Məhkəmə qərarları › İş №3(5-97)-736/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-736/2026

18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-736/2026 18.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, İnzibati qərar qəbul edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsinin nümayəndəsi X1, Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 24 yanvar 2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 24 yanvar 2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, X5 idarə etdiyi Hyundai markalı avtomobillə dairəvi hərəkət təşkil olunmuş yolda hərəkətdə olarkən DYP əməkdaşı tərəfindən “Yol hərəkəti haqqında” Qanunun müvafiq müddəalarını pozmaqda, yəni üstünlüyə malik nəqliyyat vasitəsinə yol verməməkdə ittiham edilərək barəsində inzibati protokol tərtib edilmişdir. Lakin işin faktiki halları və qanunvericiliyin tələbləri həmin protokolun əsassız olduğunu göstərir. 1. “Yol vermək” öhdəliyinin faktiki baxımdan mümkünsüzlüyü O, 1.13 nişanlanma xəttinin qarşısında dayanaraq dairəyə daxil olmağa hazırlaşdığı zaman iddia edilən Prius markalı avtomobil görünüş məsafəsində olmamışdır. “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən, “yol vermək” dedikdə digər hərəkət iştirakçısının sürətini və ya hərəkət istiqamətini dəyişməyə məcbur etməmək başa düşülür. Görünüş zonasında mövcud olmayan nəqliyyat vasitəsinə münasibətdə “yol vermək” öhdəliyinin yaranması hüquqi və faktiki baxımdan mümkün deyildir. 2. Manevr və yerdəyişmə qaydalarının tətbiqi Hadisə zamanı o artıq dairənin daxilində sağ kənar zolaqda hərəkət mövqeyini tutmuşdur. Prius markalı avtomobil isə onun sol tərəfində, ikinci zolaqda dayanmış vəziyyətdə olmuşdur. “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin İİ hissəsinə əsasən, eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələri eyni vaxtda yerdəyişmə etdikdə soldakı sürücü sağdakı sürücüyə yol verməlidir. Bu halda üstünlük hüququ sağ zolaqda olan sürücüyə, yəni Hyundai markalı avtomobilin sürücüsünə məxsus olmuşdur. 3. Nəqliyyat vasitələrinin statik vəziyyəti və hüquqi qiymətləndirmə Hadisə anında hər iki nəqliyyat vasitəsi dayanmış vəziyyətdə olmuşdur. Dayanmış nəqliyyat vasitəsinin “yolunu kəsmək” hüquqi baxımdan mümkün deyildir. Prius markalı avtomobilin sürücüsünün dayanaraq gözləməsi faktı, onun sağ tərəfdə yerləşən nəqliyyat vasitəsinin üstünlüyünü qəbul etdiyini göstərir. 4. Təqsirsizlik prezumpsiyası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən, şəxsin təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidir. Təqsir sübuta yetirilmədikdə şəxs məsuliyyətə cəlb edilə bilməz. İş materiallarında polis əməkdaşının subyektiv mülahizəsindən başqa obyektiv və mötəbər sübutlar mövcud deyildir. Əksinə, nəqliyyat vasitələrinin yol üzrə yerləşmə trayektoriyası və zolaqlar üzrə mövqeyi onun hərəkətlərində inzibati xəta tərkibinin olmadığını göstərir. Bundan əlavə, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların tam, hərtərəfli və obyektiv araşdırılmaması inzibati xəta haqqında qəbul edilmiş qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab olunur. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X6 şikayət ərizəsini müdafiə edərək 1.13 nişanlanma xəttinin qarşısında dayanaraq dairəyə daxil olmağa hazırlaşdığı zaman iddia edilən Prius markalı avtomobil görünüş məsafəsində olmadığını bildirərək, qərarın qanunsuz olaraq tərtib olunduğunu, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsinin nümayəndəsi X3 qərarın qanuni və əsaslı olduğunu bildirərək, hadisənin baş verdiyi vaxtda dair görüntünü məhkəməyə təqdim edərək şikayətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X10 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 24 yanvar 2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərara əsasən X6 “Hyundai Tucson” minik markalı, **-HG-*** nömrəli avtonəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X6 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsinin nümayəndəsi X3 tərəfindən təqdim edilmiş DVD disk görüntüsündən aydın olur ki, X2 idarə etdiyi “Hyundai Tucson” minik markalı **-HG-*** nömrəli nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yol ayrıcını keçmə qaydalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Şikayətdə göstərilən arqumentlər iş materialları ilə öz təsdiqini tapmamış, qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün hüquqi əsas müəyyən olunmamışdır. X2 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Tətbiq edilmiş 100 manat məbləğində cərimə qanunvericilikdə nəzərdə tutulmuş sanksiya həddinə uyğundur və təqsirin xarakterinə mütənasibdir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən qəbul edilmiş qərar qanuni və əsaslıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X2 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər X11 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli 24 yanvar 2026-cı il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X2 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar