Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-642/2026 09.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-690/2022-013 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, xx.xx.2026-cı il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, borclu Şəxs Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-690/2022- 013 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmurunun çağırışlarına gəlməkdən imtina etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4 protokolun məzmununa uyğun çıxış edərək bildirmişdir ki, borclu icra sənədinin icrası ilə bağlı icra məmurunun tələblərini yerinə yetirməmiş, bu günədək ümumilikdə 17900 manat borcu mövcuddur. Tələbkar borcunu tam tələb edir, borclu isə ödəməkdən imtina edir. Sonda Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Qeyd edir ki, vətəndaş icra məmurunun çağırışlarından yayındığı üçün barəsində bir neçə dəfə axtarış tətbiq edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, ki, icra sənədindən məlumatlıdır. Cəzaçəkmə müəssisəsində olduğu üçün borcunu ödəyə bilməmişdir. Hazırda aylıq gəliri yoxdur, heç bir yerdə işləmir. Ayaqları xəstədir və bu səbəbdən işləməkdə çətinlik çəkir. May ayında atası rəhmətə getmişdir və evə baxan yoxdur. Dostları vasitəsilə dolanmağa çalışır. Uzun illər zərərçəkəndən hissə-hissə ödənilməsini xahiş etsə də, zərərçəkən razılaşmamış və pulu tam şəkildə tələb etmişdir. Lakin, tam şəkildə ödəməyə imkanı yoxdur. İcra məmurunun çağırışlarından yayınmamış, yaşadığı ünvan söküldüyü üçün başqa yerdə yaşamaqdadır. Vaxt verilsə bütün pulu ödəyə bilər. Lakin, zərərçəkən hesabı vermək istəmir. Bu səbəbdən məhkəmədən ona vaxt verilməsini xahiş edir. Bugünkü gündə 200 manat ödəniş edə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-690/2022-013 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs 17900 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X3 xeyrinə, 100 manat ekspertiza xərci isə dövlət büdcəsinin xeyrinə ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və həmin tarixli bildirişin surətindən görünür ki, Şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-690/2022-013 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-2790/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs oğunun hərəkətlərində İXM –nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığındam inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.. xx.xx.2024-cü il tarixli Aktdan görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-690/2022-013 saylı, xx.xx.2022-ci il tarixli qərarının icra ilə bağlı Şəxs qeydiyyatda olduğu Bakı şəh, Nərimanov ray, Sabit Rəhman küç 30/12 ünvanında yaşamadığı icra məmuru Emil Zeynalovun, Rəfail Səfərovun və Madər Nəcəfovanın imzaları ilə təsdiq edilmişdir. Borclunun axtarışı haqqında xx.xx.2022-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. "xxxx" MTK dan verilmiş 11 may 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs ünvan 2 ünvanında yerləşən "xxxx" MTK –da 398 nömrəli mənzildə qeydiyyatsız yaşayır. Hüquqi məsələlər «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatda iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutları hərtərəfli, tam və obyektiv tədqiq edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsində təsbit olunmuş daxili inam əsasında qiymətləndirərək, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması qənaətinə gəlir. İnzibati məsuliyyətin əsasını təşkil edən İXM-nin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 528.1-ci maddəsinin dispozisiyası icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət müəyyən edir. Bu inzibati xətanın obyekti idarəçilik qaydaları, xüsusilə məhkəmə hakimiyyətinin nüfuzunun təmin edilməsi və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburi icrası ilə bağlı yaranan ictimai münasibətlərdir. İş materiallarından, o cümlədən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-690/2022-013 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən və Nərimanov Rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından müəyyən edilir ki, Şəxs üzərinə 17900 manat pul ondan tutularaq X5 verilməsi öhdəliyi qoyulmuşdur. İcra məmurunun xx.xx.2026-cı il tarixli protokolu və məhkəmə iclasındakı izahatı ilə təsdiq olunur ki, borclu tərəfindən bu günədək heç bir ödəniş edilməmişdir. Bu hərəkətsizlik, yəni qanuni qüvvəyə minmiş məhkəmə aktından irəli gələn öhdəliyin icra edilməməsi, İXM-nin 528.1-ci maddəsinin obyektiv cəhətini tam əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə vurğulamışdır ki, İnsan Hüquqlarının və X2 haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit olunmuş ədalətli məhkəmə araşdırılması hüququnun tərkib hissəsi olan "məhkəməyə müraciət etmək hüququ", məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icrasını da əhatə edir (Hornsby Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli Qərar). Məhkəmə qərarının tam şəkildə icra edilməməsi Konvensiyanın 6-cı maddəsinin mahiyyətini anlamsız edərdi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini yerinə yetirmir. Həmçinin icra işinin materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş xəbərdarlıq məktubu ilə cavabdehin icra sənədinin icrasından yayınmasının hüquqi nəticələrinin izah olunduğu aydın olur. Buna görə də məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Barəsində icraat aparılan şəxs Şəxs, borclarını hazırda işləməməsi, bu səbəbdən ödəyə bilməməsini bildirmişdir. Lakin məhkəmə bu dəlili üzrlü səbəb kimi qəbul etmir. Borclu öz üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Məhkəmə qərarının icrası hamı üçün zəruridir. Daha sonra çağırışlardan yayındığı barəsində axtarış elan edilmişdir. Bu isə onun borcların ödənilməsinə laqeyd yanaşmasını və məhkəmə qərarlarının icrasına kifayət qədər məsuliyyətlə yanaşmadığını göstərir. Beləliklə, məhkəmə Şəxs əməllərində İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün elementlərinin – obyekt, obyektiv cəhət, subyekt və qəsd formasında təqsirdən ibarət subyektiv cəhətin mövcudluğunu tam sübuta yetirilmiş hesab edir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar (İXM 53-cü maddə) müəyyən edilməmişdir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-nin 9.1-ci və 21-ci maddələrinin tələblərinə uyğun olaraq, inzibati tənbeh ədalətli olmalı, şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və yeni xətaların törədilməsinin qarşısını almaq məqsədi daşımalıdır. Məhkəmə, tənbeh növü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır: Məhkəmə, İXM-nin 32-ci maddəsinin tələblərinə uyğun olaraq, Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və İXM-nin 33-cü maddəsinin tələblərinə uyğun olaraq, Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən etmir. Belə ki, onun təqsirli bilindiyi qərarın qanuni qüvvəyə minməsindən uzun müddət keçmişdir. Məhkəmə, bir tərəfdən, xətanın ictimai təhlükəliliyini, onun məhkəmə hakimiyyətinin nüfuzuna xələl gətirməsini nəzərə alaraq, inzibati həbs tətbiqinin hazırkı mərhələdə son çarə kimi nəzərdən keçirilməli olduğunu və cərimə tənbehinin tətbiqinin daha mütənasib olacağı qənaətindədir. Tətbiq edilən cərimə həm cəzalandırıcı, həm də gələcəkdə bu cür hüquqazidd davranışdan çəkindirici xarakter daşımalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 750 (yeddi yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(5-97)-642/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-642/2026
09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver