Məhkəmə qərarları › İş №3(5-97)-532/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-532/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-532/2026 17.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi ilə, Şəxs MMC (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə EP seriyalı ******* nömrəli, 30 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC 329600.00 ABŞ dolları məbləğində vəsaiti 27 dekabr 2023-cü il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 329600.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 28 dekabr 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, sözügedən hüquqi şəxs Çin dövlətindəki hüquqi şəxs ilə əməkdaşlıq etməsinə baxmayaraq, mallar həmin hüquqi şəxs tərəfindən vaxtında göndərilməmişdir. Bunu həmin hüquqi şəxsin nümayəndəsi də təsdiq edə bilər. Bununla bağlı hazırda Bakı Kommersiya Məhkəməsində iddia qaldırmaq üçün hazırlıq işləri görürlər. Bu səbəbdən təqsirləri olmadığından iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC-nin 07 yanvar 2026-cı il tarixli, 6-2-30/2-644/2026 nömrəli Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış məktubundan görünür ki, banklarda avans köçürmə aparan müştərilər “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının 4.3.1.3 bəndinə müvafiq olaraq Azərbaycan Respublikasından kənara qabaqcadan aparılmış ödəniş müqabilində malla (xidmətlərin) idxalını təsdiq edən sənədlərini təqdim etməyən müştərilərin adları və köçürməyə aid bütün təsdiqedici sənədləri Banka təqdim edirlər. Müştərilərin ödəniş əməliyyatlarının siyahısında Şəxs MMC-də göstərilmişdir. xx.xx.2026-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC 329600.00 ABŞ dolları məbləğində pulun ölkə xaricinə köçürülməsi üçün «ABB” ASC-yə müraciət etmişdir. “Sultan elektronik” HK Limited şirkəti ilə Şəxs MMC arasında bağlanılmış müqavilədən görünür ki, mübahisələrin arbitraj məhkəməsi tərəfindən beynəlxalq hüquq qaydalarına uyğun həll edilməsi razılaşdırılmışdır. “Sultan Elektronik HK Limited” şirkəti tərəfindən İlqar Məhyəddinov, Şəxs MMC tərəfdən Fərid Firatzadə çıxış etmişdir. Hüquqi məsələlər və məhkəmənin hüquqi mövqeyi: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir.Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 45/1 nömrəli 28 noyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydarının: 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 270 (iki yüz yetmiş) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır. Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda (xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən) bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın: 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xətanın törədilib-törədilməməsini müəyyən etmək üçün ilk növbədə iş üzrə təqdim edilmiş sübutlar məcmusunu qiymətləndirməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 07 yanvar 2026-cı il tarixli məktubu və ona əlavə edilmiş ödəniş sənədləri birmənalı şəkildə təsdiq edir ki, Şəxs tərəfindən 27 dekabr 2023-cü il tarixində “Sultan Elektronik HK Limited” şirkətinin hesabına 329600.00 ABŞ dolları məbləğində avans ödənişi həyata keçirilmişdir. Bu əməliyyatın həyata keçirildiyi andan etibarən, adı çəkilən hüquqi şəxsin üzərinə Azərbaycan Respublikasının valyuta tənzimi qanunvericiliyindən irəli gələn konkret hüquqi öhdəliklər düşmüşdür. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 30 yanvar 2026cı il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş bank məlumatları sübut edir ki, qanunvericiliklə müəyyən edilmiş 2 illik müddətin tamamlandığı 27 dekabr 2025-ci il tarixinədək 329600.00 ABŞ dollar müqabilində nə malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi, nə də xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, habelə köçürülmüş valyuta vəsaiti geri qaytarılmamışdır. Bu faktlar iş üzrə mübahisələndirilmir və sənədlərlə tam sübuta yetirilmiş hesab olunur Məhkəmə, müəyyən edilmiş faktiki hallara hüquqi qiymət verərkən, tətbiq edilən normanın təkcə hərfi mənasını deyil, həm də onun hüquqi təyinatını, qanunvericinin iradəsini və qoruduğu ictimai münasibətlərin mahiyyətini əsas götürür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi valyuta tənzimi sahəsində dövlətin iqtisadi siyasətinin mühüm alətlərindən biridir. Bu normanın məqsədi sadəcə formal bir prosedur tələbini müəyyən etmək deyil, daha mühüm məqsədlərə xidmət edir. Normanın əsas təyinatı, idxal əməliyyatı adı altında pərdələnmiş, əslində isə geri qayıtmayan valyuta vəsaitlərinin ölkədən çıxarılmasının qarşısını almaqdır. Ölkədən çıxan və geri qayıtmayan hər bir valyuta vahidi dövlətin tədiyyə balansına mənfi təsir göstərir. Qanunverici bu müddəti müəyyən etməklə, iqtisadi subyektləri valyuta əməliyyatlarına məsuliyyətlə yanaşmağa və ölkənin makroiqtisadi sabitliyini təmin etməyə sövq edir. Valyuta vəsaitlərinin hərəkətinə nəzarət, həm də çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi kimi transmilli cinayətlərin qarşısının alınmasında mühüm rol oynayır. Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli Qərarı ilə müvafiq Qaydalara edilən dəyişikliklə, avans ödənişləri üzrə öhdəliyin icra müddətinin 270 gündən 2 ilədək uzadılması qanunvericinin sahibkarlıq fəaliyyətinin reallıqlarını və beynəlxalq ticarətdəki mümkün gecikmələri nəzərə aldığını göstərir. Bu, kifayət qədər uzun və ağlabatan bir müddətdir ki, bu müddət ərzində öhdəliyin icra edilməməsi artıq subyektin məsuliyyətsizliyinə və ya qanunun tələblərinə biganəliyinə dəlalət edir. İnzibati xətanın obyektiv cəhəti, qanunla müəyyən edilmiş qaydaların pozulması ilə ifadə olunan ictimai təhlükəli əməldə (hərəkət və ya hərəkətsizlikdə) təzahür edir. Bu iş üzrə obyektiv cəhət, hüquqi şəxsin hərəkətsizliyi, yəni valyuta vəsaitinin köçürüldüyü andan etibarən qanunvericiliklə müəyyən edilmiş 2 (iki) illik müddət ərzində idxal əməliyyatını təsdiq edən sənədləri səlahiyyətli banka təqdim etməməsi və ya ödənilmiş vəsaiti geri qaytarmaması ilə tam şəkildə formalaşmışdır. Məhkəmə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 dekabr 2019-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyi rəhbər tutaraq, barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin məhkəmənin əvvəlki iclaslarında irəli sürdüyü dəlillərə və iş materiallarına əlavə edilmiş sənədlərə ayrıca hüquqi qiymət verilməsini zəruri hesab edir. Həmin Qərarda göstərilmişdir ki, məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Məhkəmə bu tələbi rəhbər tutaraq, müdafiə tərəfinin hər bir dəlilini ayrıca araşdırır və qiymətləndirir. İlk növbədə qeyd edilməlidir ki, hüquqi şəxsin nümayəndəsi Nümayəndə2 məhkəmənin əvvəlki iclasında bildirmişdir ki, sözügedən valyuta vəsaiti Çin Xalq Respublikasındakı hüquqi şəxsə real kommersiya əməliyyatı çərçivəsində köçürülmüş, lakin xarici tərəfdaş müqavilə öhdəliklərini icra etməmişdir. Məhkəmə bu dəlili İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tənqidi qiymətləndirərək qeyd edir ki, hüquqi şəxsin həmin iddiasını təsdiq edən sübutlar, o cümlədən tərəflər arasında mal göndərilməməsi barədə yazışmalar, pretenziya məktubları, sifarişin gedişatına dair sorğu və cavablar və ya xəbərdarlıqlar iş materiallarında mövcud deyildir. Sübutlarla dəstəklənməyən subyektiv fikir, nə qədər inandırıcı görünsə belə, təqsiri istisna edən hal qismində nəzərə alına bilməz. Bundan əlavə, məhkəmə işin materiallarına əlavə edilmiş “Sultan Elektronik HK Limited” şirkəti ilə Şəxs MMC arasındakı müqavilənin 10.3-cü maddəsini araşdırarkən müəyyən edir ki, müqavilədən irəli gələn istənilən mübahisə beynəlxalq hüquqa uyğun olaraq arbitraj məhkəməsi tərəfindən, bir arbitr vasitəsilə, ingilis dilində həll edilməlidir. Müqavilənin 11.4-cü maddəsi isə müqavilədə nəzərdə tutulmayan məsələlərdə tərəflərin beynəlxalq hüquq normalarını rəhbər tutmasını müəyyən edir. Bu şərtlər, Azərbaycan Respublikası məhkəmələrinin, o cümlədən Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasını müqavilə çərçivəsindəki mübahisələr üzrə tam istisna edir. Buna baxmayaraq, hüquqi şəxsin nümayəndəsi məhkəmədə bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmışdır. Məhkəmə bu ifadəyə hüquqi qiymət verərkən qeyd edir ki, müqavilədə nəzərdə tutulmuş mübahisələrin həlli mexanizmini kənara qoyaraq, həmin mexanizmə zidd olaraq digər məhkəməyə müraciət edilməsi, hüquqi şəxsin vicdanlı və səmərəli hüquqi müdafiə vasitəsi seçdiyini sübut etmir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, müqavilə ilə bağlı tərəflərin hüquq və vəzifələri tərəflərin razılığı ilə seçilən hüquqla tənzimlənir. Tərəflər müqavilədə arbitraj barədə razılığa gəldikdə, mübahisənin həmin mexanizmlə həll edilməsi hər iki tərəf üçün məcburi xarakter daşıyır. Vicdanlı sahibkar müqavilə şərtlərinə uyğun hərəkət etməli, qarşı tərəfin müqavilə öhdəliklərini pozmasına cavab olaraq müqavilədə nəzərdə tutulmuş mübahisələrin həlli istiqamətində hərəkət etməli idi. Daha sonra, məhkəmə valyuta vəsaitinin köçürüldüyü şirkətin, yəni “Sultan Elektronik HK Limited” şirkətinin hüquqi statusunu araşdırarkən müəyyən edir ki, həmin şirkət 02 sentyabr 2020-ci il tarixində Honq Konq şəhərində qeydiyyatdan keçmiş, lisenziyasının qüvvədə olma müddəti isə 01 sentyabr 2021-ci il tarixində başa çatmışdır (bu sənədlər hüquqi şəxsin özü tərəfindən elektron kabinetə əlavə edilmişdir). Şirkətin təsisçisi və direktoru Azərbaycan Respublikası vətəndaşı X2 olmuş və onun yaşayış ünvanı isə Çin Xalq Respublikası olaraq göstərilmişdir. Şirkətin bank hesabı isə Honq Konqda deyil, Çin Xalq Respublikasında açılmışdır. Bu halların məcmusu, həmin şirkətin real fəaliyyət göstərən şirkət olmasına dair əsaslı suallar yaradır. Lisenziyasının müddətinin hələ 2021-ci ildə bitməsi, Azərbaycan vətəndaşının yeganə direktor və təsisçi qismində çıxış etməsi, qeydiyyat ölkəsi (Honq Konq) ilə bank hesabının açıldığı ölkənin (Çin Xalq Respublikası) fərqli olması kimi hallar, beynəlxalq maliyyə nəzarəti təcrübəsində pərdələnmiş şirkətlərə xas olan əlamətlərdir. (Maliyyə Fəaliyyəti üzrə İşçi Qrupu (FATF) tövsiyələri) Eyni zamanda, məhkəmə hüquqi şəxsin hərəkətsiz gözləmə müddətinə xüsusi diqqət yetirir. Müqavilə 20 oktyabr 2023-cü il tarixində imzalanmış, avans ödənişi 27 dekabr 2023-cü il tarixində həyata keçirilmiş, müqavilənin qüvvədə olma müddəti 29 dekabr 2024-cü il tarixində başa çatmışdır. Qanunvericiliyə uyğun olaraq, hüquqi şəxsə valyuta vəsaitinin müqabilində öhdəliyi icra etməsi üçün 27 dekabr 2025-ci il tarixinədək 2 illik müddət verilmişdir. Lakin iş materiallarından müəyyən olunur ki, bu iki il müddət ərzində hüquqi şəxs xarici tərəfdaşa qarşı hər hansı tədbir görməmiş, o cümlədən müqavilədə nəzərdə tutulan arbitraj məhkəməsinə müraciət, yazılı pretenziya və ya buna bərabər başqa bir hüquqi vasitədən istifadə edildiyini təsdiq edən sənəd məhkəməyə təqdim olunmamışdır. Hüquqi şəxsin nümayəndəsinin məhkəmənin əvvəlki iclaslarında bildirdiyi kimi, əməliyyatın həyata keçirilməsindən təqribən iki il, müqavilənin qüvvədə olma müddətinin bitməsindən isə on dörd ay sonra iddia ilə məhkəməyə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsində bununla bağlı qərar qəbul edilsə belə, bu avtomatik hüquqi şəxsin təqsirsizliyini təsdiq edəcək bir fakt kimi çıxış edə bilməz ki, yuxarıda qeyd edildiyi kimi mübahisələrin həlli qaydası pozulmuşdur. Habelə, məhkəmə iş materiallarına əlavə edilmiş X1 Bakı Kommersiya Məhkəməsinə təqdim etdiyi izahatı qiymətləndirir. Həmin şəxs bildirir ki, Sultan Elektronik MMC-nin yaradılmasında və Çindən məhsulların idxalının təşkilati proseslərində iştirak etmiş, lakin COVİD-19 pandemiyası səbəbilə Çinə səfər edə bilməmiş və şirkətin direktoru qismində İlqar Məhyəddinovun təyin edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, X5 Reyestrinin sənədlərindən Əhməd Mütəllimovun “Sultan Elektronik HK Limited” şirkətinin yeganə təsisçisi, direktoru və səhmdarı olduğu müəyyən edilmişdir. Bu hal onu göstərir ki, valyuta vəsaitinin köçürüldüyü benefisiar şirkət ilə barəsində icraat aparılan hüquqi şəxs arasında şəffaf olmayan təşkilati əlaqələr mövcud ola bilər. Əhməd Mütəllimovun izahatının sübut dəyərinə gəlincə, məhkəmə qeyd edir ki, izahat verən şəxs eyni zamanda həm ödənişi edən tərəflə, həm də ödənişi alan tərəflə birbaşa əlaqəlidir. Belə olan halda, həmin izahat mötəbər sübut növü kimi qiymətləndirilə bilməz və digər sübutlarla (məhkəmə qərarı, gömrük bəyannaməsi) dəstəklənmədikcə, təqsiri istisna edən hal kimi qəbul edilə bilməz. Bu səbəbdən məhkəmə həmin şəxsin çağırılaraq sorğu sual edilməsi ilə bağlı vəsatəti əsassız hesab edərək rədd edir. Sahibkarlıq fəaliyyəti xarakter etibarilə riskə əsaslanan fəaliyyət növüdür. Hüquqi şəxs xarici tərəfdaşı seçərkən lazımi araşdırma aparmaq, onun maliyyə vəziyyətini və hüquqi statusunu qiymətləndirmək, habelə öz riskləri idarə etmək vəzifəsini daşıyır. Müqavilənin 9.1-ci maddəsində satıcının malı vaxtında göndərməməsi halında hər həftə üçün çatdırılmayan malların dəyərinin 0,25%-i həcmində dəbbə pulu nəzərdə tutulmuşdur. Bu, tərəflərin riskin fərqində olduğunu və müqavilə vasitəsilə onun qarşısının alınmasının mümkünlüyünü göstərir. Hüquqi şəxsin bu mexanizmləri 2 il ərzində istifadə etməməsi, eləcə də müqavilədə nəzərdə tutulan hüquqi müdafiə vasitələrinə vaxtında müraciət etməməsi, təqsirin mövcudluğuna dəlalət edir. Hazırkı işdə isə, xarici tərəfdaşın müqavilə öhdəliyini icra etməməsi fors major deyil, adi kommersiya riskidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən, əgər Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Şəxs bir hüquqi şəxs olaraq, öz fəaliyyətində, xüsusilə də valyuta əməliyyatları kimi ciddi nəzarətdə olan bir sahədə qanunvericiliyin tələblərini bilməli və onlara riayət etmək üçün bütün zəruri tədbirləri görməli idi. Öhdəliyin icrası üçün qanunvericiliklə verilmiş 2 illik kifayət qədər uzun müddət ərzində heç bir tədbir görülməməsi, hüquqi şəxsin öz öhdəliklərinə laqeyd yanaşdığını göstərir. İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Bu işdə inzibati tənbehin tətbiqi, digər iqtisadi subyektlərə valyuta tənzimi qaydalarına ciddi riayət etməyin zəruriliyi barədə aydın bir mesaj verəcək və gələcəkdə bu kimi hüquq pozuntularının qarşısının alınmasına xidmət edəcəkdir. Məsuliyyətin qaçılmazlığı prinsipinin təmin edilməsi, ümumilikdə hüquq qaydasının möhkəmləndirilməsi üçün zəruridir. İXM-nin 32 və 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar bu işdə müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilən faktiki halların və hüquqi əsasların məcmusunu qiymətləndirərək, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibinin tam sübuta yetirildiyi qənaətinə gəlir. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48- 51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 329600.00 ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 65.920 ABŞ dolları (qərar icra edilən günə manatın məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar