Məhkəmə qərarları › İş №3(5-97)-44/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-44/2026

21.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-44/2026 21.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8 oğlunun katibliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İ. Giriş-təsviri hissə:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, vətəndaş X1 şikayəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələbi üzrə Agentliyinə xx.xx.2025-ci il tarixli, 3-17-5/2-114052/2025 nömrəli məktub göndərilərək müvafiq sənədlərin 7 iş günü ərzində Xidmətə təqdim olunması tələb olunmuş, lakin sənədlər təqdim edilməməklə Agentlik tərəfindən Azərbaycan Respublikası İXM-in 539.3cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir.

2. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta üzrə icraat aparılan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin nümayəndəsi X4 məhkəməyə təqdim etdiyi etirazın məzmununa uyğun çıxış edərək Agentlik barəsində Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

3. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakı təmin edilməmiş və üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİ. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-114052/2025 nömrəli məktubdan görünür ki, müvafiq sənədlərin (əmək müqaviləsinin surəti (elektron əmək müqaviləsi olmadığı təqdirdə), əmək haqqının hesablanması və ödənilməsinə dair sənədlər, vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu) 7 iş günü ərzində Xidmətə təqdim edilməsi tələb olunmuşdur.

5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin məhkəməyə təqdim etdiyi etirazdan görünür ki, vətəndaş X1 müraciəti əsasında DƏMX tərəfindən Agentliyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-114052/2025 nömrəli sorğu xx.xx.2025-ci ildə daxil olmuş, məktuba Agentliyin münasibət bildirməsi üçün vətəndaşın müraciəti qoşma olaraq əlavə edilməmiş və vəzifəli şəxsin əlaqə məlumatları göstərilməmişdir. Bu hallar müraciətin mahiyyəti üzrə araşdırılmasını və əlavə məlumatların dəqiqləşdirilməsini faktiki olaraq mümkünsüz etmişdir. Müraciətin Agentliyə daxil olmasından sonra, xx.xx.2025-ci ildə Elm və təhsil naziri tərəfindən Agentliyə yeni rəhbər təyin edilmiş, sözügedən dəyişikliklə əlaqədar yeni təyin olunmuş rəhbər üçün elektron imzanın əldə edilməsi müəyyən vaxt çəkmiş, bu səbəbdən daxil olan sənədlərə elektron sənəd dövriyyəsi sistemi üzərindən dərkənar verilməsi mümkün olmamışdır. Buna baxmayaraq, işin araşdırılması üçün zəruri olan sənədlər əldə edildikdən dərhal sonra müraciət xx.xx.2026-cı il tarixli 3-29-63/2-01/2026 nömrəli məktubla cavablandırılmışdır. Ona görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir.

İİİ. Məhkəmənin gəldiyi hüquqi nəticə:

6. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Agentliyin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə icraat materialını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi inzibati xətanın subyekti hesab edilmədiyi üçün Azərbaycan Respublikası İXM-in 539.3-cü maddəsi ilə barəsində başlanılmış inzibat xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir.

İV. Tətbiq edilən hüquq normaları:

7. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir.

V. Hüquqi əsaslandırmada istinad edilən hüquq normaları:

8. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 16.1, 17 və 18.1-ci maddələrinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər, öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı vəzifəli şəxslər, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri inzibati məsuliyyətə cəlb olunurlar. 393-1.2-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 440-1.3-cü maddəsinə əsasən “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət və bələdiyyə yüklülüyünün açıqlanmamasına görə - vəzifəli şəxslər min beş yüz manat məbləğində cərimə edilir. 445-1.8-ci maddəsinə əsasən satınalma müqaviləsinin icrasına başlanılması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) razılıq (müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazələr istisna olmaqla) alınması tələb olunduğu təqdirdə, satınalan təşkilat tərəfindən belə icazələrin müqavilə imzalanana qədər əldə olunmasının təmin edilməməsinə görə - vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 445-1.9-cu maddəsinə əsasən nəzarət orqanının satınalma predmetinə (onun icrasına) baxış keçirə bilməsi üçün satınalan təşkilat tərəfindən lazımi şərait yaradılmamasına görə – vəzifəli şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 445-1.10-cu maddəsinə əsasən satınalmaların həyata keçirilməsi zamanı satınalan təşkilat tərəfindən nəzarət orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Qeyd 2: Bu Məcəllənin 445-1-ci maddəsində “nəzarət orqanı” və “satınalan təşkilat” dedikdə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan nəzarət orqanı (Azərbaycan Respublikasında satınalma sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)) və satınalan təşkilatlar (satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət adından yaradılan publik hüquqi şəxslər, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və digər dövlət müəssisə və təşkilatları (idarələri)) başa düşülür. 557.2-ci maddəsinə əsasən dövlət müəssisələrində dövlət əmlakının qorunub saxlanılmasına və ondan öz təyinatı üzrə səmərəli istifadə olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına müəyyən edilmiş müddətdə dövlət müəssisəsi və ya dövlət orqanının xüsusi hesabatının təqdim edilməməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə cərimə edilir. 558.1-ci maddəsinə əsasən daşınmaz əmlaka olan hüquqların dövlət qeydiyyatı üçün daşınmaz əmlakın dövlət reyestrinə təqdim edilmiş şübhə doğuran sənədlərə dair daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanının digər dövlət orqanlarına ünvanlanan sorğularına vaxtında cavab verilməməsinə görə - vəzifəli şəxslər xəbərdarlıq edilir və ya iki yüz əlli manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. 602-1.3-cü maddəsinə əsasən dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə əldə edilməsi mümkün olan sənədlərin lisenziya və icazə verən orqan tərəfindən ərizəçidən tələb olunmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 602-1.4-cü maddəsinə əsasən lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi üçün qanunvericiliyə uyğun olaraq, aidiyyəti dövlət orqan və müəssisələrinin tələb olunan rəyinin (razılığının) və verməli olduqları sənədlərin (icazələrin, aktların və s.) alınması üçün lisenziya və icazə verən orqan tərəfindən tədbirlərin görülməməsinə görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 602-1.5-ci maddəsinə əsasən lisenziya və icazə verən orqanın müraciəti ilə bağlı aidiyyəti dövlət orqan və müəssisələri tərəfindən mənfi rəyin, habelə razılığın verilməsindən imtinanın “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əsaslandırılmamasına görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

9. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 99-4.1-ci maddəsinə əsasən hüquqi şəxsə cinayət-hüquqi tədbirlər həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək, hüquqi şəxsin adından qərarlar qəbul etmək, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, habelə bu şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən cinayətlərə görə tətbiq edilir. 99-4.4-cü maddəsinə əsasən dövlət, bələdiyyələr, həmçinin beynəlxalq təşkilatlar barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz.

10. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin” Əsasnaməsi 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) peşə təhsili sahəsində (bundan sonra – müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, peşə təhsili müəssisələrinin fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən, Nazirliyin strukturuna daxil olan qurumdur.

Vİ. Əsaslandırıcı hissə:

11. Məhkəmə ilk növbədə inzibati xəta ilə cinayət əməlinin, eləcə də bu münasibətləri tənzimləyən qanunvericilik aktlarının qarşılıqlı müqayisə və təhlil edilməsini zəruri hesab edərək diqqətə çatdırır ki, cinayət və inzibati xəta hüquqazidd əməllər olmaqla, bir-birindən ictimai təhlükəlilik dərəcəsinə, hüquqi nəticələrinə və tətbiq olunan məsuliyyət növünə görə fərqlənir.

12. Təsadüfi deyildir ki, bəzi hüquqazidd əməllər cinayət məsuliyyətinə səbəb olmadıqda inzibati xəta hesab edilir. (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan az miqdarda əldə edilməsi İXM-in 206-cı maddəsi ilə inzibati xəta, xeyli miqdarda əldə edilməsi isə CM-in 234.1-ci maddəsi ilə cinayət sayılır.)

13. Göstərilənlər oxşar ictimai münasibətlərin Cinayət və İnzibati Xətalar Məcəllələri ilə tənzimləndiyini və qorunduğunu təsdiq edir.

14. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə fiziki şəxslər, vəzifəli şəxslər və hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin inzibati məsuliyyətin subyekti olmaları müəyyən olunsa da, dövlət orqanları, bələdiyyələr, habelə beynəlxalq təşkilatlar barəsində inzibati tənbeh tətbiq edilməsinin mümkünlüyü və ya qeyri-mümkünlüyü barədə qanunda heç bir norma təsbit edilməmişdir.

15. Bundan fərqli olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin imperativ xarakter daşıyan 99-4.4-cü maddəsində göstərilmişdir ki, dövlət, bələdiyyələr və beynəlxalq təşkilatlar barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilə bilməz.

16. Qərarın 10-cu bəndindən göründüyü kimi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, peşə təhsili müəssisələrinin fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən, Nazirliyin strukturuna daxil olan qurumdur, başqa sözlə, dövlət orqanıdır.

17. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi, habelə, cinayət, inzibati xətalar və vergi qanunvericiliyində məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə olunmasının mümkünsüzlüyü “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.2 və 13.5-ci maddələrində nəzərdə tutulmuşdur.

18. Məhkəmə, Cinayət Məcəlləsinin 99-4.4-cü maddəsinin qanunun anologiyası üzrə tətbiq edilməsində 17-ci bənddə göstərilən məhdudiyyətlərin olmadığını nəzərə alaraq hesab edir ki, əksinə bu maddənin tətbiqi hazırkı iş üzrə səlahiyyətli orqan tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış dövlət qurumunu inzibati xətanın subyekti kimi istisna edir və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini şərtləndirir.

19. Bu hüquqi yanaşma ilə bağlı məhkəmə, həmçinin qərarın 8-ci bəndinin 2-11-ci abzaslarında göstərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş bir sıra inzibati xətaların (393-1.2, 440-1.3, 445-1.8, 445- 1.9, 445-1.10, 557.2, 558.1, 602-1.3, 602-1.4, 602-1.5) dispozisiya və sanksiyalarına diqqəti cəlb etməyi zəruri hesab edir.

20. Göründüyü kimi həmin maddələrin dispozisiyaları dövlət orqanı və ya bələdiyyələr tərəfindən inzibati xətaya səbəb olan hərəkət və ya hərəkətsizliyin edilməsini özündə ehtiva etdiyi halda, qanunvericilik sanksiyada yalnız vəzifəli şəxslərin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir.

21. Məhz qanunverici orqan tərəfindən məqsədli şəkildə qeyd olunan maddələrin sanksiyasında hüquqi şəxslər barəsində inzibati tənbeh müəyyən edilməyərək dövlət orqanı və bələdiyyələrin inzibati məsuliyyətə cəlb edilə bilən subyektlər sırasında olması istisna edilmişdir.

22. Məhkəmə, həm qərarın 19-21-ci bəndlərində göstərilən hüquqi yanaşmaya, həm də Cinayət Məcəlləsinin 99-4.4-cü maddəsinin qanunun analogiyası üzrə tətbiqi ilə bağlı şərhlərinə əsaslanaraq nəticəyə gəlir ki, dövlət orqanı inzibati xətanın və inzibati məsuliyyətin subyekti hesab edilməməlidir.

23. Məhkəmə, yuxarıda göstərilən əsasların inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün kifayət olmasını nəzərə alaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin etirazında qeyd etdiyi arqumentlərin araşdırılmasını və ya etiraza hüquqi münasibət bildirilməsini zəruri hesab etmir.

Vİİ. Nəticəvi hissə:

24. Məhkəmə hesab edir ki, səlahiyyətli orqan tərəfindən dövlət qurumu barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması qanunsuz və əsassız olmuşdur.

25. Bu səbəbdən, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43.1, 53.1.2, 114.1.4 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar