Məhkəmə qərarları › İş №3(5-97)-811/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-811/2026

25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-811/2026 25.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi - Bakı şəhəri 29 saylı Vəkil Bürosunun vəkili X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsi ilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Nadir Rza-zadənin xx.xx.2026-cı il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Nərimanov rayon DYPŞ-nin polis mayoru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2026-cı il tarixdə saat 12 radələrində sürücü Şəxs idarə etdiyi “BMW” markalı **-UY- *** dövlət nömrə nişanlı avtomobil ilə Nərimanov rayonu, Z.Nudirəliyev küçəsi ilə hərəkətdə olarkən avtomobili parklamaq üçün sağa yerdəyişmə zamanı manevr etmə qaydalarını pozması nəticəsində hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Vinner” markalı moped ilə toqquşmuş və toqquşma nəticəsində sonuncuya yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2026-cı il saat 12 radələrində özünə məxsus idarə etdiyi “BMW” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Z.Nudirəliyev küçəsi ilə üzü Z.Bünyadov prospekti istiqamətində 10-15 km/saat surətlə hərəkət edib eyni zolaqda sağ tərəfdə parklanmaq üçün yer axtararkən irəlidə boş yer görüb avtomobili park etmək üçün sağa döndərmiş, həmin vaxt dönmə işığını yandırmamış, bu zaman onunla eyni istiqamətdə sağ tərəfində hərəkət edən moped avtomobilinin sağ arxa qanad hissəsinə bərk zərbə ilə dəymişdir. Buna görə də o avtomobilini dərhal saxlamış, mopedin sürücüsünə yaxınlaşıb ona köməklik göstərmiş, DİN-in 102 xidmətinə və təcili tibbi yardıma zəng vurub məlumat vermişdir. Hadisə zamanı avtomobildə tək olmuş, hadisənin baş verməsində özünü təkcə ona görə təqsirli bilir ki, park yerinə doğru sağa dönərkən dönmə işığını yandırmamışdır. Hadisədən sonra mopedin sürücüsü təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılandan sonra o hadisə yerində olmuşdur. Özünü təqsirli hesab etmədiyi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi X4 çıxış edərək bildirmişdir ki, mopedin sürücüsü sağ tərəfdən avtomobili ötüb keçmək istədiyi üçün bu hadisə baş vermişdir. Hadisənin baş verməsində hüquqlarını müdafiə etdiyi şəxsin əməlində tərkib olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2026-cı il tarixdə saat 12:00 radələrində idarə etdiyi “Vinner” markalı moped ilə Nərimanov rayonu, Z.Nurdəliyev küçəsi ilə Z.Bünyadov prospektinin kəsişməsi istiqamətində yolun sağdan 1-ci zolağı ilə 35-40 km/saat sürətlə hərəkətdə olarkən anidən “BMW” markalı avtomobil sol tərəfdən onun hərəkət yoluna dönmüş, bu vaxt o, mopedinin ön tərəfi ilə avtomobilin arxa sağ qanadına çırpılmış, toqquşmuş və nəticədə o mopedlə birgə yerə yıxılmış və xəsarət almış, mopedinin bir hissəsi yararsız vəziyyətə düşmüşdür. Hadisədən sonra hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə onu KTM-nə aparılmışdır. “BMW” markalı avtomobilin sürücüsü Şəxs şikayətçidir. Yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına yüngül zərər vurulmuş, qoruyucu dəbilqəsi zədələnmiş, gödəkcəsi və mopedə aid olan çantası zədələnmişdir. Ona vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2026-cı il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Nərimanov RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2026-cı il tarixli 51 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər - sol diz və sol aşıq - baldır oynağının yumşaq toxumlarının əzilməsi, sağ və sol diz oynağının sıyrılmış yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2026-cı il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Nərimanov rayonu, Z.Nudirəliyev küçəsində idarə etdiyi “BMW” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili park etmək üçün sağa döndərərkən dönmə işıq siqnalından istifadə etmədiyi və yerdəyişməzdən əvvəl onunla eyni istiqamətdə gələn Zərərçəkmiş şəxs idarə etdiyi “Vinner” markalı mopedə yol vermədiyi, mopedin avtomobilin arxa sağ qanadına çırpılması müşahidə edilir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi izahatlar, ekspertiza rəyi, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, hadisə yerinin sxemi, hadisəni əks etdirən videogörüntü və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Belə ki, müəyyən edilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 12 radələrində idarə etdiyi “BMW” markalı, **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu, Z.Nudirəliyev küçəsi ilə hərəkətdə olarkən avtomobili park etmək üçün sağa yerdəyişmə zamanı “Yol hərəkəti” haqqında Qanunun 42-ci maddəsinin İ və V-ci hissələrinin tələblərinə riayət etməklə yerdəyişməzdən və dönməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməli olduğu halda bu qaydaları pozaraq eyni istiqamətdə sağda gedən Zərərçəkmiş şəxs idarə etdiyi “Vinner” markalı mopedin qarşısına çıxması səbəbindən mopedin ön tərəfi ilə avtomobilin arxa sağ qanadına çırpılması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə əlaqədar ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol diz və sol aşıq - baldır oynağının yumşaq toxumlarının əzilməsi, sağ və sol diz oynağının sıyrılmış yaralarından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət almasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti” haqqında Azərbaycan Respublikasının Qanununun: 42-ci maddəsinə əsasən: İ. Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. V. Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən Şəxsnun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 48-61, 114-115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar