Məhkəmə qərarları › İş №3(5-97)-597/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-597/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-597/2026 05.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamal Babayev Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, usta kimi fərdi işlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis şöbəsinin sahə inspektoru X2 tərəfindən Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2026-cı il tarixli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, ərazisində polisin qanuni tələblərinə tabe olmamış, tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nərimanov RPİ 17-ci polis şöbəsinin sahə inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, xx.xx.2026-cı il tarixdə xidmətdə olarkən Nərimanov rayonu Ziya Bünyadov prospektində Socar YDM-in qarşısında **-OR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi avtobus zolağında hərəkət etdiyi üçün saxlama işarəsinə sürücü tabe olmamış, daha sonra digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə təhlükə törədərək hərəkətini davam etdirmişdir. Digər patrul maşının köməyi ilə sürücü saxlanılmış və tabesizlik göstərdiyi üçün onu 17-ci polis şöbəsinə təhvil vermişlər. Şöbədə məlum olmuşdur ki, onun sürücülük vəsiqəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək qeyd etmişdir ki, hadisə günü xəstəxanaya getmiş, iynə vurulduğu üçün qol nahiyəsi ağrımışdır. Dərhal evə getməyə istəmiş və bu zaman avtobus zolağına daxil olduqda polis ona yaxınlaşıb qayda pozuntusu etdiyini bildirmişdir. Daha sonra ağrılarına görə dərhal evə getmək istədiyi üçün polisin göstərişlərinə tabe olmamışdır. Əməlindən peşimandır. Həmçinin bildirmişdir ki, bu günə qədər sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində sorğu sual edilmiş polis əməkdaşı X4 izahatında göstərmişdir ki, sürücü Şəxs avtobus zolağında hərəkət qadağan olunmuş vaxtda qaydalarını pozduğu üçün tərəfindən saxlanılması üçün işarə vermişlər və sürücü tabesizlik göstərmişdir. Əvvəl nəqliyyat vasitəsini kənara çəkmək istəsə də, sonradan onlara kamera ilə cəriməni evə göndərərsiniz deyib nəqliyyat vasitəsinin hərəkətini davam etdirmişdir. Bu zaman ara küçələrə daxil olmuş, digər patrul avtobili köməyə çağırılaraq, təxminən 10 dəqiqədən artıq təqibdən sonra sürücü saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Hətta saxlanıldıqdan sonra da nəqliyyat vasitəsindən düşməkdən imtina etmişdir. Bildirmişdir ki, sürücü ona səhhəti ilə bağlı bir şey bildirməmiş, əksinə törətdiyi əməlləri etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində sorğu sual edilmiş X3 Farizxan Teymur oğlu ilə eyni məzmunlu izahat verərək Şəxs tabesizlik göstərdiyini bildirmişdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, ərazisində polisin qanuni tələblərinə tabe olmamış, tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2026-cı il tarixli AZA seriyalı 020337 nömrəli protokoldan görünür ki, Şəxs 04.2026-c ıil tarixdə saat 18:30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərdən müəyyən olunur ki, sürücü Şəxs tərəfindən 15 dəqiqədən artıq davam edən təqib zamanı aktiv şəkildə polisin qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərməsi müşahidə olunur. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.4-cü maddəsinə əsasən İXM-nin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən polis əməkdaşları ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində o cümlədən hər bir şəxsin təhlükəsizliyini təmin etmək, kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək və hüquqi və fiziki şəxslərin əmlakını hüquqazidd əməllərdən qorumaq vəzifələri daşıyırlar. 17-ci maddəsinə əsasən polis əməkdaşlarının, o cümlədən hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək, cinayət və ya inzibati xəta törətməkdə şübhə edilənlərin şəxsiyyətini müəyyənləşdirmək üçün sənədlərini yoxlamaq və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada cinayət və ya digər hüquqpozma törətmiş, yaxud törədilməsində şübhələnilən şəxsi tutmaq hüququ vardır. 18-ci maddəsinə əsasən ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşları, o cümlədən inzibati xətalara dair işlər üzrə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan tədbirləri görmək, ictimai qayda və ya insanların təhlükəsizliyi üçün təhlükə yarandıqda ərazilərə və binalara girişi və orada olmağı məhdudlaşdırmaq, nəqliyyatın hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək, ictimai yerlərdə sərxoş vəziyyətdə olan və müstəqil hərəkət etmək qabiliyyətini itirən, özünə və ətrafdakılara zərər yetirə bilən şəxsi xüsusi tibb müəssisəsinə gətirmək hüququna malikdirlər. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə toplanmış materialları, o cümlədən 05 fevral 2026-cı tarixli inzibati xəta haqqında protokolu, inzibati xəta haqqında protokolu tərtib etmiş polis əməkdaşının və barəsində icraat aparılan şəxs Şəxs izahatını, şahid ifadələrini, digər sənədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiq edərək, öz daxili inamı ilə qiymətləndirərək hesab edir ki, Şəxs əməlində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib elementləri mövcuddur və onun inzibati məsuliyyətə cəlb edilməsi üçün kifayət qədər hüquqi və faktiki əsaslar vardır. İXM-nin 535.1-ci maddəsi (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) üzrə: Bu inzibati xətanın obyekti idarəçilik qaydaları, xüsusilə də dövlət hakimiyyəti nümayəndəsinin normal fəaliyyətinin təmin edilməsi ilə bağlı yaranan ictimai münasibətlərdir. Obyektiv cəhətdən xəta, ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə ona yaxınlaşan və özünü təqdim edən polis əməkdaşının qanuni tələblərinə məhəl qoymamaqda və daha sonra onun tələblərindən imtina etməklə, ictimai qaydanın pozulmasında ifadə olunmuşdur. Polis əməkdaşına qarşı tabesizliyin aktiv və aşkar formada olması həm şahid ifadələri, həm də videogörüntülərlə tam sübut edilir. Subyektiv cəhətdən bu əməl də birbaşa qəsdlə törədilmişdir. Şəxs qarşısındakı şəxsin polis əməkdaşı olduğunu və onun tələblərinin qanuni xarakter daşıdığını dərk etmiş, lakin buna baxmayaraq, qəsdən onun tələblərini yerinə yetirməkdən imtina etmişdir. Məhkəmə barəsində icraat aparılan şəxsin qol nahiyəsinin ağrıması səbəbindən sözügedən hadisəni törətməsi ilə bağlı mövqeyinə müdafiə mövqeyi kimi yanaşır və rədd edir. Belə ki, o nə şahid polis əməkdaşlarına bu barədə məlumat verməmiş, nə də ki xəstəxanaya doğru hərəkət etməyərək qəsdən tabesizlik göstərmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən (32.1.1. inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı) və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qəsdən xarakteri, müddəti, digər hərəkət iştirakçılarının və polis əməkdaşlarının həyatına qarşı törədilmiş laqeydsizlik nəzərə alındıqda daha yüngül tənbeh tədbirlərinin tətbiqi hazırkı vəziyyətdə islahedici təsir göstərmək gücünə malik deyildir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 04 fevral 2026-cı il tarixdən, saat 18:30-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar