Məhkəmə qərarları › İş №3(5-97)-621/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-621/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-621/2026 18.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, X1 Bakı ŞBPİ-nin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı ŞBPİ-nin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixdə ünvan 1 ünvanında idarə etidiyi “MİTSUBUSHİ OUTLANDER” markalı, 10-YB-27 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi parklanma vəziyyətində olmuş, mühərriki tam söndürülmüş və faktiki olaraq hər hansı hərəkət prosesi həyata keçirilməmişdir. Avtomobili park etdikdən sonra qapısını açarkən güclü küləyin təsiri nəticəsində təsadüfən yaxınlıqda olan digər nəqliyyat vasitəsinin qapısına toxunma baş vermişdir. Sözügedən təmas nəqliyyat vasitəsinin hərəkəti zamanı deyil, parklanma vəziyyəti olduğu halda, qapının açılması nəticəsində baş vermişdir. Hadisədən sonra hadisə yerini tərk etməmiş, məsələnin aydınlaşdırılması məqsədilə avtomobildən düşüb, digər nəqliyyat vasitəsinin sahibi ilə söhbət aparmışdır. Daha sonra şəxs polis əməkdaşlarını çağırmaq niyyəti olduğunu bildirdikdə o da buna etiraz etməmiş, idarə etdiyi nəqliyyat vasitəsini yerindən tərpətməyərək, polis əməkdaşlarının hadisə yerinə gəlməsini gözləmişdir. Lakin polis əməkdaşları hadisə yerinə gəlməmiş, digər avtomobilin sahibi də bir müddət sonra hadisə yerini tərk etmişdir. Bu səbəbdən uzun müddət nəticəsiz gözləmədən sonra hadisə yerindən uzaqlaşmışdır. Hadisənin baş verdiyi yerdə mövcud olan videomüşahidə kameralarının qeydləri ilə obyektiv şəkildə təsdiq edilə bilər. Həmin videogörüntülərdən açıq şəkildə görünür ki, hadisə yerini tərk etməmişdir. İdarə etdiyi nəqliyyat vasitəsi hərəkətsiz olaraq parklanma sahəsində qalmış, əksinə hüquq-mühafizə orqanlarının gəlməsini gözləmişdir. xx.xx.2026-cı ildə mobil telefonuna göndərilmiş SMSbildiriş vasitəsilə barəsində İXM-in 327.6-cı maddəsi üzrə İXP7775798 nömrəli inzibati xəta haqqında protokolun tərtib edildiyini, həmin protokol əsasında TP7795119 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul olunduğu və sözügedən qərara əsasən 100 manat məbləğində inzibati cərimə və 4 cərimə balının tətbiq edildiyi barədə məlumat verilmişdir. İnzibati xəta haqqında protokolun tərtib edildiyi barədə SMS-bildiriş vasitəsilə məlumat verilsə də, həmin qərar və protokol elektron kabinetinə yerləşdirilməmişdir. Barəsində Bakı ŞBPİ-nin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam veilməsini xahiş etmişdir. Qərarından şikayət verilən səlahiyyətli orqan və şikayət vermiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasında iştirak etməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı ŞBPİ-nin DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, X2 xx.xx.2026-cı ildə ünvan 1 ünvanında “MİTSUBUSHİ OUTLANDER” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən durma qaydalarının pozulması, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 100 manat məbləğində cərimə edilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 346.1-ci maddəsinə əsasən dayanma və ya durma qaydalarını pozmağa görə iyirmi manat məbləğində cərimə edilir. 327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin şikayət ərizəsi və ona əlavə etdiyi materialları tədqiq edərək müəyyən etmişdir ki, X2 xx.xx.2026-cı il tarixdə Nərimanov rayonu ərazisində “MİTSUBUSHİ OUTLANDER” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilindiyinə görə barəsində Bakı ŞBPİnin DYPİ tərəfindən xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməyərək qeyd olunan inzibati xətanın törədilməsinə dair hər hansı sübut təqdim etmədiyindən və şikayət ərizəsindəki arqumentlər yoxlanılmalı olduğundan inzibati tənbeh vermə haqqında qərarın ləğvinə və yenidən inzibati araşdırma aparılmasına zərurət yaranmışdır. Məhkəmə hesab edir ki, X2 barəsində xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsi ilə qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Bakı ŞBPİ-nin DYPİ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İXM-in 327.6-cı maddəsi ilə qəbul edilmiş xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Bakı ŞBPİ-nin DYPİ-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar