Məhkəmə qərarları › İş №3(5-97)-541/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-541/2026

11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-541/2026 11.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə Şikayət vermiş şəxs X2 iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ seriyalı 33603189 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ seriyalı 33603189 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi barədə şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, xx.xx.2026-cı il tarixində saat 17:42-də Əhməd Rəcəbli küçəsi ilə Təbriz prospekti istiqamətində hərəkətdə olarkən, Əhməd Rəcəbli küçəsinin sonunda Təbriz küçəsinə sağa dönən hissədə ona məxsus “Toyota RAV4” markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bu barədə xx.xx.2026-cı il tarixli, EQ33603189 nömrəli inzibati tənbeh vermə haqqında protokol tərtib edilərək elektron qaydada göndərilmişdir. Şəxs tərəfindən Nərimanov rayon DYP şöbəsinə müraciət olunmuş və xx.xx.2026-cı il tarixində qərar əldə edilmişdir. Lakin təqdim edilən qərarın inzibati qanunvericiliyin tələblərinə uyğun nömrəsi göstərilməmiş, qərara nömrə verilməməsinin səbəbi barədə ona hər hansı izahat təqdim edilməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2026-cı il tarixində Əhməd Rəcəbli küçəsi ilə yolun ikinci zolağı ilə hərəkət edərək küçənin sonuna qədər gəlmişdir. Küçənin sonunda yolu tənzimləyən işıqforun sağa dönmə istiqamətində yaşıl işıq yandığı üçün hərəkətini davam etdirərək sağa dönmüş və Təbriz küçəsinə daxil olmuşdur. Həmin yol kəsişməsində avtobus zolağı bitir. O, məhz avtobus zolağının bitdiyi hissədən sağa dönmüşdür ki, bu hal təqdim edilən fotoşəkildən də aydın görünür. Avtomobilin təkərinin qısa müddətli olaraq avtobus zolağına düşməsi inzibati məsuliyyət üçün əsas ola bilməz. Fotoşəkli çəkən və protokol tərtib edən vəzifəli şəxs hadisəni düzgün qiymətləndirməmişdir. Qərarın verilməsinə əsas olan kamera görüntüsündən onun sağa dönmə manevri etdiyi, avtobus zolağında davamlı hərəkət etmədiyi açıq şəkildə görünür. O, avtobus zolağında hərəkət etməmiş, yalnız avtobus zolağının bitdiyi kəsişmədə sağa dönmə etmişdir. İşıqfordan sonra həmin zolaq davam etmir və məhz orada bitir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş xüsusi hərəkət zolağında digər nəqliyyat vasitələrinin hərəkət etməsinə görə məsuliyyət nəzərdə tutulur. Lakin göstərilən normanın tətbiqi üçün həmin zolaqda faktiki hərəkət etmə halı sübuta yetirilməlidir. Hazırkı vəziyyətdə isə şəxs həmin zolaqda hərəkət etməmiş, yalnız sağa dönmə manevri icra etmişdir. Təqdim edilən fotoşəkil inzibati xəta tərkibini tam, aydın və şübhəsiz şəkildə sübut etmir. Əksinə, fotodan onun dönmə əməliyyatı həyata keçirdiyi görünür. Bu isə 327.1-1-ci maddənin tətbiqi üçün zəruri hüquqi əsasların mövcud olmadığını göstərir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən, inzibati məsuliyyət qanunçuluq, təqsirsizlik prezumpsiyası və ədalətlilik prinsiplərinə əsaslanmalıdır. Təqsiri sübuta yetirilmədən heç kəs məsuliyyətə cəlb edilə bilməz. Bir daha qeyd olunur ki, o, avtobus zolağında hərəkət etməmişdir. İnzibati məsuliyyətin tətbiqi üçün təqsirin tam və şübhəsiz sübuta yetirilməsi zəruridir. Mövcud halda isə təqsirin sübut edilməsində şübhələr mövcuddur və bu şübhələr aradan qaldırılmadığı təqdirdə məsələ vətəndaşın xeyrinə həll edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, EQ seriyalı 33603189 nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X3 tərəfindən Azərbaycan Respublikası İXM-in 327.1-1-ci maddə də nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin X6i Şöbəsinin əməkdaşı Ülvi Səfərov tərəfindən məhkəməyə göndərilmiş 01 ədəd CD diskdə olan görüntülərdən aydın olur ki, şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması faktı təsdiqini tapmır. Həmin görüntülərdən onun ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş xüsusi hərəkət zolağında hərəkət etməsi müəyyən edilmir və bu hal sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 327.1-1-ci maddəyə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə – yüz manat məbləğində cərimə edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə hesab edir ki, qərarda göstərilən hallar müvafiq inzibati orqan tərəfindən hərtərəfli və obyektiv araşdırılmamışdır. Nəqliyyat vasitəsinin sürücüsünün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsini təsdiq edən sübutlar ona təqdim edilməmiş, eləcə də bu barədə konkret və əsaslandırılmış məlumat verilməmişdir. Bu isə qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı ilə bağlı şübhələr yaradır. Nəticədə xx.xx.2026-cı il tarixli EQ 33603189 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, qərarda da hər hansı sübuta istinad edilmədən yenidən formal olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2026-cı il tarixli EQ 33603189 saylı “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2026-cı il tarixli EQ 33603189 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar