Məhkəmə qərarları › İş №3(5-97)-5/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-5/2026

05.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-5/2026 05.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Əliyeva Tahirə Cəlil qızının katibliyi, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, Vergi Cinayətlərinin İbtidai Araşdırma Baş idarəsinin müstəntiqi, ünvan 1 ünvanda qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin 04 yanvar 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 00:15 radələrində YPX polis əməkdaşları ilə kobud danışaraq tabesizlik gösdərmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2026-cı il tarixdə xidmətdə olan zaman Azadlıq prospektində “BMW” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün təhlükəsizlik kəmərini taxması aşkar görünmədiyi üçün YPX əməkdaşı X2 tərəfindən saxlanılmışdır. Sürücüyə yaxınlaşıb özlərini təqdim edib, törətmiş olduğu qayda pozuntusunu izah etdikdən sonra sənədləri təqdim etməsi istənilmişdir. Lakin sürücü yüksək səslə danışaraq mübahisə yaratmış, sonra isə videoçəkiliş aparmağa başlamışdır. Qanunun tələblərinə qarşı gəldiyindən post patrul xidmətini köməyə çağırıb polis şöbəsinə aparılmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmənin sualına cavabında bildirmişdir ki, Şəxs polis şöbəsində olarkən mobil telefonuna baxış keçirilmiş, lakin heç bir videoçəkiliş aşkar edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2026-cı il tarixdə gecə saatlarında avtomobili ilə hərəkət edən zaman YPX-nin əməkdaşı onu saxlamış və kəməri taxmadığını bildirmişdir. Bu zaman o, inspektora barəsində cərimə yazılmasını demiş, polis əməkdaşı onun içkili olub-olmamasını yoxlamağı təklif etmişdir. Bundan sonra aralarında mübahisə yaranmış, lakin səs-küy salmamış, heç bir videoçəkiliş aparmamışdır. YPX-nin əməkdaşının alkotestr ilə yoxlamasına razı olmamış, tibbi müayinə yerinə aparılmasını tələb etmişdir. Lakin YPX inspektoru əraziyə PPX əməkdaşlarını çağırmış, o da oraya gələn PPX əməkdaşlarının təklifi ilə 16-cı Polis şöbəsinə getmişdir. Hətta polis əməkdaşları tərəfindən onun sərxoşluq vəziyyəti də yoxlanılmış, ayıq olduğu müəyyən edilmişdir. Polisin hansı qanuni tələbinə tabe olmamağı hələ də ona məlum deyildir. Ona görə də barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin yol patrul xidməti baş inspektoru X2 izahatında bildirmişdir ki, xidmətdə olarkən vətəndaş Şəxs idarə etdiyi nəqliyyat vasitəsində təhlükəsizlik kəmərini bağlamadığını müşahidə edib 2026-cı ilin yanvar ayının 3-dən 4-ə keçən gecə saxlanılmışdır. Təhlükəsizlik kəməri ilə bağlı yol verdiyi qayda pozuntusu sürücüyə izah edilmiş, daha sonra bayram günləri baş verən yol nəqliyyat hadisələrinin çoxluğu ilə bağlı içkili olubolmamasını yoxlamaq istəmişdir. Sürücü bu zaman yüksəs səs tonu ilə danışmağa başlamış, həmçinin mobil telefonu ilə videoçəkiliş aparmışdır. O, videoçəkilişin aparılmasını dayandırmasını tələb etmişdir. Bundan əlavə sürücü sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina etmişdir. Ona görə də o, əraziyə PPX-nin əməkdaşlarını çağırmış və şəxs şöbəyə aparılmışdır. Sürücünün sərxoşluq vəziyyəti sonradan yoxlanıldıqda ayıq olduğu müəyyən edilmişdir. Polis şöbəsində əməkdaşlar tərəfindən aparılmış araşdırma zamanı sürücünün mobil telefonunda videogörüntü aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ƏÇPA-nın Polis Bölməsinin polis nəfərlərinin xx.xx.2026-cı il tarixli raportundan görünür ki, həmin gün saat 00:40 radələrində xidmət aparan zaman radiorabitə cihazı vasitəsi ilə “Samurun” göstərişinə əsasən Azadlıq prospekti ilə Həsən Əliyev küçələrinin kəsişməsində 652YPX-ə köməklik edilməsi bildirmişdir. Onlar da dərhal yaxınlaşaraq polis əməkdaşları ilə aralarında anlaşılmazlıq olan vətəndaş aiddiyəti üzrə avtopatrulla 16-cı Polis şöbəsinə gətirilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və mövqeyini əsaslandıran hallar: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir ki, hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə iş materiallarını tam və hər tərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Şəxs polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamanın nədə ifadə olunması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Həmçinin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs polis əməkdaşlarına tabesizlik göstərmədiyini qeyd etmişdir. Bundan əlavə İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın olubolmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Şərh olunan hallara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə təqsirli olması İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddə ilə təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 53.2, 48-61, 105.1, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar