Məhkəmə qərarları › İş №3(5-97)-737/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-737/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-737/2026 24.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ seriyalı 33629924 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ seriyalı 33629924 saylı qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, bildirir ki, ona məxsus avtomobil barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən (Changan CS 55 - ** VZ ***) xx.xx.2026-cı il tarixli, EQ 33629924 nömrəİi inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş və həmin qərar əsasında o, inzibati məsuliyyətə cəlb edilmişdir. Hesab edir ki, barəsində tərtib olunmuş protokol və onun əsasında verilmiş inzibati qərar qanunsuz və əsassızdır, bu səbəbdən ləğv edilməlidir. Belə ki, qeyd olunan tarixdə və vaxtda nəqliyyat vasitəsini o deyil, həyat yoldaşı X3 idarə etmişdir. Avtomobilin faktiki olaraq kim tərəfindən idarə edildiyi inzibati xəta üzrə tərtib olunmuş foto və ya video materiallardan aydın şəkildə görünsə də, bu hal inzibati orqan tərəfindən nəzərə alınmamışdır. Halbuki avtomobili idarə edən şəxs X3 olduğu halda, hər hansı araşdırma aparılmadan, izahat alınmadan və faktiki hallar dəqiqləşdirilmədən inzibati tənbeh onun barəsində tətbiq edilmişdir. Bundan əlavə, şübhəli vəziyyət olduğu halda inzibati orqan tərəfindən onunla heç bir vasitə ilə əlaqə saxlanılmamış, izahat verməyi üçün çağırılmamış və araşdırma aparılmamışdır ki, bu da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin pozulmasıdır. Həmin maddəyə əsasən şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və bütün şübhələr onun xeyrinə həll edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsinin tələblərinə zidd olaraq, inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar tam və obyektiv araşdırılmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq barəsində inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs və inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, EQ seriyalı 33629924 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən xx.xx.2026-cı il tarixdə saat 15:17-də İXM-in 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X2 İXM-in 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 80 manat məbləğində cərimə edilmişdir. İş materallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, nəqliyyat vasitəsi təhlükəsizlik adacağı üzərində durmaqla, nəqliyyat vasitəsindən sərnişin düşürməkdədir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən, inzibati orqan heç bir araşdırma aparmadan və qanunvericiliyin müvafiq normaları pozulmaqla X2 barəsində xx.xx.2026-cı il tarixli, EQ seriyalı 33629924 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş, bununla da X1 hüquqlarını pozmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 tərəfindən törədilmiş inzibati xəta xx.xx.2026-cı il tarixdə saat 15:17-də qeydə alınmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən, inzibati orqan həmin nəqliyyat vasitəsinin kimin istifadəsində olmasını araşdırmamış, sonuncu etibarnamə həmin şəxsə məxsus olduğundan bütün cərimələr ona tətbiq edilmişdir. Şəxs müraciətində həmin nəqliyyat vasitəsinin yoldaşının istifadəsində olduğunu bildirmiş, videogörüntülərdə göründüyünü bildirmişdir. İnzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmiş, inzibati xətanın X2 tərəfindən törədildiyini sübut etməmişlər. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş işin faktiki hallarını tam, hərtərəfli araşdırmadan X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. Həmin xüsusatı araşdırmaq məqsədilə və nəqliyyat vasitəsini idarə etmiş şəxs barəsində qərar qəbul etmək məqsədilə hazırda yeni araşdırma aparılmalıdır. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXM-nin 346.4-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2026-cı il tarixli, EQ seriyalı 33629924 saylı qərar ləğv edilməli və videogörüntülərə və digər sübutlara baxış keçirilməklə işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov RPİ X7 İdarəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2026-cı il tarixli, EQ seriyalı 33629924 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş X6 İdarəsinə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar