Məhkəmə qərarları › İş №3(5-97)-515/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(5-97)-515/2026

04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-97)-515/2026 04.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızı, X2 barəsində tərtib edilmiş EQ32437188 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş EQ32437188 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi orqanı tərəfindən göndərilmiş “webmail” məlumatında yalnız törədilmiş inzibati xətanın tarixi, inzibati tənbeh vermə haqqında qərarın nömrəsi və tətbiq edilmiş cərimə məbləği göstərilmişdir. Həmin sənəddə inzibati xəta haqqında qərarın hansı vəzifəli şəxs və ya hansı səlahiyyətli orqan tərəfindən tərtib edildiyini müəyyən etməyə imkan verən məlumatlar mövcud deyildir. Bu hal inzibati xəta haqqında protokolun qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilib-edilmədiyini, habelə qərarın səlahiyyətli şəxs tərəfindən qəbul olunub-olunmadığını yoxlamağı mümkünsüz edir və işin hərtərəfli, obyektiv və qanuni araşdırılmasına mane olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2, 128.2.3-cü maddələrinə əsasən isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göründüyü kimi, qanunvericilik inzibati xəta haqqında protokoldan deyil, həmin protokol üzrə qəbul edilmiş qərardan şikayət verilməsini nəzərdə tutmuşdur. X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərarı əldə edib həmin qərarı mübahisələndirməli olduğu halda, həmin qərarı əldə etməmişdir. Sadalanan hal, həmçinin şikayətin məhkəmə aidiyyətinin müəyyən edilməsini də qeyri-mümkün edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə əlavə olunmuş sənədlər natamam olduğundan və işə baxılarkən tamamlanması mümkün olmadığından X2 şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: X4 tərəfindən barəsində tərtib edilmiş EQ32437188 saylı xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər ona geri qaytarılsın. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar