Məhkəmə qərarları › İş №3(5-97)-624/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-624/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-624/2026 24.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hadı Mircəlal Mirşamil oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1997-ci il təvəllüdlü, Bakı şəhərində anadan olan Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 342.5 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi tərəfindən Şəxs barəsində İXM-nin 342.5 və 333.1-ci maddələri ilə İXP ******* nömrəli protokol tərtib edərək, baxılması üçün Bakı şəhər Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2026-cı il tarixli İXP7760597 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixində, saat 03:20 radələrində “BMW 330İ” minik markalı, ** NK *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmuş və nəqliyyat vasitəsini sorxuş vəziyyətdə idarə etmişdir. Bununla da, İXM-nin 342.5 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü inzibati xəta haqqında protokolla təqsirli bilməyərək qeyd etmişdir ki, hadisə günü spirtli içki qəbul etməmişdir. Həmin günü gecə saatlarında rəfiqəsi ilə birlikdə hərəkətdə olarkən yol polisi tərəfindən saxlanılmış, spirtli içki qəbul etmədiyi halda, cihaza üfürmədiyi halda onun barəsində guya ki, spirtli içki qəbul etməsi ilə bağlı protokol tərtib edilmişdir. İzahatda spirtli içki qəbul etməsini polis əməkdaşlarının ona qarşı təzyiq göstərməsi, əks halda PPX dəvət ediləcəyi ilə bağlı ifadələri ilə əlaqələndirmişdir. Qeyd olunanları nəzərə alaraq, icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və səlahiyyətli orqan nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasirədən istifadə etmək haqqında ******* nömrəli, xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs spirtli içki qəbul edib-etməməsini müyyən etmək üçün sərxoşluq vəziyyətini təyin edən texnika ilə yoxlanılmış və onun spritli içki qəbul etdiyi müəyyən olunmuşdur. Özü tərəfindən həmin protokola qeyd yazılaraq spirtli içki içdiyini qeyd etmiş texniki cihazın götəricisi ilə razı olduğunu və narkoloji və tibbi müayinəyə ehtiyac olmadığını bildirmişdir. xx.xx.2026-cı il tarixli, İN 642548 saylı qəbzdən görünür ki, Şəxs alkoqolun miqdarı həmin gün saat 03:19-da 0.748 faiz olmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 43.1-ci maddəsinə əsasən rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206–208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, (............) 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatın materiallarını, o cümlədən 19 yanvar 2026-cı il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında aktı, tərəfin şifahi izahatını və müvafiq qanunvericiliyin normalarını hərtərəfli, tam və obyektiv şəkildə tədqiq edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə, İXM-nin 84.1-ci maddəsinin tələbinə uyğun olaraq, sübutları öz daxili inamı ilə qiymətləndirərkən aşağıdakı nəticələrə gəlir: İşin faktiki hallarından müəyyən edilmişdir ki, Şəxs 19 yanvar 2026-cı il tarixdə, saat 03 radələrində “BMW 330İ.” markalı, ** NK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alkoqollu içkinin təsiri altında idarə edərkən səlahiyyətli orqan əməkdaşları tərəfindən saxlanılmışdır. Onun sərxoşluq vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na uyğun olaraq, xüsusi texniki vasitə ilə yoxlanılmış və qanunla müəyyən edilmiş normadan artıq alkoqol qəbul etməsi faktı təsdiqini tapmışdır. Bu fakt müvafiq aktı ilə təsdiq olunur Mübahisənin predmeti, Şəxs sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edibetməməsi məsələsidir. Barəsində icraat aparılan şəxs iddia edir ki, o, sərxoş vəziyyətdə idarə etməmişdir və xüsusi texniki vasitənin nəticəsi ilə razı deyil. Məhkəmə bu izahatı tənqidi qiymətləndirir və onu işin obyektiv halları ilə ziddiyyət təşkil edən, məsuliyyətdən yayınmaq məqsədi daşıyan müdafiə mövqeyi kimi dəyərləndirir. Bu qənaət aşağıdakı dəlillərin məcmusuna əsaslanır: Birincisi, Məhkəmə, İXM-nin 8-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutur. Bu prinsipə görə, aradan qaldırılması mümkün olmayan bütün şübhələr şəxsin xeyrinə yozulmalıdır (in dubio pro reo). Lakin bu prinsip, məhkəmədən işin obyektiv halları və elmi faktlarla açıq-aşkar ziddiyyət təşkil edən, məntiqə uyğun olmayan və yalnız məsuliyyətdən yayınmaq məqsədi güdən fərziyyələri qəbul etməyi tələb etmir. Hazırkı işdə təqdim edilmiş sübutlar və xüsusilə texniki vasitənin nəticəsi və həmin nəticə ilə bağlı tərtib edilmiş aktdakı izahat Şəxs əsassız iddialarını təkzib edir. İkincisi məhkəmə vurğulayır ki, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ictimai təhlükəliliyi yüksək olan hüquqazidd əməldir. Bu cür hərəkətlər təkcə sürücünün özünün deyil, digər yol hərəkəti iştirakçılarının – sərnişinlərin, piyadaların və digər sürücülərin həyat və sağlamlığı üçün birbaşa və ciddi risk yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda da dəfələrlə qeyd olunduğu kimi, dövlətin Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsindən (yaşamaq hüququ) irəli gələn pozitiv öhdəliklərindən biri də öz yurisdiksiyası altında olan hər kəsin yaşamaq hüququnu qorumaq üçün effektiv qanunvericilik və inzibati tədbirlər görməkdir. Sərxoş vəziyyətdə nəqliyyat vasitələrinin idarə edilməsinə qarşı sərt və qaçılmaz məsuliyyət tədbirlərinin müəyyən edilməsi və tətbiqi məhz bu pozitiv öhdəliyin yerinə yetirilməsinin vacib elementidir. Belə ki, Şəxs xüsusi texniki vasitənin nəticəsi ilə razı olmadığı təqdirdə, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarına müvafiq olaraq, tibbi müayinənin keçirilməsini tələb edə bilərdi. Lakin, bu barədə Şəxs hər hansı müraciət etməmiş, eyni zamanda aktın aşağı hissəsində xüsusi texniki vasitənin nəticəsi ilə razı olduğunu bildirmişdir. Ona təzyiq göstərilməsi ilə bağlı xüsusat ilə bağlı isə məhkəmə qeyd edir ki, həmin xüsusat hazırkı məqamda öz təsdiqini tapmır və məhkəmə həmin xüsusatı özünü müdafiə kimi qiymətləndirir. Bütün bu sübutların və hüquqi arqumentlərin məcmusunu qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxsnun əməlində İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün elementləri – həm obyektiv cəhət (sərxoş vəziyyətdə idarəetmə), həm də subyektiv cəhət (qəsd) – tam sübuta yetirilmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxsnun ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini yüngülləşdirici hal kimi müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxsnun əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, İXM-in 9.1-ci maddəsində təsbit olunmuş ədalətlilik prinsipini rəhbər tutaraq, törədilmiş xətanın xarakterini, yüngülləşdirici halın mövcudluğunu və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbehin tətbiqi onun islah olunması və gələcəkdə yeni inzibati xətalar törətməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün mütənasib və kifayətdir. Eyni zamanda, İXM-nin 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 30, 43, 114, 115, 128-13, 342.5 və 333.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilsin. Şəxs İXM-nin 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar