Məhkəmə qərarları › İş №3(5-97)-45/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-45/2026

13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-45/2026 13.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2, Nərimanov Rayon DYPŞ polis leytenantı Elşən Məmmədovun iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, X4, Baş Dövlət Yol Patrul Xidmətinin Nərimanov Rayon Polis Şöbəsinin DYPŞ-nin polis polkivnik X1 tərəfindən tərəfindən barəsində tərtib edilmiş inzibati xəta materialları və həmin materiallar əsasında qəbul olunmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında qərarın qanunsuz olması səbəbindən məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə onun istifadəsində olan BYD Destroyer 05 Plug-in Hybrid markalı, **-TQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə bağlı yol-nəqliyyat hadisəsinin baş verdiyi iddia edilmişdir. Həmin gün polis əməkdaşı tərəfindən yalnız izahatı alınmış, izahatında isə baş vermiş halın yüngül toxunuş xarakterli olduğu, heç bir maddi zərərin olmadığı və hadisə yerindən qəsdən yayınma niyyətimin mövcud olmadığı açıq şəkildə göstərilmişdir. Hadisənin baş verdiyi gün və ondan sonrakı günlər ərzində barəsində inzibati xəta haqqında protokol tərtib edilməmiş, inzibati məsuliyyətə cəlb olunma barədə heç bir qərar qəbul edilməmişdir. Buna baxmayaraq, hadisədən xeyli müddət keçdikdən sonra, yəni xx.xx.2025-ci il tarixdə, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci və 327.6-cı maddələri ilə 100 manat məbləğində (4 bal) cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə onun iştirakına dair yol-nəqliyyat hadisəsi ilə bağlı polis orqanı tərəfindən yalnız izahatı alınmışdır. Həmin tarixdə və sonrakı günlərdə barəsində inzibati xəta haqqında nə qərar qəbul edilmiş, nə də inzibati tənbeh tətbiq olunmuşdur onun verdiyi izahatda açıq şəkildə qeyd olunmuşdur ki, baş vermiş hal yüngül toxunuş xarakterli olmuş, heç bir maddi zərər dəyməmiş, hadisə yerindən yayınma olmamışdır. Həmin qərar ona dərhal təqdim edilməmiş, qərarın surətini əldə etmək üçün o, Nərimanov Rayon Polis Şöbəsinin YPX-nə yaxınlaşmış, yalnız xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında qərarın surətini əldə etmişdir. İnzibati icraat müddətləri pozulmuşdur. Bu səbəbdən xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, bildirmişdir ki, taksi sürücüsü işləyir. Hadisə günü hava yağışlı olduğundan və tıxac olduğundan hərəkət edən zaman anidən avtomobili irəli sürmüş və dayanmışdır. Bu zaman qarşıdakı nəqliyyat vasitəsinin sürücüsü avtomobildən düşərək guya ki, onun avtomobilini əzdiyini bildirmişdir. Lakin, avtomobilə baxarkən hər hansı əzik görməmişdir. Bu zaman həmin şəxsin avtomobilində başqa əzik yerlər də müşahidə etmiş və həmin şəxs “elə etmə qalan hissələri də sənə düzəltdirim” məzmununda ifadələr səsləndirmişdir. Daha sonra tıxac yaranmaması üçün nəqliyyat vasitəsini biraz qabağa verib saxlamış, daha sonra sürücüyə nömrəsini verərək getmişdir. Getmə səbəbi də hər hansı xəta görməməsi və sürücüyə nömrəsini verməsi olmuşdur. Lakin, DYP-ə bununla bağlı şikayət etməmişdir. Daha sonra polis əməkdaşları tərəfindən dəvət olunduqdan sonra gəlmiş və guya ki, hadisə yerindən yayınması əsası ilə qərar tərtib edilmişdir. Məhkəmənin sualına cavab olaraq maşının onun maşınına dəydiyini hiss etmədiyini bildirmişdir. Sonda xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi Elşən Məmmədov izahatında bildirmişdir ki, 12 dekabr 2025-ci il tarixində Ağaoğlu küçəsində saat 13:00 radələrində yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə barədə Changan avtomobilininin sürücüsü onlara məlumat vermiş, avtomobilinə ziyan dəydiyini müşahidə etmişlər. Lakin, xəta törətmiş sürücü hadisə yerində olmamışdır. Avtomobilə dəymiş ziyan qiymətləndirilmiş və 200 manatdan artıq zərər müəyyən edilmişdir. Zərərçəkmiş şəxs Elçin Hacıyev adlı şəxsin onun avtomobilini vurduğunu bildirmişdir .Videogörüntüdən də göründüyü kimi, həqiqətən də **-TQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi arxadan digər nəqliyyat vasitəsinə toxunmuş, daha sonra hər iki sürücü düşüb maşına baxıb daha sonra Elçin Hacıyev nəqliyyat vasitəsini sürərək hadisə yerindən yayınmışdır. Qeyd olunanları nəzərə alaraq, qərarın qüvvədə saxlanılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərardan görünür ki, xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında X4 “BYD Destroyer 05 Plug-in Hibrid” minik markalı, 99TQ714 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.1və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Xətanın törədilmə vaxtı xx.xx.2025-ci il saat 13:00 kimi qeyd edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, “BYD Destroyer 05 Plug-in Hibrid” markalı nəqliyyat vasitəsinin iştirakı ilə qeydə alınmış videogörüntülərdə 99TQ714 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol hərəkəti qaydalarını pozaraq, yəni ara məsafəsi saxlamadan hərəkətdə olan digər maşına dəymiş və hadisə yerindən avtomobilini sürərək uzaqlaşmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, şəkillərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət ərizəsini, ona əlavə edilmiş sənədləri, işdə olan materialları araşdıraraq, şikayət vermiş şəxsin və inzibati orqanın nümayəndəsinin izahatlarını dinləyərək, təqdim olunmuş sübutlara hərtərəfli, tam və obyektiv hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qarşısında duran əsas hüquqi məsələ, X2 əməllərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkiblərinin olub-olmamasının, habelə inzibati icraat zamanı prosessual normalara riayət edilib-edilməməsinin müəyyən edilməsindən ibarətdir. Şikayət vermiş şəxs X4 bir neçə əsaslı dəlilə istinad edir: birincisi, yol-nəqliyyat hadisəsinin cüzi toxunuşdan ibarət olması və maddi zərərin olmaması; ikincisi, hadisə yerindən qəsdən yayınmaması, əksinə digər sürücüyə əlaqə nömrəsini verməsi; üçüncüsü isə, inzibati icraat müddətlərinin pozulması. Məhkəmə, ilk növbədə, İXM-nin 8-ci maddəsi ilə təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutur. Həmin prinsipə əsasən, şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədikcə, o, təqsirsiz hesab olunur və sübutetmə yükü inzibati orqanın üzərinə düşür. Lakin, bu prezumpsiya təkzibedilməz deyildir və iş üzrə toplanmış mötəbər, kifayət qədər və bir-biri ilə uzlaşan sübutlar toplusu ilə aradan qaldırıla bilər. İş üzrə təqdim edilmiş ən mühüm sübutlardan biri yol-nəqliyyat hadisəsini əks etdirən videogörüntüdür. Məhkəmə iclasında tədqiq edilmiş həmin videogörüntüdən aydın olur ki, X4-nın idarə etdiyi "BYD Destroyer 05 Plug-in Hibrid" markalı, **-TQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, hərəkətdə olarkən ara məsafəsini gözləməyərək, qarşıda hərəkət edən "Changan" markalı nəqliyyat vasitəsinə arxadan toxunur. Bu hərəkət özü-özlüyündə İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan "araməsafəsi qaydalarının pozulması" tərkibini yaradır. Şikayətçinin toqquşmanı hiss etməməsi barədə mülahizəsi onun məsuliyyətini istisna etmir, çünki sürücü idarə etdiyi nəqliyyat vasitəsinin hərəkətini tam nəzarətdə saxlamağa borcludur. Daha sonra, videogörüntüdən və tərəflərin izahatlarından göründüyü kimi, sürücülər nəqliyyat vasitələrindən düşərək vəziyyətə baxış keçirmişlər. Bundan sonra X4 hadisə yerini tərk etmişdir. Bu hərəkət İXM-nin 327.6-cı maddəsi ilə "yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması" kimi tövsif olunur. Şikayətçinin hadisə yerini tıxac yaranmaması üçün tərk etməsi və digər sürücüyə telefon nömrəsini verməsi barədə arqumentləri məhkəmə tərəfindən hüquqi əsas kimi qəbul edilə bilməz. Belə ki, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə görə, yol-nəqliyyat hadisəsi baş verdikdə sürücü hadisə yerində qalmalı, müvafiq orqanlara məlumat verməli və onların gəlişini gözləməlidir. İXM-nin 327-ci maddəsinin "Qeyd" hissəsinin 7-1-ci bəndində nəzərdə tutulmuş istisna (tərəflər arasında mübahisə olmadığı və sağlamlığa zərər dəymədiyi halda hadisə yerini tərk etmə) yalnız o halda tətbiq oluna bilər ki, hadisə sənədləşdirilsin və tərəflər arasında mübahisə olmasın. Lakin, hazırkı işdə digər sürücü Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verərək şikayət etmiş, bu isə tərəflər arasında mübahisənin olduğunu sübut edir. Deməli, X2 hadisə yerini tərk etməsi qanunsuz olmuşdur. İnzibati orqanın nümayəndəsinin izahatına görə, dəymiş ziyanın 200 manatdan artıq olması da hadisənin yüngül xarakterli olmadığını göstərir. Şikayətçinin inzibati icraat müddətlərinin pozulması ilə bağlı dəlilinə gəldikdə, məhkəmə bunu da əsaslı hesab etmir. İXM-nin 101-ci maddəsi inzibati xəta haqqında protokolun tərtib edilməsi müddətlərini tənzimləyir. Həmin Məcəllənin 101.1-ci maddəsinə görə, protokol dərhal tərtib edilir. Lakin, 101.2-ci maddəyə əsasən, işin hallarının, eləcə də şəxsin şəxsiyyətinin əlavə aydınlaşdırılması tələb olunduqda, protokol iki gün müddətində tərtib edilə bilər. Hadisə yerindən yayınma faktı mövcud olduğundan, inzibati orqan sürücünün şəxsiyyətini müəyyən etmək, onu axtarıb tapmaq və izahatını almaq üçün müvafiq araşdırma aparmalı olmuşdur. Bu proses müəyyən vaxt tələb etdiyindən, protokolun və müvafiq qərarın hadisə günündən sonra, yəni xx.xx.2025-ci il tarixdə tərtib edilməsi, İXM-nin 102-ci maddəsində nəzərdə tutulan inzibati araşdırma institutu çərçivəsində qanunauyğun hesab edilməlidir. Belə ki, araşdırma müddəti bir aya qədər ola bilər və bu müddətə əməl olunmuşdur. Məhkəmə hesab edir ki, Nərimanov Rayon X7 İdarəsi tərəfindən X4-nın əməllərinə İXM-in 327.1-ci və 327.6-cı maddələri ilə düzgün hüquqi qiymət verilmişdir. İXM-nin 34.3cü maddəsinin tələbinə uyğun olaraq, şəxs eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edildiyindən, ona 100 manat məbləğində cərimə tətbiq edilməsi və 4 bal hesablanması qanunauyğundur. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 barəsində tətbiq edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar