Məhkəmə qərarları › İş №3(5-97)-604/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(5-97)-604/2026

07.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(5-97)-604/2026 07.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Babayev Kamal Yunis oğlu, Şəxs barəsində Bakı şəhər Nərimanov DYPŞ tərəfindən İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlərə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Bakı şəhər Nərimanov DYPŞ tərəfindən 27 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmiş, material 06 fevral 2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə inzibati xəta haqqında iş materiallarını nəzərdən keçirərkən müəyyən edir ki, inzibati xəta haqqında material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş protokolda sadəcə Şəxs İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilmiş, həmin xətanın mahiyyəti izah edilməmişdir. Eynilə, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 15 yanvar 2026-cı il tarixli qərarda da həmin məsələ boş buraxılmış, formal əsaslarla rədd qərarı qəbul edilmişdir. İXM-nin 327.8-ci maddəsi obyektiv cəhətdən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə hərəkətlərdə ifadə olunur. Halbuki, həmin qərarda da göründüyü kimi xəsarət barəsində icraat aparılan şəxsin özünə yetirilmiş, zərərçəkənə vurulmuş maddi ziyan isə heç bir formada əsaslandırılmamışdır. Həmin nəqliyyat vasitəsinə baxış protokolunda da nəqliyyat vasitəsinin saz vəziyyətdə olması qeyd edilmişdir ki, bu da maddi ziyan məsələsini şübhə altına alır. Bununla da, törədilən inzibati xəta anlaşılmaz olaraq qalmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göründüyü kimi Bakı şəhər Nərimanov DYPŞ tərəfindən məhkəməyə təqdim edilmiş materiallar natamamdır və işə baxılarkən tamamlamaq mümkün deyildir. İş materiallarını araşdıraraq belə qənaətə gəlirəm ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında olan material natamam olduğundan İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən onu tərtib etmiş orqana, yəni Bakı şəhər Nərimanov DYPŞ-yə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Bakı şəhər Nərimanov DYP şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər natamam olduğundan geri qaytarılsın. Qərardad qətidir, şikayət və protest verilə bilməz. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar