Məhkəmə qərarları › İş №3(5-97)-806/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-806/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-806/2026 17.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Biləsuvar rayonu, Aşağı Cürəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510.2 və 388-1.1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş 17 fevral 2026-cı tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Cəfərova X2 ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində “İnformasiya, İnformasiyalaşdırma, İnformasiyaların müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə yayılması qadağan edilən informasiya yerləşdirdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 388- 1.1.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi ilə bağlı məhkəməyə təqdim edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş 17 fevral 2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs tərəfindən internet informasiya ehtiyatında və ya informasiya telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edilmiş və milli mənəvi dəyərlərə zidd formada davranmışdır. Bununla da barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi ilə bağlı məhkəməyə təqdim edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs eyni vaxtlarda törətdiyi inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar 17 fevral 2026-cı ik tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin X3 çıxış edərək bildirmişdir ki, Şəxs “tiktok” sosial şəbəkəsində qeyri-etik hərəkətlər və ifadələr işlətmişdir, həmin video informasiya resurslarında yayılmışdır. Video görüntü məhkəməyə də təqdim edilmişdir. Bununla bağlı Şəxs polis şöbəsinə dəvət olunmuş, izahatı alınmışdır. Bildirmişdir ki, o canlı yayım zamanı şərhlərdə ünvanına təhqirlər işlədildiyi üçün məcbur qalıb cavab vermişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs əməlindən peşman olduğunu qeyd etmişdir. Qanunvericiliyə müvafiq qaydada inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, uzun müddətdir ki, sosial şəbəkələrdən uzaqdır. “Tiktok” sosial şəbəkəsinə bir ildən çoxdur ki, daxil olmur. Lakin, səhətində problemlər var, psixoloji durumu yaxşı deyil, həmin dövrdə “tiktok”da canlı yayım açdı, açan zaman insanlar ona qıcıqlandırıcı və təhqiredici sözlər yazdılar. Bu zaman özündən çıxmış və cavab vermişdir. Əməlindən peşman olduğunu, azyaşlı övladı olmasının nəzərə alınmasını və barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı tədqiq olunmuş: “İnzibati qaydada tutma” barədə 16 fevral 2026-cı il tarixli protokoldan görünür ki, Şəxs 16 fevral 2026-cı il tarix saat 23:00-da inzibati qaydada tutulmuşdur. DVD disk görüntüsündən aydın olur ki, “Tiktok” sosial şəbəkəsində izləyicilərin ünvanına, ailə üzvlərinin ünvanına təhqirlər işlədilmiş, bədən hissələri göstərilmiş və əxlaq normalarına zidd jestlər nümayiş etdirilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsaəsn Şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X4 adlı yetkinlik yaşına çatmayan övladı vardır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsaəsn Şəxs əvvəllər də İXM-in 388-1.1.1-ci maddəsi ilə barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə görə informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikası Qanunu”nun 13-2.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini, o cümlədən dövlət dili normalarına riayət edilməsini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Həmin Qanunun 13-2.3 və 13-2.3.6-1-ci maddələrinə əsasən kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar yayılması qadağan edilən məlumatlardır. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisinə həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə hesab edir ki, tərtib edilmiş protokollardan, barəsində inzibati icraat aparılan şəxsin çıxışından və dvd disk görüntüsündən aydın olur ki, “Tiktok” sosial şəbəkəsində canlı yayım və paylaşımlar zamanı izləyicilərin ünvanına, eləcə də onların ailə üzvlərinin ünvanına açıq-aşkar təhqiramiz ifadələr işlədilmişdir. Sözügedən ifadələr sadəcə tənqid və ya emosional reaksiya xarakteri daşımamış, konkret şəxslərin şərəf və ləyaqətini alçaldan, ailə institutuna hörmətsizlik göstərən formada səsləndirilmişdir. Bununla yanaşı, yayımda şəxs özünün bədəninin hissələrini əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd şəkildə nümayiş etdirmiş, ictimai mənəviyyatı təhqir edən jest və hərəkətlərə yol verilmişdir. Bu hərəkətlər təsadüfi və ya kontekstdən qoparılmış epizod kimi deyil, izləyici auditoriyasına yönəlmiş, kütləvi nümayiş xarakteri daşıyan davranış kimi özünü göstərmişdir. Belə əməllər açıq internet platformasında – xüsusilə geniş auditoriyaya malik olan “TikTok” platformasında yayımlandığı üçün kütləvi xarakter daşımış və cəmiyyətin müxtəlif yaş qruplarına, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərə açıq şəkildə təqdim olunmuşdur. Göstərilən hərəkətlər “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3 və 13-2.3.6-1-ci maddələrində nəzərdə tutulan qadağaları birbaşa pozur. Belə ki, ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, əxlaqsız məzmunlu ifadə və jestlərin yayılması qadağan olunmuş məlumat hesab edilir. Eyni zamanda bu hərəkətlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinin dispozisiyasına uyğun olaraq inzibati xəta tərkibi yaradır. Çünki internet informasiya ehtiyatında kütləvi nümayiş etdirilən əxlaqa zidd davranış və təhqiramiz hərəkətlər maddənin obyektiv tərəfini tam şəkildə formalaşdırır. Məhkəmə göstərilənlərə əsasən həmçinin qeyd edir ki, ailə dəyərlərinə toxunan təhqirlər, açıq-saçıq jestlər və əxlaq normalarına zidd hərəkətlər sosial şəbəkələrin maarifləndirici və kommunikativ funksiyasını gözdən salır, xüsusilə gənclər arasında yanlış davranış modellərinin formalaşmasına səbəb olur. Bu, sosial mühitdə aqressiyanın, hörmətsizliyin və etik sərhədlərin aşınmasının normallaşması riskini yaradır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci və 510.2-ci maddələri üzrə tərtib edilmiş protokollar əsaslıdır. İş materiallarında olan sübutlarla, eləcə də şəxsin etirafı ilə maddələrin dispozisiyasında nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Şəxs İXM-in 510.2-ci və 388-1.1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 30-cu maddəsinə əsasən Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsaəsn inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.3-cü maddəinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs səmimi peşmançılığını, himayəsində yetkinlik yaşına çatmayan övladı olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən etməsə də, onun əvvəllər də eyni xarakterli inzibati xətanı törətməsini və barəsində tənbeh tədbiri tətbiq edilməsinə baxmayaraq yenə də eyni cür əməlləri davam etdirməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, törədilmiş xətanın xarakterini və hallarını, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, həmçinin İXM-in 30-cu və 34.3-cü maddələrini rəhbər tutaraq, işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədi Şəxs barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu cür əməllərə hüquqi qiymət verilməklə məsuliyyətə səbəb olması həm qanunvericiliyin tələbinin icrası, həm də ictimai münasibətlərdə sağlam mühitin qorunması baxımından zəruri hesab olunur. Məqsəd yalnız cəza vermək deyil, həm də cəmiyyətə mesaj verməkdir ki, kütləvi informasiya mühitində sərbəstlik məsuliyyətsizlik demək deyildir. Qeyd olunanlara əsasən və İXM-nin 31, 34, 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.2 və 388-1.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən barəsində 750 (yeddi yüz əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar