Məhkəmə qərarları › İş №3(5-97)-628/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-628/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-628/2026 18.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Bakı şəhər BPİ-nin X6 İdarəsinin nümayəndəsi Nümayəndə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, Bakı ŞBPİ-nin DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Bakı ŞBPİ-nin DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhər X6 əməkdaşı X2 tərəfindən İXM-in 327.2-ci maddəsinin tələblərini pozduğu iddia edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokolda göstərilən hallar reallığı əks etdirmir və əssasızdır, çünki polis əməkdaşının işıqforun qadağanedici işarəsi verilərkən keçdiyi iddia edilən işıqforda saniyələri göstərən bölmə olmamış və stop xəttini keçdikdə də işıqforun yaşıl işığı yanmışdır. Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Lakin o, faktiki olaraq svetoforun qadağanedici deyil, hərəkətə icazə verən işığı yandığı anda avtomobili idarə etmişdir. Bu səbəbdən inzibati tənbeh vermə haqqında qərar əsassız oldğundan ləğv olunmalı və inzibati xəta üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək və məhkəmə iclasında tədqiq edilmiş səlahiyyətli orqanın nümayəndəsi tərəfindən təqdim edilən videogörüntüyə münasibət bildirərək qeyd etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində Ziya Bünyadov prospekti istiqamətində idarə etdiyi “MERCEDES BENZ GLS 450 MATİC” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olub sağa dönərkən svetoforun qadağanedici işığında keçməmişdir. Videogörüntüdən svetoforun hansı işıq siqnalında olması görünmür və həmin svetofor onun hərəkət istiqamətindən deyil, yolayrıcının digər tərəfindən göstərilmişdir. Videogörüntüdən sarı işıqda keçsə belə, qanunla sarı işıqda hərəkət etmək qadağan edilməmişdir. İnzibati tənbeh vermə haqqında qərar ədalətsiz və insafsız qəbul edilmişdir. Ona görə də məhkəmədən ədalətli və insaflı qərar qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən səlahiyyətli orqan - Bakı ŞBPİ-nin DYPİ-nin nümayəndəsi Nümayəndə inzibati xəta hadisəsini özündə əks etdirən videogörüntünü məhkəməyə təqdim edərək bildirmişdir ki, şəxs tərəfindən inzibati xətanın törədilməsi aşkar müşahidə edilir. N.Nəcəfov idarə etdiyi “MERCEDES BENZ GLS 450 MATİC” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobillə sağa dönərkən svetoforun qadağanedici sarı işığında hərəkətini davam etdirmiş, görüntüdən də göründüyü kimi dərhal qırmızı işıq yanmışdır. İşıqforun sarı və qırmızı rəngli işıq siqnalları qanunla hərəkəti qadağan edir. Sözügedən inzibati xəta inspektor tərəfindən vizual müşahidə əsasında aşkar edilmiş, hazırkı videogörüntü məhkəməyə sübut kimi təqdim edilmişdir. Elektron qərara foto və ya videogörüntülərin əlavə edilməli olduğu qanunvericiliklə müəyyən edildiyi halda inspektor tərəfindən aşkar edilmiş inzibati xəta hadisəsinə dair belə tələb qanunla nəzərdə tutulmamışdır. Şəxs videogörüntüyə baxdıqdan sonra yenə də inzibati xəta törətmədiyini iddia etsə də, lakin videogörüntü mötəbər sübut olmaqla inzibati xəta hadisəsini təsdiq edir. Ona görə də qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğuna görə şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı ŞBPİ-nin DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 xx.xx.2025-ci il Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, M.Ə.Rəsulzadə ünvanında “MERCEDES BENZ GLS 450 MATİC” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun qadağanedici işarəsi verildikdə hərəkətini davam etdirdiyinə görə Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. İnzibati xəta hadisəsini əks etdirən videogörüntüdən görünür ki, “MERCEDES BENZ GLS 450 MATİC” minik markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olarkən svetoforun qadağanedici sarı rəngli işıq siqnalında hərəkəti davam etdirərək sağa döndüyü müşahidə edilir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə iş materiallarını nəzərdən keçirib nəticəyə gəlir ki, X3 tərəfindən Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta hadisəsini özündə əks etdirən videogörüntü ilə təsdiq edilir. Odur ki, X3 tərəfindən inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun: 59-cu maddəsinə əsasən: İ. Yollarda, yolayrıclarında və digər yerlərdə yol hərəkətini nizama salmaq üçün svetoforlardan istifadə olunur. Svetoforların vasitəsi ilə verilən siqnallarda yaşıl, sarı, qırmızı və ağ-sarımtıl rənglər tətbiq edilir (3 saylı Əlavə). İİ. Təyinatından asılı olaraq svetofor siqnalları dairəvi formalı, ox (oxlar), piyadanın və ya velosipedin silueti şəklində və X formalı ola bilər. Dairəvi siqnallı svetoforların yaşıl ox (oxlar) şəklində bir və ya iki əlavə bölməsi ola bilər: həmin bölmələr dairəvi yaşıl siqnalın səviyyəsində yerləşdirilir. İİİ. Svetoforun dairəvi siqnallarının aşağıdakı mənaları vardır: 1) yaşıl rəngli işığın yanması - bu siqnal hərəkətə icazə verir; 2) yaşıl rəngli işığın yanıb-sönməsi - bu siqnal hərəkətə icazə verir və bildirir ki, onun vaxtı qurtarır, tezliklə qadağan siqnalı yanacaq (yaşıl siqnalın sönməsinə qədər qalan müddəti sürücülərə bildirmək üçün rəqəmli tablo tətbiq edilə bilər); 3) sarı rəngli işığın yanması - bu siqnal hərəkəti qadağan və tezliklə siqnalların dəyişəcəyi barədə xəbərdarlıq edir; 4) sarı rəngli işığın yanıb-sönməsi - hərəkətə icazə verir və nizamlanmayan yolayrıcının və ya piyada keçidinin olduğunu bildirir, təhlükə barədə xəbərdarlıq edir; 5) qırmızı rəngli işığın yanması və ya yanıb-sönməsi - bu siqnal hərəkəti qadağan edir; 6) qırmızı və sarı rəngli işıqların eyni vaxtda yanması - bu siqnal hərəkəti qadağan edir və tezliklə yaşıl siqnalın yanacağını bildirir. 60-cı maddəsinə əsasən: İ. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. İİ. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) yolayrıcında - kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 76-cı maddəsinə əsasən: İİ. Svetoforun sarı və ya qırmızı siqnalı ilə eyni vaxtda əlavə bölməsində yandırılmış ox işarəsi istiqamətində hərəkət edən sürücü başqa istiqamətlərdən gələn nəqliyyat vasitələrinə yol verməlidir. 5.53 nişanı tətbiq edilməklə daimi sağa dönməyə icazə verilmiş yolayrıcında sağa dönən sürücü digər istiqamətlərdən gələn nəqliyyat vasitələrinə, habelə dönməyə başladığı və dönəcəyi yolların hərəkət hissələrini keçməkdə olan və hərəkətinə icazə verilmiş piyadalara yol verməlidir. İV. Svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Lakin, əgər yolayrıcında sürücünün hərəkət etdiyi yolda qoyulmuş svetoforların qabağında stop-xətlər (5.33 nişanı) vardırsa, sürücü hər bir svetoforun siqnalını əsas tutmalıdır. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 şikayət ərizəsində və izahatında inzibati xəta törətmədiyini bildirsə də, videogörüntüdən onun idarə etdiyi nəqliyyat vasitəsilə işıqforun qadağanedici sarı işığında hərəkətini davam etdirdiyi aydın müşahidə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işıqforun sarı işığı yanmazdan əvvəl yaşıl rəngli işıq yanıb-sönür ki, bu siqnal hərəkətə icazə versə də onun vaxtının qurtaracağı, tezliklə qadağanedici siqnalının yanacağı barədə xəbərdarlıq edir. Videogörüntüdən görünür ki, svetofora qədər düz istiqamətdə hərəkət edən sürücü birinci növbədə yaşıl işığın yanıb-sönməsinə əhəmiyyət verməklə ilk saniyələrdə hərəkətini düzgün tənzimləyərək nəqliyyat vasitəsini hərəkətin təhlükəsizliyini təmin edən şəraitdə işıqforun qarşısında dayandırmalı olduğu halda, bunu etməmiş, yaşıl işıqda keçə biləcəyini güman etməklə hərəkətini davam etdirməyi qərara almış, lakin buna nail olmayaraq svetoforu sarı, yəni qadağanedici işıq sinqalında keçməklə inzibati xəta törətmişdir. Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar. Göründüyü kimi svetoforun yaşıl işığı yanıb-söndükdən sonra qadağanedici işıq siqnalı yanmış, həmin müddət ərzində sürücü Nemət Nəcəfov işıq siqnallarının tələblərinə riayət edərək hərəkətini düzgün və təhlükəsizliyi təmin edən formada nizamlamalı, nəqliyyat vasitəsini qadağanedici siqnal verilən zaman dayandırmalı olduğu halda hərəkətini davam etdirmişdir. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin normalarını və inzibati xəta haqqında iş materiallarını, Azərbaycan Respublikası İXM-in 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün digər əsasların mövcud olmadığını nəzərə alaraq nəticəyə gəlir ki, X1 şikayəti təmin edilməməli, Bakı ŞBPİ-nin DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137- ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı ŞBPİ-nin DYPİ-nin xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar