Məhkəmə qərarları › İş №3(5-97)-468/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-468/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-468/2026 10.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, Bakı şəhər BDYPİ nümayəndəsi - Nümayəndə iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan şikayətlə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 3(5-104)-2/2026 saylı, xx.xx.2026-cı il tarixli qərardadına əsasən X1 Bakı şəhər BPİ DYPİ -nin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi ərizəsi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət ərizəsində qeyd edilmişdir ki xx.xx.2025-ci il tarixdə saat təxminən 20:35 radələrində “Volkswagen Jetta” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Ziya Bünyadov prospekti ilə hərəkətdə olarkən sağ istiqamətdə məhəllədaxili yola dönmək istəmişdir. Bu zaman arxadan hərəkətdə olan avtobus tərəfindən avtomobilinə zərbə vurulmuşdur. Hadisə arxadan vurma nəticəsində baş verməsinə baxmayaraq, Bakı şəhər DYP əməkdaşı tərəfindən tərtib edilmiş protokolda əsassız olaraq o, təqsirli göstərilmişdir. Bildirir ki, o, sağa dönmə manevrini yol hərəkəti qaydalarına uyğun, əvvəlcədən xəbərdarlıq edərək həyata keçirmişdir. Arxadan gələn nəqliyyat vasitəsi isə təhlükəsiz ara məsafəsini saxlamamışdır. Bu səbəbdən barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tətbiqi əsassız və qanunsuzdur. Məhkəmənin əvvəlki iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati qərar qəbul edən qurumun nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, sürücü ümumi istifadədə olan nəqliyyat vasitəsinin üstünlük hüququna fikir vermədən, sadəcə dönmə nişanını yandıraraq manevr etməyə çalışmışdır. Halbuki, ilk öncə avtobusa yol verməli, daha sonra hərəkəti davam etdirməli idi. Tətbiq edilmiş cərimə tam qanuni olmaqla, qüvvədə qalmasını xahiş edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərardan görünür ki, xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında X2 “Volkswagen Jetta” minik markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 40 manat məbləğində cərimə edilmişdir. Xətanın törədilmə vaxtı xx.xx.2025-ci il saat 20:35 kimi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən görünür ki, “Volkswagen Jetta” markalı nəqliyyat vasitəsi yol ayrıcını keçdikdən dərhal sonra arxadan gələn və aralarında təxminən 3-4 metr məsafə olan ümumi istifadədə olan nəqliyyat vasitəsi üçün ayrılmış yolda hərəkət edən avtobusun hərəkətini gözləmədən dönmə işıqlarını yandıraraq manevr etməyə çalışmış və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, şəkillərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsi ilə təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsi imperativ olaraq müəyyən edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bu fundamental hüquqi prinsip tələb edir ki, inzibati xətanın törədilməsini sübuta yetirmə yükü inzibati təqibi həyata keçirən orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, təqsirsizlik prezumpsiyası mütləq xarakter daşımır və qanuni qüvvəyə malik, mötəbər və kifayət qədər sübutlar toplusu ilə təkzib edilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnda da müəyyən edildiyi kimi (məsələn, Salabiaku Fransaya qarşı iş üzrə Qərar), faktiki və ya hüquqi prezumpsiyalar özlüyündə Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə zidd deyildir, lakin dövlətlər bu sahədə müəyyən hədlərə riayət etməlidirlər. Bu prezumpsiyalar təkzibedilməz olmamalı və təqsirin sübuta yetirilməsi yükünü tam olaraq təqsirləndirilən şəxsin üzərinə keçirməməlidir. İşin materiallarının tədqiqi zamanı məlum olur ki, inzibati tənbeh vermə haqqında qərar, səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmiş inzibati xəta faktına əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı protokol əsasında rəsmiləşdirilmişdir. Şikayət vermiş şəxs, İbaquliyev Məhəmməd öz hərəkətlərində yol hərəkəti qaydalarının pozuntusunun olmadığını, yol-nəqliyyat hadisəsinin baş verməsində digər nəqliyyat vasitəsinin – avtobusun sürücüsünün təqsirli olduğunu, yəni onun ara məsafəsini saxlamadığını iddia edir. Məhkəmə, şikayət vermiş şəxsin bu dəlillərini subyektiv mülahizə kimi qiymətləndirir və onların iş üzrə toplanmış obyektiv sübutlarla tamamilə təkzib olunduğu qənaətinə gəlir. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntü prima facie (ilkin baxışdan) təsdiq edir ki, İbaquliyev Məhəmməd idarə etdiyi nəqliyyat vasitəsi ilə sağ zolağa yerdəyişmə manevri edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun bir sıra müddəalarını kobud şəkildə pozmuşdur. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə siqnal verməlidir və bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Həmin Qanunun 41-ci maddəsi isə “yol vermək” anlayışını normativ olaraq müəyyən edir. Videogörüntüdən aydın olur ki, İbaquliyev Məhəmməd öz hərəkət zolağını dəyişərək sağ zolağa keçməzdən əvvəl həmin zolaqda hərəkət edən və ona yaxın məsafədə olan avtobusun hərəkətinə maneə yaratmayacağına əmin olmamışdır. Sürücünün dönmə işıq siqnalını yandırması ona digər hərəkət iştirakçıları ilə münasibətdə üstünlük hüququ vermir. Həmin Qanunun 42-ci maddəsinin İİİ hissəsi birmənalı şəkildə göstərir ki, siqnal verilməsi sürücüyə üstünlük vermir və onu təhlükəsizlik tədbirləri görməkdən azad etmir. Şikayətçinin ara məsafəsinin saxlanılmaması ilə bağlı dəlili də əsassızdır. Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 50-ci maddəsinin İİİ hissəsi sürücünün elə ara məsafəsi seçməsini tələb edir ki, öndə gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Lakin bu norma, arxada hərəkət edən sürücünün qarşısına qəflətən və təhlükəli manevrlə daxil olan nəqliyyat vasitəsinin yaratdığı qəza şəraitinə görə məsuliyyətini istisna etmir. X3 təhlükəli manevri yol-nəqliyyat hadisəsinin birbaşa səbəbi olmuş, avtobus sürücüsü üçün toqquşmadan yayınmağı obyektiv olaraq qeyri-mümkün etmişdir. Beləliklə, X1 hərəkətləri birbaşa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş “manevr etmə qaydalarının pozulması” xətasının tərkibini yaradır. Məhkəmə hesab edir ki, təqdim olunmuş obyektiv sübutlar toplusu, yəni mübahisələndirilən qərar, ona əsas olan inzibati xəta haqqında protokol və xüsusilə də videogörüntü, X1 təqsirini tam sübuta yetirir və onun təqsirli olması barəsində İXM-nin 8.3-cü maddəsinin tələblərinə zidd olaraq heç bir ağlabatan şübhə qalmır. Mübahisələndirilən xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar səlahiyyətli vəzifəli şəxs tərəfindən, İnzibati Xətalar Məcəlləsinin tələblərinə, o cümlədən İXM-nin 124-cü maddəsinin prosessual qaydalarına riayət olunmaqla qəbul edilmişdir. Tətbiq edilən cərimənin məbləği İXM-nin 327.1-ci maddəsinin sanksiyası çərçivəsindədir və törədilmiş xətanın ictimai təhlükəliliyi dərəcəsinə mütənasibdir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində tətbiq edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar