Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-640/2026 18.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin EQ/28626362 nömrəli xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında elektron qərarından X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin EQ/28626362 nömrəli xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, EQ/28626362 nömrəli xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdə F.X.Xoyski küçəsində idarə etdiyi **-SV-*** dövlət qeydiyyat nişanlı, “Dong Feng” markalı avtomobillə qayda pozuntusuna görə İXM-in 346.4cü maddəsinə görə 80 manat məbləğində cərimə edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 3(005)-4885/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən, şikayəti qismən təmin edilmiş, xx.xx.2025-ci il tarixli, EQ/28626362 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmışdır. İşə Azərbaycan Respublikası DİN-nin BDYİ-də yenidən baxılmış, barəsində EQ/28626362 nömrəli, xx.xx.2026-cı il tarixli eyni məzmunlu inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Barəsində tətbiq olunmuş qərar qanunsuz və İXM-in icraatın aparılması qaydaları barədə olan müddəların pozulması ilə tətbiq olunmuşdur. Şikayətə əlavə olunmuş foto-şəkillərə də nəzər saldıqda, tətbiq olunmuş İXM-in 346.4-cü maddəsində təsbit olumuş pozuntu tərəfindən törədilməmişdir. Foto-şəkillərdən aydın surətdə görsənir ki, idarə etdiyi avtomobildən sağda 1.16.2 nişanlanma xətti mövcuddur. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun müvafiq maddəsinə əsasən 1.16.2 nişanlanma xətti üfiqi formaya aid xəttdir və nəqliyyat axınlarının ayrıldığı və ya birləşdiyi yerlərdə istiqamətləndirici adacıqları göstərir. Həmin Qanunun 61-ci maddəsinin 3-cü hissəsinə görə hər bir yol nişanının öz nömrəsi olur ki, onun birinci rəqəmi qrupun nömrəsinə uyğun olur, sonrakı rəqəmlər qrupda ardıcıl nömrəni və müxtəliflik mövcud olduqda onun ardıcıl nömrəsini əks etdirir. Sözügedən 1.16.2 yol nişanı yuxarıda qeyd olunan qanun normalarına əsasən xəbərdarlıq nişanları qrupuna aid edilir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən yolun hərəkət hissəsi - yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər). Əlavə olaraq həmin maddədə ayırıcı zolaq-yolun ayrılmış elementi olub, yanaşı yerləşən hərəkət hissələrini bir-birindən ayıran, lakin nəqliyyat vasitələrinin hərəkəti və ya dayanması, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulmayan hissəsidir. Belə ki, İXM-nin 346.4-cü maddəsində açıq şəkildə qeyd olunmuşdur ki, bu inzibati tənbeh növü yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanma və durma qaydalarını pozan nəqliyyat vasitəsi sürücülərinə şamil olunur. Bununla da, idarə etdiyi nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmamışdır. Dayandığı yerdən sağ tərəfdə 1.16.2 yol nişanı mövcuddur. Həmin nişandan sağda isə ümumi istifadədə olan nəqliyyat vasitlərinin zolağı yerləşir. Demək ki, 1.16.2 yol nişanının mövcud olduğu hissə yolun hərəkət hissəsi hesab edilmir və ayırıcı zolaq olaraq başa düşülməlidir. Bu halda idarə etdiyi nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin ikinci və sonrakı cərgəsində yox, ayırıcı zolaqdan başlayaq birinci cərgədə dayanmışdır. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Foto-şəkilə diqqət etdikdə müəyyən etmək olur ki, həmin hissədə yol çiyni yoxdur. Qanunda açıq şəkildə qeyd olunur ki, yol çiyni olmadıqda dayanmanı yolun hərəkət hissəsinin kənarında bir cərgədə etmək icazəlidir. Həmçinin qeyd olunan ərazidə dayanmanı qadağan edən nişan mövcud deyildir, idarə etdiyi avtomobildən sağ tərəfdə yerləşən 1.16.2 yol nişanı isə xəbərdarlıq nişanları qrupuna aiddir. Lakin ayırıcı zolağın tələblərinə əsasən ayırıcı zolağın ərazisi nəqliyyat vasitələrinin hərəkəti və ya dayanması, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulmayan hissəsi olduğundan həmin hissəyə daxil olmadan yolun hərəkət hissəsinin sağ kənarında, yəni ayırıcı hissədən sol tərəfdəki birinci cərgədə dayanmışdır. Lakin barəsində tətbiq olunan cərimədə yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmaya görə cərimə nəzərdə tutulur. Əlavə olaraq, xətanın törədildiyi tarix xx.xx.2025ci il olsada, protokol və qərar ilkin olaraq xx.xx.2025-ci ildə tərtib edilmişdir və xx.xx.2025ci il tarixdə kabinetə yerləşdirilmişdir. Daha sonra məhkəməyə şikayəti əsasında həmin qərar ləğv edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, “barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barədə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən, inzibati orqan heç bir araşdırma aparmadan və qanunvericiliyin müvafiq normaları pozulmaqla X2 barəsində xx.xx.2025-ci il tarixli, EQ seriyalı 28626362 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş, bununla da X1 hüquqlarını pozmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 tərəfindən törədilmiş inzibati xəta xx.xx.2025-ci il tarixdə saat 17:07-də qeydə alınmışdır.” Lakin inzibati tənbeh vermə haqqında qərar xx.xx.2025-ci il tarixdə tərtib edilmişdir. Məhkəmənin gəldiyi digər nəticə isə “Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 346.4cü maddəsində nəzərdə tutulmuş xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə real vaxt rejimində elektron qərar tərtib edilir. Lakin, tərtib edilmiş qərar nəzərdən keçirilərkən qərarın real vaxt rejimində tərtib edilmədiyi, hadəsədən 3 ay sonra tərtib edildiyi müəyyən edilmişdir.” Məhkəmə hesab etmişdir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş işin faktiki hallarını tam, hərtərəfli araşdırmadan mənim barəmdə inzibati xəta haqqında qərar qəbul edərək, hüquqlarını pozmuşdur. Beləliklə, qeyd olunan xüsusatlara əsasən şikayəti təmin edilməli, xx.xx.2026-cı il tarixli, EQ/28626362 saylı qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən X2 ərizəsinin məzmununa uyğuna çıxış edərək qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qərarından şikayət verilən səlahiyyətli orqan müvafiq qaydada xəbərdar edilsə də nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli EQ/28626362 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə “DONG FENG SHİNE GS E3” markalı, **- SV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanma və durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. X1 məhkəmə iclasında təqdim etdiyi fotoşəkillərə əsasən müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə “DONG FENG SHİNE GS E3” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmış vəziyyətdədir, ön sərnişin qapısının açıldığı, bir nəfər kişi cinsli şəxsin avtomobilə əyləşmək istədiyi müşahidə olunur. xx.xx.2025-ci il tarixli EQ 28626362 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə “DONG FENG SHİNE GS E3” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanma və durma qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsi dinləyib, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, T.Həsənov tərəfindən verilmiş şikayət əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən: 29) nəqliyyat vasitəsinin dayanması - adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxt ərzində nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətə gətirilməsidir; 31) nəqliyyat vasitəsinin durması - əgər nəqliyyat vasitəsi digər yol istifadəçisi və ya hər hansı maneə ilə toqquşmanın qarşısını almaq və ya hərəkət qaydalarının göstərişlərini yerinə yetirmək səbəblərindən başqa digər səbəblərə görə hərəkətsiz vəziyyətə gətirilmişdirsə və onun dayanması adamların minməsi və ya düşməsi, yaxud yüklərin yığılması və ya boşaldılması üçün zəruri olan vaxtla məhdudlaşmırsa, nəqliyyat vasitəsi durmuş hesab edilir; 52-ci maddəsinə əsasən: İ. Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində - yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X2 EQ/28626362 nömrəli xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə ərizə məhkəməyə müraciət edərək iki əsasa görə müvafiq qərarın ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. Əsaslardan biri elektron qərarın real vaxt rejimində tərtib olunmaması əsasıdır ki, bu hal iş materialında olan xx.xx.2025-ci il tarixli EQ 28626362 nömrəli (inzibati xətanın xx.xx.2025-ci il tarixə aid olması nəzərə alındıqda qanunla müəyyən edilmiş 24 saat ərzində elektron qərar çıxarılmışdır.) qərarın mövcudluğu ilə aradan qalxmışdır. X1 icraata xitam verilməsi üçün istinad etdiyi əsaslardan digəri isə onun 1.16.2 xəbərdarlıq nişanına əsasən inzibati xətanı törətməməsini iddia etməsidir. Məhkəmə qeyd edir ki, 1.16.2 “Çökmüş yol” nişanıdır və qeyd olunan nişanın xəbərdaredici məzmuna aid olmaqla nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasının qanun pozuntusu hesab olunmasını istisna etmir. İş materiallarında olan fotoşəkillərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, X2 istifadəsində olan “DONG FENG SHİNE GS E3” markalı, **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsinin kənarında - ikinci cərgədə saxlamış və avtomobilin ön sərnişin qapısı açıq vəziyyətdədir. Nəticə etibarilə, fotoşəkildən də göründüyü kimi, nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci zolaqda dayanması ilə Azərbaycan Respublikası İXM-nin 346.4cü maddəsinin tələbləri açıq şəkildə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Məhkəmə şərh olunan qanunun normalarını və inzibati xəta haqqında iş materiallarını, Azərbaycan Respublikası İXM-in 135-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün digər əsasların mövcud olmadığını nəzərə alaraq nəticəyə gəlir ki, X1 şikayəti təmin edilməməli, Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2026-cı il tarixli, EQ/28626362 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137- ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin xx.xx.2026-cı il tarixli, EQ/28626362 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(5-97)-640/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-640/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver