov küçələrinin əhatə etdiyi ərazidə yerləşən Y156003 - Tikilməkdə olan çoxmənzilli yaşayış binasında plandan kənar yoxlamanın (monitorinqin) keçirilməsi nəzərdə tutulmuşdur. CD diskə olan videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, yoxlamanı aparan şəxs tərəfindən X4 yoxlama ilə bağlı videoçəkiliş aparılacağına dair məlumat verilmiş, sualların siyahısı təqdim olunmuşdur. Daha sonra X15 və X7 özlərini təqdim edən zaman tikinti ərazisinə bu gün səhər saatlarında gəldiklərini bildirmişlər. Şəxslər videoçəkiliş zamanı iş paltarında olmamışlar. Onlardan hansı MTK-nın işçisi olduqları soruşulduqda şəxslər cavab verməmiş, kənardan şəxslərdən biri “ELVİ”yə aidiyyətinin olmadıqlarını deyir. Yoxlama aparan şəxs özü hörgü işini Şəxs MTK-nın gördürməsi və bu şəxslərin həmin MTK-nın işçiləri olması qənaətinə gəlir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və mövqeyinin hüquqi əsasları: Məhkəmə iş materiallarını araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə aidiyyəti və təqsirliliyi sübuta yetirilmədiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MTK barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli yoxlama aktına əsasən Şəxs MTK tərəfindən X15 və X3 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinin müəyyən edilməsi qeyd olunsa da, inzibati xəta haqqında iş üzrə icraat materiallarında inzibati xətanın törədilməsinə hüquqi şəxsin aidiyyətini və onun təqsirliliyini təsdiq edən hər hansı sübut mövcud deyildir. Məhkəmə, işin faktiki hallarına uyğun olaraq hesab edir ki, səlahiyyətli orqan tərəfindən Şəxs MTK-nın inzibati xətanın törədilməsinə aidiyyəti, müsbət halda isə onun təqsirliliyi sübuta yetirilməli idi. Lakin iş materialları ilə X15 və X3 Şəxs MTK tərəfindən tikinti aparılan əraziyə dəvət edilməsi, onların işlə bağlı hüquqi şəxslə əlaqəsinin olması müəyyən edilmir. Əksinə T.Alıyev və E.Mişiyev məhkəmə iclasında verdikləri izahatlarla tikintinin aparıldığı sahəyə işlə tanış olmaq üçün Səbuhi İbişovun təklifi əsasında getdiklərini qeyd etməklə Şəxs MTK-nın aidiyyətini istisna etmişlər. Məhkəmə qeyd edir ki, birincisi Şəxs MTK-nın istinad olunan inzibati xətanı törətməkdə aidiyyəti müəyyən olunmur. Əgər aidiyyəti müəyyən edilmiş olsa belə səlahiyyətli orqan tərəfindən eyni zamanda X15 və X3 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi sübuta yetirilməli idi ki, hazırda göstərilən xüsusatı sübut edən heç bir dəlil iş materiallarında olmamaqla, məhkəmə araşdırması zamanı təkzib edilmişdir. Belə ki, səlahiyyətli orqan inzibati xəta haqqında protokolu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli yoxlama aktına əsasən tərtib etməklə kifayətlənmiş, Şəxs MTK tərəfindən inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutların toplanılmasına, hüquqi şəxsin nümayəndəsinin, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmələri iddia olunan X15 və X3 izahatlarının alınmasına təşəbbüs göstərməmişdir. Göründüyü kimi bütün sübutetmə yükü, işin bütünlüklə araşdırılması, sübutların toplanılması yükü məhkəmənin üzərinə atılaraq, səlahiyyətli orqan sadəcə protokol tərtib edib, işi məhkəməyə göndərmişdir. Məhkəmə tərəfindən tam, hər tərəfli və obyektiv araşdırma aparılaraq səlahiyyətli orqanın və hüquqi şəxsin nümayəndələrinin, şahidlərin izahatları alınmış, podrat müqavilələri və digər sənədlər materiala əlavə olunmaqla tədqiq edilmiş, videogörüntüyə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, Şəxs MTK (sifarişçi) ilə fiziki şəxs X12 (podratçı) arasında bağlanmış xx.xx.2025-ci il tarixli və Şəxs MTK (sifarişçi) ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il tarixli podrat müqavilələrinə əsasən əqdlərdə göstərilən işlərin görülməsi ilə bağlı tərəflər arasında razılıq əldə edilmiş, həmçinin həmin müqavilələrə əsasən işə başlamadan öncə əməyin mühafizəsi və təhlükəsizliyini təşkil etmək, müvafiq olaraq podratçının, yəni X5 və icraçının, yəni "xxxx" MMC-nin öhdəliyi kimi təsbit edilmişdir. Məhkəmə iclasında iştirak edən X15 və X3 izahatlarında yoxlama aparılan tikinti sahəsinə X5 təklifi ilə getdiklərini, orada heç bir iş görmədiklərini, işçi geyimində deyil, adi gündəlik geyimdə olduqlarını, yoxlayıcı tərəfindən işlər yerinə yetirilərkən aşkar edilmədiklərini bildirmələri MTK tərəfindən onların işlərin yerinə yetirilməsinə cəlb olunmalarını istisna edir. Eyni zamanda T.A.Alıyev və E.Ə.Mişiyevin izahatlarının həqiqiliyi monitorinq aparılarkən qeydə alınmış videogörüntü ilə uzalaşmaqla, bir-birini tamamlayır. Videogörüntüdən görünür ki, X15 və X7 inşaatda istifadə olunan işçi geyimində deyil, adi geyimdədirlər, hansı şirkətin işçiləri olmaları barədə suala cavab verməmişlər. Habelə materiala əlavə edilmiş CD formatlı diskdə bu şəxslərin hər hansı işləri yerinə yetirməsinə dair videogörüntü də mövcud deyildir. Beləliklə, sübutetmə yükü üzərinə düşən inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan Şəxs MTK-nın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə aidiyyətini və təqsirliliyini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, X15 və X3 Bakı şəhəri, Nizami rayonu, Özbəkistan və Azər Manafov küçələrinin əhatə etdiyi ərazidə yerləşən tikinti obyektində Şəxs MTK tərəfindən qeyri-rəsmi əmək münasibətlərinə cəlb edilmələrinin səlahiyyətli orqan tərəfindən sübuta yetirilmədiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. İnzibati xəta haqqında işlər üzrə məsrəf yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53.2, 114, 115 və 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(5-97)-43/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-43/2026
21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver