Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-739/2026 24.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı qərarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, bildirir ki, onun barəsində xx.xx.2026-cı il tarixində tərtib edilmiş, İXP ******* nömrəli inzibatı xəta haqqında protokol və həmin protokol əsasında onun iştirakı olmadan qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh barədə qərar ilə inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. Lakin sözügedən protokol və qərarla tanış olduqda aşkar edilmişdir ki, həmin sənədlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin və inzibati icraatın tələblərinə uyğun şəkildə tərtib edilməmişdir. Belə ki, inzibati xəta haqqında protokolda xətanın hansı əsasla aşkar edildiyi göstərilməmişdir. Protokol mətnində inzibati xətanın: yol polisi əməkdaşı tərəfindən birbaşa vizual müşahidə yolu ilə, xüsusi texniki vasitələrin tətbiqi ilə, yaxud hər hansı müraciət və ya şikayət əsasında aşkar edildiyi barədə heç bir məlumat yer almamışdır. Halbuki inzibati xətanın aşkarlanma üsulu inzibati icraat üçün mühüm əhəmiyyət daşıyır və bu məlumat protokolda aydın və konkret şəkildə əks etdirilməlidir. Eyni zamanda, protokolda inzibati xətanın törədildiyi konkret yer (ünvan) də qeyd edilməmişdir. Xətanın baş verdiyi yerin göstərilməməsi inzibati xətanın faktiki hallarının müəyyən edilməsinə, eləcə də həmin xətanın real olaraq mövcudluğunun yoxlanılmasına mane olur və mənim müdafiə hüququmun tam şəkildə həyata keçirilməsini mümkünsüz edir. Bundan əlavə, inzibati xəta haqqında tərtib edilmiş protokol qərarsız olduğu balda, sonradan heç bir polis əməkdaşı tərəfindən onunla əlaqə saxlanılmadan, izahatı alınmadan, həmçinin ona rəsmi qaydada (poçt vasitəsilə və ya digər qanuni üsulla) məlumat verilmədən və inzibati orqana çağırılmadan sözügedən protokol əsasında inzibati cərimə haqqında qərar qəbul edilmişdir. Beləliklə, inzibati xətanın hansı əsasla aşkar edildiyi və harada törədildiyi protokolda göstərilmədən, habelə mənə izahat vermək və müdafiə hüququmdan istifadə etmək imkam yaradılmadan tərtib edilmiş 1XP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli qərar prosessual tələblərə cavab vermir və bu səbəbdən hüquqi baxımdan əsassız hesab edilməlidir. Məhkəmənin əvvəlki iclasında iştirak edən qərardan şikayət vermiş şəxs X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli , TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, qərarda hadisənin törədilmə yeri səhv qeyd olunmuşdur. Bu səbəbdən qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq inzibati qərar qəbul edən qurumun nümayəndəsi iştirak etməmişdir. Məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 "X3 Hibrid minik " markalı, 77YM182 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-in 327.1 və 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. X2 İXM-in İXM-in 327.1 və 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, şəkillərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan heç bir araşdırma aparmadan X2 barəsində xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edərək X1 iştirakını təmin etməmiş və bununla onun hüquqlarını pozmuşdur. Belə ki, inzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmiş, inzibati xəta hadisənin mövcudluğunu sübut etməmişlər. Qeyd olunur ki, şəxs məhkəmə iclasında inzibati xətanın törədilməsi ehtimal olunan yerin qərarda səhv qeyd olunduğunu, bununla da xətanın törədilmə yeri ilə bağlı əsaslı problemlər olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş işin faktiki hallarını tam, hərtərəfli araşdırmadan X2 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. Hazırda qeydə alınmış videogörüntülərə təhlükəsiz şəhər kameraları ilə müqayisəli şəkildə baxılıb analiz edilməli, xətanın törədilmə yeri dəqiq müəyyən edilməli və ədalətli qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İXM-nin 327.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı qərar ləğv edilməli və X2 iştirakı ilə videogörüntülərə və digər sübutlara baxış keçirilməklə işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X1 İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2026-cı il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən baxılması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X5 İdarəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(5-97)-739/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-739/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver