Məhkəmə qərarları › İş №3(5-97)-602/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-602/2026

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-602/2026 06.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4 Mirşamil oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixində Naxşıvan MR, Culfa rayonunda, anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işsiz, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1 və 510.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsindən daxil olmuş 06 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixində DYP əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis şöbəsindən daxil olmuş 06 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə DYP əməkdaşlarının qanuni tələblarına tabe olmamışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Barəsində inzibati icraat aparılan Şəxs eyni vaxtlarda törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar 06 fevral 2026-cı il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Şəxs səhər saat 8-9 radələrində, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində taksi fəaliyyəti ilə məşğul olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq, avtomobilin üzərində olan aksesuarın qadağan olunduğu bildirilmişdir. Bu zaman bu zaman polisin qanuni tələblərinə tabe olmamışdır, bildirmişdir ki, qayı maşınına yox, ancaq patrul xidmətinin maşınına oturub gedə bilər, raportda qeyd etdiklərinə görə daha sonra polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Tərəfindən şöbədə izahat alınarkən deylənlərin yalan olduğunu bildirmişdir. Protokolu müdafiə etdiyini, şəxsin barəsində müvafiq qərar qəbul dilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, taksi xidməti göstərir, saat 08:20 radələri idi xanım müştərini aprarkən, Montin tərəfdə polis onu saxlamış, bu zaman özü düşərək yaxınlaşmışdır, ona maşının üzərində olan aksesuara görə qohum əqrəbandır deməklə kobud ifadələr işlətmişdir, o isə bunun qadağan olunmadığını bildirmiş və açıb maşına qoymuşdur. Daha sonra 420 nömrəli polis maşını yaxınlaşmış aqressiv formada digər aksesuarları qopardı və üç nəfər ona qarşı zor göstərərək maşına mindirmək istəyərkən, o isə buna etiraz etmişdir. Daha sonra PPX avtomobili çağırılmış və onu şöbəyə aparmışlar. Lakin, təhqiri fərdi qaydada yox ümumi formada olmuşdur. Polis əməkdaşları ilə getməməsinin səbəbi DYP əməkdaşının elə səlahiyyətinin olmaması ilə əsaslandırmışdır. Məhkəmə iclasında şahid qismində izahat vermiş YPX Alayının Müşayət-eskort bölüyü yol patrul xidməti baş inspektoru X5 bildirmişdir ki, Tağım komandiri tərəfindən **- DY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlamaqla bağlı ona göstəriş gəlmişdir. Maşının üzərində aksesuarlar olmuşdur. Sürücünü saxlamış və bu aksessuarların sürücülərin fikrini yayındırdığını bildirmiş və bu zaman sonuncu aqressiv danışaraq, artıq onu bezdirdiklərini bildirmişdir. Daha sonra mülk özünündür özü bilər deyə cavab vermişdir. Tağım komandiri gəldikdən sonra onunla da aqresiv danışmış, özünüz sökün deyə cavablar vermişdir.. Daha sonra telefonla çəkiliş aparmaq istəyəndə digər əməkdaşlar çağırılmış və şöbəyə aparılmışdır. Bildirdi ki, ona qarşı nalayiq söyüş işlətməsə də hərəkətləri aqressiv olmuş və tələblərini yerinə yetirməmişdir.. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixində DYP əməkdaşlarına qarşı nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. 06 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə DYP əməkdaşlarının qanuni tələblarına tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının: 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-nin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri özünün etirafından başqa, inzibati xəta haqqında protokollar, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 510 və 535.1-ci maddələri ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, həmçinin Şəxs inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə Şəxs inzibati məsuliyyətə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə, barəsində icraat aparılan şəxsin hər bir əməlinin tərkibini ayrıca təhlil etməyi zəruri hesab edir: İXM-nin 510.1-ci maddəsi (xırda xuliqanlıq) üzrə təhlil: Bu inzibati xətanın obyekti ictimai qayda və ictimai əxlaqdır. Obyektiv cəhətdən xəta, ictimai yerdə (küçədə) ucadan nalayiq ifadələr işlətməklə cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirməkdə təzahür etmişdir. Bu hərəkətlər ətrafdakı vətəndaşların dincliyini pozmuş və mövcud davranış qaydalarını kobud şəkildə pozmuşdur. “Xuliqanlıq işlə üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmə Plenum qərarında formalaşmış təcrübəyə görə, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, əməlin obyektiv cəhəti tam şəkildə formalaşmışdır. Belə ki, tərəflərin izahatlardan görünür ki, Şəxs ictimai qaydanı kobud surətdə pozaraq, ictimai yer hesab edilən küçədə nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuşdur. Subyektiv cəhətdən isə Şəxs öz hərəkətlərinin ictimai təhlükəli xarakterini dərk etmiş, onların nəticələrini arzulamış və ya şüurlu surətdə buna yol vermişdir. Onun əsəbi olması bu əməlin qəsdən törədilməsini istisna etmir. İXM-nin 535.1-ci maddəsi (polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) üzrə təhlil: Bu inzibati xətanın obyekti idarəçilik qaydaları, xüsusilə də dövlət hakimiyyəti nümayəndəsinin normal fəaliyyətinin təmin edilməsi ilə bağlı yaranan ictimai münasibətlərdir. Obyektiv cəhətdən xəta, ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə ona yaxınlaşan və özünü təqdim edən polis əməkdaşının qanuni tələblərinə (nalayiq ifadələrə son qoymaq, aksessuarları sökmək və s.) məhəl qoymamaqda ifadə olunmuşdur. Polis əməkdaşına qarşı tabesizliyin aktiv və aşkar formada olması onun əməllərini sübut edir. Subyektiv cəhətdən bu əməl də birbaşa qəsdlə törədilmişdir. Şəxs qarşısındakı şəxsin polis əməkdaşı olduğunu və onun tələblərinin qanuni xarakter daşıdığını dərk etmiş, lakin buna baxmayaraq, qəsdən onun tələblərini yerinə yetirməkdən imtina etmişdir. Məhkəmə şəxsin DYP əməkdaşının onu şöbəyə aparmağa səlahiyyəti olmaması ilə bağlı mövqeyinə tənqidi yanaşaraq, məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirir. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən yol polis xidməti əməkdaşının qanuni tələbinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin də olması barədə nəticəyə gəlməyə əsas verir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilk dəfə bu kimi əməllərə yol verməsini İXM-nin 32-ci maddəsinə əsasən əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXMnin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinməli və barəsində İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tədbiri, yəni İXM-nin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxsnı qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə barəsində 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar