Məhkəmə qərarları › İş №3(5-97)-436/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-436/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-436/2026 18.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən başlanılmış inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 539.3-cü maddəsi ilə tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokol eyni tarixli, MN ******* nömrəli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadla baxılması üçün xx.xx.2026-cı il tarixli 3-17-5/2- 10111/2026 nömrəli müşayiətedici məktub əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin nümayəndəsi X8 izahatında bildirmişdir ki, vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə 33-17-5/2- 105808/2025 nömrəli, xx.xx.2025-ci il tarixli göndərilən məktubda qeyd olunan sənədlərin DƏMXnin Bakı şəhər idarəsinə təqdim edilməsi tələb olunsa da, məktubun çatdırılmasına baxmayaraq tələb olunan sənədlər xx.xx.2026-cı il tarixədək təqdim edilməmişdir. Bu səbəbdən xx.xx.2026-cı il tarixdə hüquqi şəxs barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, X3 ilə Şəxs MMC arasında əmək müqaviləsinin olub-olmaması barədə məlumatı yoxdur. Məktubun məzmununda hansı səbəbdən bu şəxsin "xxxx" MMC-nin işçisi olmasının qeyd edilməsini bilmir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 izahatında bildirmişdir ki, hüquqi şəxs barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokol qanunsuz və əsassızdır. Belə ki, X3 ilə təmsil etdiyi hüquqi şəxs arasında heç bir hüquq münasibətləri mövcud olmadığı, sorğu məktubunun məzmununda bu şəxsin "xxxx" MMC-nin işçisi olması qeyd edildiyi halda səlahiyyətli orqan sorğunu heç bir araşdırma aparmadan Şəxs MMC-yə göndərmişdir. Lakin, səlahiyyətli orqan öz işini düzgün icra etsəydi sorğunu aidiyyəti üzrə verməli idi, işçi barəsində sənədləri düzgün ünvandan tələb etməli idi. Qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şahid tərəfindən Azərbaycan Respublikası ƏƏSMN yanında DƏMX-yə edilən xx.xx.2025-ci il tarixli müraciət vərəqəsinin məzmunundan görünür ki, vətəndaş xx.xx.2018-ci il tarixdən "xxxx" MMC-də əmək fəaliyyətinə cəlb olunmuş və əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə ƏM-nin 68.2a bəndi ilə xitam verilmişdir. İnzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, vətəndaş Şahid şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən Şəxs MMC-yə 3-17-5/2-105808/2025 nömrəli, xx.xx.2025-ci il tarixli göndərilən məktubda qeyd olunan sənədlərin 7 iş günü ərzində DƏMX-nin Bakı şəhər idarəsinə təqdim edilməsi tələb olunmuş, lakin xx.xx.2026-cı il tarixinədək təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 3-17-5/2-105808/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubun məzmunundan görünür ki, vətəndaş Şahid "xxxx" MMC-də əmək hüquqlarının pozulması barədə müraciətinə idarədə baxılır. Müraciətə baxılması ilə əlaqədar müvafiq sənədlərin 7 iş günü ərzində X6 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, MMC ilə Şahid adında işçi arasında əmək müqaviləsi bağlanılmamış və onunla hüquqi şəxs arasında heç bir əmək münasibətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 539.3-cü maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə – vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə icraat materialını tədqiq edərək hesab edir ki, hüquqi şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXMin 539.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, səlahiyyətli orqan tərəfindən Şəxs MMC-yə ünvanlanan məktuba əsasən müəssisənin müvafiq sorğulara qanunvericiliklə müəyyən olunmuş müddətdə cavab verilmədiyi və vətəndaşa aid sənədlərin idarəyə təqdim edilmədiyi bildirilsə də, iş materiallarına əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının izahatlarından görünür ki, xidmətə müraciət edən şəxs Şahid "xxxx" MMC-nin işçisi olmuşdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC ilə Şahid arasında əmək münasibətləri mövcud olmamış, yəni Şəxs MMC işəgötürən kimi əmək münasibətinin tərəfi deyildir. Bu səbəbdən Müfəttişlik tərəfindən işçi barəsində sorğunun Şəxs MMC-yə ünvanlanması, sözügedən işçinin işəgötürəni olmadığı halda ondan zəruri məlumatları tələb etməsi ağlabatan olmamaqla qanuni hesab edilməməlidir. Məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsində də əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini tələb etmək hüququna malik olduğu imperativ qaydada təsbit edilmişdir. Beləliklə, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53.1.2, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar