Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-481/2026 18.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi ilə, "xxxx" MMC-nin nümayəndəsi X1, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 430.4-cü maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC barəsində İXMnin 430.4-cü maddəsi üzrə tərtib olunmuş xx.xx.2026-cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola görə Şəxs MMC (VÖEN: **********) 12122.30 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddətin keçməsinə baxmayaraq, 12122.30 ABŞ dolları hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 30 dekabr 2025-ci il tarixdə törədilmişdir. Məhkəməyə təqdim edilən protokolda qeyd edilir ki, Şəxs MMC 12122.30 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 12122.30 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmənin əvvəlki iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X2 çıxışında bildirmişdir ki, hazırda həmin şirkətin rəhbəri yol nəqliyyat hadisəsi ilə bağlı Belarusiya Respublikasında həbsdədir. Şirkətin bəyannamələri sırasında qeyd edilən bəyannamə vardır və mallar idxal edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC 30000.00 ABŞ dolları məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün «Kapital Bank” ASC-yə müraciət etmişdir. "xxxx" ASC tərəfindən Şəxs MMC -yə ünvanlanmış 1268 nömrəli 16 fevral 2026-cı il tarixli məktubundan görünür ki, xx.xx.2026-cı il tarixli məktuba cavab olaraq bildirilmişdir ki. Şəxs MMC (VÖEN: **********) tərəfindən “OOO EMD” şirkətinin xeyrinə apanlmış məktubda göstərilən avans ödənişləri **********4303, **********1357, **********1110, **********2294, **********2681 saylı gömrük bəyannamələri ilə bağlanılmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mərkəzi X3 xx.xx.2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən, iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsi qərarında qeyd olunduğu kimi, Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın hərtərəfli, tam və obyektiv aparılması prinsipini rəhbər tutaraq, işdə olan sənədləri və tərəflərin mövqelərini tədqiq edərək aşağıdakı qənaətə gəlir. Məhkəmə, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda irəli sürülən formal hüquq pozuntusu iddiasının mahiyyətini təyin etmək üçün, ilk növbədə, iş üzrə təqdim edilmiş sübutlar məcmusunu qiymətləndirməyi zəruri hesab edir. İş materiallarından müəyyən edilir ki, geri qaytarılmaması və ya idxal edilməməsi mübahisə edilən xx.xx.2023-cü il tarixli valyuta köçürməsi "xxxx" ASC tərəfindən həyata keçirilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2026-cı il tarixli məktubdan da göründüyü kimi xx.xx.2023-cü il tarixində aparılmış 30000.00 ABŞ Dolları (otuz min ABŞ Dolları) avans ödənişi **********4303, **********1357, **********1110, **********2294, **********2681 saylı bəyannamələr üzrə bəyan edilmişdir. Məhkəmə, işin faktiki hallarını qiymətləndirərkən, tətbiq edilən normanın hərfi mənasından daha çox, onun hüquqi təyinatını və qanunvericiliyin ümumi prinsiplərini rəhbər tutmağı zəruri bilir. İXM-nin 430.4-cü maddəsi Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin mühüm elementlərindən olan valyuta tənzimi və nəzarətinin təmin edilməsinə yönəlmişdir. Bu normanın məqsədi rezidentlər tərəfindən idxal əməliyyatı adı altında valyuta vəsaitlərinin əvəzsiz və geri qaytarılmamaq şərtilə ölkədən çıxarılmasının, yəni pərdələnmiş kapital axınının qarşısını almaqdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarında da qeyd edildiyi kimi, bu kimi normalar valyuta nəzarətinin effektivliyinin artırılmasına xidmət edir. Lakin, təqdim olunmuş iş üzrə vəziyyət bu normanın nəzərdə tutduğu hüquq pozuntusu fərziyyəsindən köklü şəkildə fərqlənir. Qanunun məqsədi valyuta itkisinin qarşısını almaqdırsa, valyuta qazancı ilə nəticələnən bir əmələ görə cəza tətbiqi həmin qanunun ruhuna və məqsədinə zidd olardı. Hüququn formal tətbiqi, onun əsl mahiyyətini üstələməməlidir. İXM-nin 8-ci maddəsi (Təqsirsizlik prezumpsiyası) tələb edir ki, şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilsin. Bu işdə, təqdim olunmuş sənədlər toplusu ən azı Şəxs MMC-nin təqsirsizliyi barədə ciddi və əsaslı şübhələr yaradır ki, bu da təqsirsizlik prezumpsiyasının prinsiplərinə uyğun olaraq şirkətin xeyrinə yozulmalıdır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixli müqavilə üzrə avans ödənişi **********4303, **********1357, **********1110, **********2294, **********2681 gömrük bəyannamələri ilə bağlanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, bu hərəkətsizliyin ictimai təhlükəliliyi sıfıra bərabərdir. İş materiallarından isə birmənalı şəkildə görünür ki, Şəxs MMC-nin həyata keçirdiyi əməliyyatlar zənciri nəticəsində Azərbaycan Respublikasının iqtisadi maraqlarına heç bir zərər dəyməmişdir. Belə ki, sözügedən mallar tam şəkildə ölkə ərazisinə idxal edilmişdir. Məhkəmə bu kontenkstə hərfi mənadan daha çox hüquqi mənaya yönəlir. İXM-nin 3-cü maddəsinin tələbinə görə, inzibati məsuliyyət yalnız təqsirli əmələ görə yaranır. Təqsir isə şəxsin törətdiyi əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə psixi münasibətini ifadə edir. Məhkəmə, işin hallarını təhlil edərək müəyyən edir ki, Şəxs MMC-nin hərəkətlərində valyuta tənzimi qaydalarını pozmağa yönəlmiş qəsd mövcud deyildir. Şirkətin məqsədi qanunsuz yolla valyuta çıxarmaq olmamış, sadəcə texniki yanlışlıq baş vermişdir. "xxxx" MMC-nin əməliyyatın bütün mərhələlərini sənədləşdirməsi, şəffaf şəkildə aparması və nəticədə alınmış malları tam həcmdə ölkəyə idxal etməsi onun hər hansı qanunsuz niyyətinin olmadığını sübut edir. Belə olan halda, şirkətin hərəkətlərində inzibati xəta tərkibinin subyektiv cəhəti, yəni təqsir elementi mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilən faktiki və hüquqi əsasların məcmusunu qiymətləndirərək bu qənaətə gəlir ki, Şəxs MMC tərəfindən həyata keçirilən əməliyyat ölkənin iqtisadi maraqlarına zərər vurmamış və bu əməldə şirkətin təqsiri olmamış, alınmış mallar tam şəkildə idxal edilmişdir. Buna görə də, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin elementləri mövcud deyildir. Məhz bu səbəbdən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2ci maddəsinə əsasən, Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 43, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin əməllərində inzibati xəta tərkibi olmadığından barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(5-97)-481/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-481/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver