Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-711/2026 10.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 18:40 Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs, xx.xx.2005-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2 və 535.1ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş 10 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Salahova X1 rayonu, F.X.Xoyski küçəsi 108 ünvanında xx.xx.2026-cı il tarixdə polisin qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş 10 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Nərimanov rayonu, F.X.Xoyski küçəsi 120-də yerləşən “PUB”da əxlaqsız videolar sosial şəbəkədə paylaşmışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Nərimanov RPİnin 18-ci PŞ-nin polis sahə rəisi X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə ünvan 1 ünvanında sosial şəbəkədə əxlaqsız paylaşımlar etməsi faktı aşkar olunmuşdur. Məsələnin araşdırılması ilə əlaqədar Şəxs 10 fevral 2026-cı il saat təxminən 16:00 radələrində 18-ci Polis şöbəsinə dəvət olunmuş, lakin o, polisin qanuni tələbinə əməl etməyərək polis əməkdaşlarını itələməklə gəlməkdən imtina etmiş, polis şöbəsinin inzibati binasında isə səs-küy salaraq və şöbənin qapısını təpikləyərək ictimai qaydanı kobud surətdə pozmuşdur. Onun tərəfindən İXM-in 510.2 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədildiyindən müvafiq protokollar tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə oğlan dostları ilə birlikdə Nərimanov rayonu ərazisində yerləşən restoranların birində yeyib spirtli içki qəbul edərkən əxlaqsız hərəkətlər etmiş və sosial şəbəkədə paylaşılmışdır. Həmin vaxt sərxoş vəziyyətdə olduğuna görə çox şeyi xatırlamır və bu hərəkətlərə yol vermişdir. Polis əməkdaşları hadisə ilə bağlı onu şöbəyə dəvət edərkən narazılıq etmiş, səs-küy salaraq getməkdən imtina etmişdir. Əməlindən peşmandır. Bir daha qanun pozuntusuna yol verməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 ədəd diskdə olan videogörüntüdən Şəxs tərəfindən cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi görünür. Şəxs yazılı izahatından görünür ki, o, törətdiyi inzibati xətanı etiraf etmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və mövqeyini əsaslandıran hallar: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. 510.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə – beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə inzibati xəta haqqında protokolları nəzərdən keçirib, proses iştirakçılarının izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir. Belə ki, həmin maddəyə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsindən göründüyü kimi, qanunverici müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə həmin Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq eyni vaxtda baxılmasının eyni orqan tərəfindən tərtib edilmiş protokollar və həmin xətalara baxılmasının eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni şəxs tərəfindən müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətindədirsə, bu xətaların heç birinə görə ona inzibati tənbeh tətbiq edilməmişdirsə və törədilən inzibati xətaların heç birinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə məhkəmə və ya müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) bu inzibati xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Bu tələb birbaşa İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.4-cü maddələrinin müddəalarından irəli gəlir. Eyni zamanda Məcəllənin 34.4-cü maddəsinin “barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz” müddəası da bu qəbildən olan işlərin eyni vaxtda baxılmasına bir daha dəlalət edir. Həmçinin nəzərə alınmalıdır ki, qanunverici burada “barəsində inzibati icraat aparılan şəxs” ifadəsindən istifadə edərək bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını vurğulayır. Həmin müddəaya uyğun olaraq bir neçə inzibati xəta törətmiş şəxsə qarşı tətbiq edilən tənbehin, inzibati tənbehin ayrı-ayrı növlərinin mümkün həddindən artıq ola bilməməsi müəyyən olunmuşdur. Bu qayda inzibati xətalar qanunvericiliyinin prinsiplərinə uyğundur. Əks yanaşma şəxsə inzibati xətaya görə qanunvericilikdə müəyyən olunmuş tənbehin həddlərindən daha artıq tənbehin tətbiq olunması ilə nəticələnə bilər. Plenum yekunda qeyd etmişdir ki, belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Məhkəmə razılaşır ki, İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələri inzibati tənbehlərin yuxarı hədlərini müəyyən etmişdir. Lakin, xətaların məcmusu zamanı tətbiq ediləcək cərimə və ya digər tənbehlərin tam toplanılmalı olması ilə bağlı müddəaları nəzərdə tutmamış, İXM-in 34.4-cü maddəsi xətaların məcmusu yarandıqda təyin edilmiş az ciddi tənbehin daha ciddi tənbehlə əhatə etmək yolu ilə və ya təyin olunmuş tənbehin tamamilə və ya qismən toplamaq yolu ilə qəti tənbeh təyin edilmə qaydasını müəyyən etməmişdir. Məhkəmə nəzərə alır ki, inzibati xətaya mübasibətdə cinayət daha ictimai təhlükəli olmaqla şəxsə daha ağır məhrumiyyətlər yaradılmasından və ya hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Lakin, Cinayət Məcəlləsinin 66-cı maddəsi cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi qaydasını müəyyən etmiş, bunu az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsi kimi təsbit etmişdir. Cinayət Məcəlləsində cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsi qaydasının müəyyən edilməsi, lakin daha az ictimai təhlükəli – inzibati xətaya münasibətdə xətaların məcmusu üzrə tənbehin təyin edilməsi qaydasının müəyyən edilməməsi ədalətlilik və qanunçuluq prinsipi ilə uzlaşmamışdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Eyni Məcəllənin 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Hazırkı iş üzrə Cinayət Məcəlləsinin 66-cı maddəsinin tətbiqi məsuliyyətə cəlb olunmaya, hüquqların məhdudlaşdırılmasına və vəzifələrin müəyyən edilməsinə səbəb olmadığından, əksinə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəziyyətini yaxşılaşdırdığından həmin maddənin tətbiqini məhkəmə mümkün görünür. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Bu institutla bağlı daha geniş açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarında verilmişdir. Həmin Qərarda göstərilmişdir ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır. Baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyri-müəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir. Beləliklə, məhkəmə qanunun analogiyasını tətbiq edib Cinayət Məcəlləsinin 66-cı maddəsinin müddəalarını, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların olmamasını, ağırlaşdıran halların olmasını, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslərin yeni inzibati xəta törətməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmağın mümkün olmayacağını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510.2-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətində, İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətində həbs növündə inzibati tənbeh tətbiq edilməli, Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən az ciddi tənbehi daha ciddi tənbeh ilə əhatə etmək yolu ilə inzibati həbsin müddəti qəti olaraq 25 gün həddində müəyyən edilməli, inzibati həbsin əvvəli inzibati qaydada tutulduğu 10 fevral 2026-cı il saat 16:00-dan hesablanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 510.2-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətində, İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətində həbs növündə inzibati tənbeh tətbiq edilsin, təyin olunmuş inzibati tənbehlər qismən toplanılmaqla inzibati həbsin müddəti qəti olaraq 25 gün həddində müəyyən edilsin. İnzibati həbs müddətinin əvvəli 10 fevral 2026-cı il saat 16:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(5-97)-711/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-711/2026
10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver