Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-561/2026 04.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bakı şəhərində andan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-2592/2025 saylı icra sənədinə əsasən Şəxs hər ay 2 uşaq üçün sonrakı artımlarla minimum əmək haqqının 0,615 misli miqdarında aliment ödəməli olduğu halda, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və öhdəliyin icrası təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolu müdafiə edərək qeyd etmişdir ki, icra sənədi xx.xx.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildirişlər göndərilmiş, ona zənglər edilməsinə baxmayaraq zənglərə cavab verməmiş, qərəzli olaraq çağırışlara gəlməmişdir. İcra sənədinə əsasən iki uşağa görə aylıq 492 manat məbləğində alimentin xx.xx.2025-ci ildən tutulması müəyyən edilmişdir. Lakin borclu tərəfindən ödəniş edilməmiş, sentyabr ayında tələbkarın şikayəti əsasında Şəxs 2000 manat məbləğin 1150 manat hissəsini ödəmiş, tələbkar Zərərçəkmiş şəxs qalan hissəsini güzəştə gedərək ödənilmiş kimi qəbul etmişdir. Borclu ayba-ay alimenti ödəyəcəyinə söz versə də xx.xx.2025-ci ildən 5 aydır ki, hazırkı vaxtadək heç bir ödəniş etməmişdir. Hazırda Şəxs icra sənədi üzrə bu günə olan aliment borcu 2460 manat təşkil edir. Qeyd edilənlərə əsasən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, səhhətində yaranmış problemlərə görə işləmir və ona görə də alimenti ödəmir. İcra məmurunun çıxışında qeyd etdikləri düzdür. Hazırda məhkəmə iclasında 1000 manat ödəniş edə bilir. Məhkəmədən xahiş edir ki, barəsində daha yüngül inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilsin. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, borclu Şəxs icra sənədi üzrə bu günədək 1150 manat ödəniş etmişdir. 2025-ci ilin sentyabr ayında şikayəti əsasında icra məmurunun yanında o vaxtadək borclu olduğu 850 manat pulu isə övladlarının atası olduğu üçün güzəşt etmişdir. Lakin bu şəxs ümumiyyətlə bir ilə yaxındır ki, uşaqları ilə görüşmür, onlarla ünsiyyət qurmur. Sonuncu ödənişdən 5 ay keçməsinə baxmayaraq bir manat belə ödəniş etməmişdir. Barəsində şikayətçidir, ona görə də inzibati qaydada həbs edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-2592/2025 saylı icra vərəqəsindən görünür ki, borclu Şəxs xx.xx.2020-cı il təvəllüdlü X5 və xx.xx.2022ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.615 misli həddində sabit pul məbləğində aliment tutularaq borclu X1 xeyrinə ödənilməsi, alimentin ödənilməsinin xx.xx.2025-ci il tarixdən hesablanması qət edilmişdir. “İcraata başlama haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-2592/2025 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. “Borclunun axtarışı haqqında” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Şəxs Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə verdiyi xx.xx.2026-cı il tarixli izahatdan görünür ki, sağlamlığı ilə əlaqədar işləyə bilmədiyinə görə aliment borcunu ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs X3 tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2026-cı il tarixli ərizədən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-2592/2025 saylı icra sənədi üzrə borclu Şəxs 1000 manat məbləğində aliment pulu qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də öz əksini tapmışdır. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədləri ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən qanunla müəyyən edilmiş qaydada yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs səhhəti ilə əlaqədar işləyə bilməməsi səbəbindən icra sənədini icra etmədiyini göstərsə də, məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxsin həmin arqumentinin məhkəmə aktının və digər icra sənədlərinin icrasız qalmasının üzrlü halı kimi qəbul olunmasını mümkün hesab etmir, bu dəlillərin şəxsin məhkəmə qətnaməsinin tam şəkildə icrasında maraqlı olmaması qənaətinə gəlməyə imkan verdiyini vurğulayır. Belə ki, şəxs səhhətində problem olmadığı vaxtlarda da icra sənədinin icra olunması istiqamətində heç bir addım atmamışdır. Bu isə onu deməyə əsas verir ki, Şəxs məhkəmə iclasında icra sənədini icra etməməsinin səbəbi kimi hər hansı üzrlü hala istinad edə bilməmiş, icra sənədinin icraya yönəldilməsindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə qərarı və icra qeydləri ilə müəyyən edilmiş məbləğin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, aliment borcunun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32.2-ci maddəsinə əsasən Şəxs icra sənədi üzrə yaranmış hazırkı borcundan qismən ödəniş etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, yaşını və şəxsiyyətini, əmlak və sağlamlıq vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməklə bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 500 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(5-97)-561/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-561/2026
04.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver