Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-608/2026 17.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, X6 oğlunun katibliyi, Azərbaycan Respublikası ƏƏSMN yanında X3 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası ƏƏSMN yanında X3 Xidmətindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası ƏƏSMN yanında X3 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 539.1-1-ci maddəsi ilə 17 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixədək işçilərin əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı DƏMX-nin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-68160/2025 nömrəli məktubun icrası məcburi göstərişinə əməl edilməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası ƏƏSMN yanında X3 Xidmətinin nümayəndəsi X4 izahatında Şəxs əməlində xətanın tərkib əlamətləri oldugundan barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. Şəxs “Elektron məhkəmə informasiya sistemi” vasitəsi ilə məhkəməyə elektron qaydada müraciət edərək bildirmişdir ki, İXM-in 539.3-cü maddəsində nəzərdə tutulan inizbati xəta hadisəsinin olması üçün X1 sorğusunun Şəxs MMC-yə təqdim olunması barədə sübut məhkəməyə təqdim olunmalıdır. Belə bir sübut isə olmadığı üçün məhkəməyə təqdim edilə bilməzdi. Çünki, Şəxs MMC Bakı şəhəri, Nərimanov rayonu, X7 küçəsi 46B, QYS A5 ünvandan 2025-ci ilin iyul ayının sonundan etibarən ünvan 2 ünvanına köçmüşdır (təsdiqedici sənədlər əlavə olunur). Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinə zidd olaraq Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti protokol tərtib etmiş, Şəxs MMC-nin nümayəndəsi dəvət edilərək istinad edilən inzibati xəta haqqında izahatı alınmamış və ümumiyyətlə protokolla tanış edilməmişdir. Protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə Cəmiyyət barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən səlahiyyətli nümayələrinin izahatlar vermək və ya protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanlarından məhrum edilmişdir. Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati icraat aparılan MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 noyabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixədək işçilərin əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı DƏMX-nin xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 68160/2025 nömrəli məktubun icrası məcburi göstərişinə əməl edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-5104/2025 saylı, 16 dekabr 2025-ci il tarixli qərardadından görünür ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Azərbaycan Respublikası ƏƏSMN yanında X3 Xidmətindən Şəxsnə ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-17-5/2-68160/2025 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X3 Xidməti tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərində aparılmış təhlillər zamanı Şəxs tərəfindən 50 (əlli) sayda qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilmədiyi müəyyən edilmişdir. 3 (üç) iş günü ərzində törədilmiş hüquqpozmanı aradan qaldırılmasını təmin edib nəticəsi barədə X3 Xidmətinə məlumat verilməsi xahiş olunmuşdur. Poçt göndərişlərinin izlənməsinə dair elektron sistemdən çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-68160/2025 nömrəli məktubu rəsmi olaraq Şəxsnə xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. Hüquqi məsələlər, məhkəmənin mövqeyi və gəldiyi nətəcənin əsasları: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 15.2-ci maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.2.-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-ci maddəsinə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarına əsasən, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Bu halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh, inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. (Qeyd: xx.xx.2023-cü il tarixdə qüvvəyə minmiş dəyişikliyə qədər İXM-in 38.1-ci maddəsində həmin müddət üç ay, dəyişiklikdən sonra dörd ay müəyyən olunmuşdur.) Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsində nəzərdə tutulan dörd aylıq müddətin keçməsi ilə əlaqədar inzibati məsuliyyətdən azad edilməli olduğuna görə İXM-in 53.1.6-cı maddəsinə əsasən Şəxs barəsində həmin Məcəllənin 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası ƏƏSMN yanında X3 Xidməti tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərində aparılmış təhlillər zamanı Şəxs tərəfindən 50 (əlli) sayda qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilmədiyi müəyyən edilmişdir. 3 (üç) iş günü ərzində törədilmiş hüquqpozmanı aradan qaldırılmasını təmin edib nəticəsi barədə X3 Xidmətinə məlumat verilməsi xahiş olunmuş, bu səbəbdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/2-68160/2025 nömrəli məktubu rəsmi olaraq Şəxsnə xx.xx.2025-ci il tarixdə çatdırılmışdır. Lakin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin Şəxs tərəfindən icra edilməmişdir. Azərbaycan Respublikası İXM-in 539.1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb etmə müddətinin qanunla dörd ay müəyyən olunmasını nəzərə aldıqda inzibati xətanın törədildiyi gündən, xx.xx.2025-ci il tarixindən beş aydan artıq müddətin keçdiyi müəyyən olunur. Buna görə də Şəxs müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad edilməli olduğu üçün o, Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə bir daha qeyd etməyi vacib bilir ki, Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci 4 ay keçənədək verilə bilər. İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta bu Məcəllənin 38.1-ci maddəsində sadalan, törədildiyi gündən ən geci 1 il keçənədək inzibati tənbehin verilməsi mümkün olan inzibati xətalara aid deyildir. Məhz bu səbəbdən müddət keçməsinə baxmayaraq şəxs barəsində Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməsi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsində həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqanın (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul etməli olmasına dair imperativ norma müəyyən olunmuşdur. Kifayət qədər əsaslandırılan hallar və Azərbaycan Respublikası İXM-in normalarının qanuni tətbiqinin təmin edilməli olmasını nəzərə alaraq məhkəmə nəticəyə gəlir ki, bu Məcəllənin 53.1.6-cı maddəsinə əsasən Şəxs barəsində İXM-in 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İXM-in 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(5-97)-608/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-608/2026
17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver