Məhkəmə qərarları › İş №3(5-97)-761/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-761/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-761/2026 24.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsindən daxil olmuş MN seriyalı ******* nömrəli 09 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC tərəfindən xx.xx.5025-ci ildə nizamnamə kapitalının artırılması ilə bağlı qərar qəbul edilmiş və 15 iş günü müddətində təqdim edilməmişdir. Bununla da barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi X3 məhkəmə iclasında protokolda qeyd edilənlərə uyğun çıxış edərək məhkəmədən hüquqi şəxsin barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxs MMC-nin X2 görünür ki, xx.xx.2025-ci il tarixdə Nizamnamə yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə kapitalına dair müvafiq maddə yeni məbləğə uyğun olaraq dəyişdirilmişdir. Hüquqi şəxsin (xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialının) dövlət qeydiyyatı haqqında ərizədən aydın olur ki, hüquqi şəxsin qeydiyyatı haqqında ərizə xx.xx.2026-cı il tarixdə verilmişdir. Məhkəmənin hüquqi mövqeyi və hüquqi mövqeyinin əsaslandırılması: Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs MMC xx.xx.2025-ci il tarixli Ümumi Yığıncağın qərarı ilə nizamnamə kapitalı əlavə olaraq 917,250.00 manat artırılaraq, ümumi məbləğ 1,812,000.00 manat olmuşdur. Lakin nizmanamə kapitalının artırılması barədə qərar qəbul olunduğu gündən 15 gün ərzində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə təqdim edilməmişdir. Bununla da Şəxs MMC hüquqi şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə hesab edir ki, hüquqi şəxs tərəfindən qanunvericiliklə müəyyən edilmiş məlumatların və dəyişikliklərin vaxtında təqdim edilməməsi həmin hüquqi şəxslə hüquqi münasibətlərə daxil olan digər şəxslərin, o cümlədən dövlət orqanlarının, kreditorların və sahibkarlıq fəaliyyəti ilə məşğul olan digər subyektlərin düzgün və dolğun məlumat əldə etmək imkanlarını məhdudlaşdırır. Bununla yanaşı, hüquqi şəxsin nizamnamə kapitalı barədə məlumatların reyestrdə aktual olmaması təsərrüfat dövriyyəsinin şəffaflığına mənfi təsir göstərir və mülki dövriyyə iştirakçılarının hüquq və qanuni mənafelərinə xələl yetirə biləcək şərait yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 405-ci maddəyə əsasən hüquqi şəxslərin, habelə xarici dövlətlərin hüquqi şəxslərinin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin və bu qurumlara dair qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə-vəzifəli şəxslər min manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 15 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Məhkəmə inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir. Şəxs MMC əməlində İXM-nin 405-ci maddəsinin tərkib əlamətləri vardır. Şəxs MMC hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar