Məhkəmə qərarları › İş №3(5-97)-680/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-680/2026

10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-680/2026 10.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib olunan inzibati xəta haqqında iş üzrə icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 05 fevral 2026-cı il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs 59176.32 ABŞ dolları məbləğində pul vəsaitini 08 yanvar 2024-cü il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 50000 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. İnzibati xəta 09 yanvar 2026-cı il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, Şəxs tərəfindən müvafiq müqavilə üzrə bir neçə dəfə köçürmə edilmiş və buna dair gömrük bəyannamələri mövcuddur ki, həmin bəyannamələrdən yalnız **********1250 və **********024 nömrəli gömrük bəyannamələri heç bir köçürməyə şamil edilməmişdir. Görünür ki, müqavilə üzrə edilmiş köçürmələrə dair ümumilikdə mallar ölkəyə idxal edilmiş, lakin bəyannamələr avans köçürmələri üzrə düzgün istifadə olunmamışdır. Hazırkı köçürməyə dair 50000 ABŞ dolları dəyərində malın ölkəyə idxalını qeyd etdiyim, açıqda olan gömrük bəyannamələri ilə bağlamaq mümkündür. Belə ki, **********1250 nömrəli gömrük bəyannaməsi 239058,74 ABŞ dolları dəyərindədir, bu bəyannamənin 50000 ABŞ dolları hissəsini mübahisələndirilən köçürməyə şamil etmək mümkündür. Belə olan halda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə etiraz yoxdur. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" ASC-nin KB-244/2-110/2026 nömrəli 13 yanvar 2026-cı il tarixli məktubundan görünür ki, Şəxs MMC-nin hesabından 08 yanvar 2024-cü il tarixdə qabaqcadan ödəniş edilmiş 59176.32 ABŞ dolları vəsaitin 50000 ABŞ dolları məbləğində hissəsi bəyan edilməmişdir. EMİS vasitəsi ilə Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş **********1250 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, bəyannamə 239058,74 ABŞ dolları dəyərindədir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsinə əsasən hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Dövlət sahibkarlıq sahəsində yalnız dövlət maraqlarının, insan həyatının və sağlamlığının müdafiəsi ilə bağlı tənzimləməni həyata keçirir. Qeyd edilən maddə hər bir fərdin sahibkarlıq fəaliyyətini onun şəxsi azadlığının iqtisadi sahədə təzahürü kimi qəbul edir və iqtisadi fəaliyyət azadlığı prinsipini inkişaf etdirir. Azad sahibkarlıq fəaliyyətinin təminatı olaraq Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs ona məxsus daşınar və daşınmaz əmlakı, o cümlədən milli valyutanı, xarici valyuta sərvətlərini və s. sahibkarlıq fəaliyyəti və qanunvericliklə qadağan edilməyən digər iqtisadi fəaliyyət sahələrinə sərbəst yönəldə bilər, habelə bunlardan öz mülahizələrinə görə istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 45/1 nömrəli xx.xx.2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində (idxal hava, dəmiryol və dəniz nəqliyyatı vasitələri, habelə kosmik obyektlər ilə əlaqədar olduqda və onların təchizat müddəti 2 (iki) ildən çox olduqda müqavilədə nəzərdə tutulan təchizat müddəti bitdikdən sonra ən geci 3 (üç) ay müddətində) banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən 59176.32 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 08 yanvar 2024cü il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş vəsaitin qalıq qalan 50000 ABŞ dolları məbləğinə münasibətdə alınan malların ölkəyə idxalı hər hansı avans köçürməsinə aid edilməyən 239058,74 ABŞ dolları dəyərində **********1250 sorğu nömrəli gömrük bəyannaməsinə həmin hissədə şamil edilməli, bununla da malların ölkəyə idxal olunması nəzərə alınmalıdır. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə icraat materialını tədqiq edərək hesab edir ki, hüquqi şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. İnzibati xəta haqqında iş üzrə məsrəf yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40.0.1, 43, 48-51, 53.1.2, 55, 114-115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-in 430.4-cü maddəsi ilə başlanılmış inzibati inzibati xəta haqqında iş üzrə icraata bu Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar