Məhkəmə qərarları › İş №3(5-97)-819/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-819/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-819/2026 17.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.2001-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 Ərazi Dairəsi, Yenikənd kəndi ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 227-ci maddəsində nəzərdə tutulan əməli törətməsi ilə bağlı barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin sahə inspektoru X3 izahatında göstərdi ki, Şəxs X2 mobil telefonunu oğurlaması ilə bağlı “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir və həmin qərar əsasında Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün 18-ci Polis Şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilməyərək qeyd etmişdir ki, yolda gedərkən yerdə telefon görmüşdür. Telefonu götürmüşdür. Həmin vaxt telefon sönülü olmuşdur. Düşünmüşdür ki, telefonu açıb kiməsə zəng etsin və sahibinə telefonu qaytarsın. Özü kuriyer işlədiyindən başı qarışıq olmuş, bir, iki gün sonra telefonu batareyaya qoyaraq açmış, həmin vaxt zəng gəlmişdir. Cavab verən zaman telefonun sahibi olduğunu bildirmişdir, gün təyin etmiş və aparılb telefonu sahibinə qaytarmışdır. Telefonu 10 gündən çox müddətdir ki, sahibinə qaytarmışdır. Heç bir oğurluq etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 bildirmişdir ki, taksidə olmuş, maşından düşəndən sonra telefonun olmadığını görmüşdür. İlkin olaraq telefonun avtomobilin içərisinə düşdüyünü zənn etmişdir. Daha sonra isə taksidə olmadığını bilmişdir. Zəng vursa da telefon bağlı olmuşdur. Bu barədə Polis orqanına məlumat vermişdir. Təxminən bir, iki gün sonra telefona zəng etdikdə, bir nəfər açmışdır. Həmin vaxt həyat yoldaşım onunla danışmış və görüşərək telefonu təqdim etmişdir. 10 gün olar ki, telefon qaytarılmışdır. Hazırda şikayəti yoxdur heç kimdən. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2026-cı il tarixli qərarından görünür ki, naməlum şəxsin barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olduğundan qərarın surəti aidiyyəti üzrə göndərilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən Şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli ərizədən aydın olur ki, Şəxstelefonu tapmış və xx.xx.2026-cı il tarixdə sahibinə təhvil vermişdir. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə qeyd edir ki, İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin törədilməsi müəyyən edilməlidir. İXM-in 227-ci maddəsində xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamaq inzibati xəta kimi nəzərdə tutulmuşdur. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirliliyinə dair kifayət qədər sübutlar toplanmamış, İXM-in bir sıra tələbləri pozulmuşdur. Belə ki, İXM-in 8-ci maddəsinə əsasən (Təqsirsizlik prezumpsiyası prinsipi) inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Göründüyü kimi hazırki iş üzrə məhkəmə iclasında müəyyən edilir ki, X4 telefonunu itirmiş Şəxs da telefonu taparaq sahibinə təhvil vermişdir. Həmin hadisənin üzərindən 10 gündən çox müddət keçdirkdən sonra polis orqanına çağırılmış və barəsində İXM-in 227-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə qeyd edir ki, hadisə ilə bağlı cinayət və ya inzibati xəta hadisəsinin törədilməsi məsələsi araşdırılsa da, əldə edilmiş sübutlara düzgün qiymət verilməmiş, Şəxs barəsində icraat İXM-in prinsiplərinin tələbləri pozulmaqla aparılmış, onun təqsirli olması və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol formal mülahizələrə əsaslanmışdır. Sadalananları, həmçinin İXM-in 53, 84-cü maddələrini rəhbər tutaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə sübutlar inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün kifayət etmədiyindən Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 39.2-ci maddəsinə əsasən İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53-cü maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 39, 105, 109.2 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin polis sahə inspektoru X3 tərəfindən tərtib olunmuş xx.xx.2026-cı il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola dair iş üzrə icraata xitam verilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalından azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar