Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-765/2026 24.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X1, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən tərtib olunan 10 fevral 2026-cı il tarixli MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə daxil olmuşdur. “İnzibati xəta haqqında” protokoldan görünür ki, ünvan 1 ünvanında xx.xx.2026-cı il tarixdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin xx.xx.2025-ci il tarixli AİBNDA/G- 61/2025 saylı yazılı tələbləri yerinə yetirilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndəsi X2 çıxış edərək bildirdi ki, Şəxs MMC tərəfindən reklam haqqında qanunvericiliyin tələbləri pozulmuş, həmin şirkətin istifadəsində olan “smoking.azerbaijan” adlı “İnstagram” sosial şəbəkə səhifəsində tütün və tütün məmulatlarının reklamının yayınlanması faktı müəyyən edilmişdir. Şirkət barəsində müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 ifadəsində bildirmişdir ki, reklam qanunvericiliyin tələblərinə əməl edilməsi haqqında göstərişi gec əldə etmişdirlər. Halhazırda həmin “smoking.azerbaijan” adlı profil fəaliyyət göstərmir. Bundan başqa adıçəkilən səhifəni fərdi olaraq işlətdiyini, şirkətin istifadəsində olmadığını əlavə etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan: Şəxs MMC-yə “Reklam qanunvericiliyinin tələblərinə əməl edilməsi haqqında” xx.xx.2025-ci il tarixli AİBNDA/G-61/2025 nömrəli Göstərişdən görünür ki, Şəxs fəaliyyəti ilə əlaqədar “smoking.azerbaijan adlı “İnstagram” sosial şəbəkə səhifəsində yayımlanan tütün və tütün məmulatlarına dair reklan materiallarının müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq yayımının dayandırılması, habelə mənfi nəticələrinin qarşısının alınması və aradan qaldırılmasını bu göstəriş ona təqdim edildiyi tarixdən 10 (on) iş günü ərzində təmin edilməsi və nəticəsi haqqında təsdiqedici sənəd və məlumatla əlavə edilməklə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə məlumat verilməsi xahiş edilmişdir. “smoking.azerbaijan” adlı instagram sosial şəbəkəsindən əldə edilmiş foto şəkillərdən aydın olur ki, tütün məmulatlarının şəkilləri yayımlanmışdır. Məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsaslandırılması: "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə əsasən tütün, tütün məmulatlarının və onlarır ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, siqaret kağızlarının, alışqanlarınır reklamı qadağandır. Azərbaycan Respublikas Nazirlər Kabinetinin 2016-cı il 17 oktyabr tarixli 414 nömrəli Qərarı ilə təsdiq edilmiş "Reklam qadağan olunan əmtəələrin Siyahısı”na tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbək çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları və alışqanlar daxildir. Azərbaycan Respublikası İXM-in 544.2-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında, yaxud qida təhlükəsizliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi çərçivəsində müvafiq icra hakimiyyəti orqanının qanuni yazılı tələblərini (qərarlarını) yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati iş materiallarında olan digər sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən sosial şəbəkə səhifəsində tütün və tütün məmulatlarına dair reklam materialları yerləşdirilmiş, bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən xx.xx.2026-cı il tarixdə həmin reklam materiallarının qanunvericiliyin tələblərinə uyğun olaraq yayımının dayandırılması, habelə yarana biləcək mənfi nəticələrin qarşısının alınması və aradan qaldırılması barədə yazılı göstəriş verilmişdir. Göstərişdə həmin materialların yayımının dayandırılmasının və nəticəsi barədə təsdiqedici sənəd və məlumatın təqdim edilməsinin göstəriş təqdim edildiyi tarixdən 10 (on) iş günü müddətində təmin edilməsi tələb edilmişdir. Lakin şəxs tərəfindən qeyd edilən qanuni göstəriş müəyyən edilmiş müddətdə yerinə yetirilməmiş və bu barədə Agentliyə məlumat verilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən bu cür hərəkətlər - dövlət tərəfindən tütün və tütün məmulatlarının reklamının məhdudlaşdırılması sahəsində müəyyən edilmiş qaydaların pozulmasına səbəb olmuşdur. Tütün və tütün məmulatlarının reklamının məhdudlaşdırılması cəmiyyətin sağlamlığının qorunmasına, xüsusilə də yetkinlik yaşına çatmayan şəxslərin zərərli vərdişlərə cəlb olunmasının qarşısının alınmasına xidmət edir. Sosial şəbəkələrdə bu cür reklamların yayılması geniş auditoriyaya, o cümlədən gənclərə və azyaşlılara təsir göstərmək imkanına malik olduğundan, onların qanunsuz yayılması əhalinin sağlamlığına mənfi təsir göstərə, tütün istifadəsinin təşviqinə şərait yarada və dövlətin həyata keçirdiyi ictimai sağlamlıq siyasətinin səmərəliliyini azalda bilər. Bundan əlavə, səlahiyyətli dövlət orqanının qanuni göstərişinin icra edilməməsi dövlət nəzarəti mexanizmlərinin effektiv həyata keçirilməsinə maneə yaradır və hüquq qaydalarının təmin edilməsinə mənfi təsir göstərir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən sosial şəbəkə səhifəsində tütün və tütün məmulatlarına dair reklam materiallarının yayımının dayandırılması barədə verilmiş qanuni göstərişi müəyyən edilmiş müddətdə yerinə yetirməməsi və bununla bağlı məlumat təqdim etməməsi inzibati xəta tərkibi yaradır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; Məhkəmə araşdırması zamanı hüquqi şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs tərəfindən “smoking.azerbaijan adlı “İnstagram” sosial şəbəkə səhifəsində tütün və tütün məmulatlarına dair reklam materialları yayımlanmış, müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq yayımının dayandırılması, habelə mənfi nəticələrinin qarşısının alınması və aradan qaldırılmasını 10 gün müddət ərzində təmin etməyərək pozuntuya yol vermişdir. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(5-97)-765/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-765/2026
24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver