Məhkəmə qərarları › İş №3(5-97)-829/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-829/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-829/2026 17.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilə, Şəxs Azərbaycan Respublikasındakı Filialı (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 485.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-00585/26 nömrəli, 09 fevral 2026-cı il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X2, ev 7B, mənzil 31 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasındakı Filialı (VÖEN:**********) ünvanına gələn yük Bakı Baş Gömrük idarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33- 1100/012/003062 nömrəli xx.xx.2026-cı il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, "X1 İthalat Sanayi Ve Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN **********) ünvanına İran İslam Respublikasından 99AN671/99AN672 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gətirilən mallara dair əvvəlcədən təqdim edilmiş **********8322 saylı xx.xx.2026-cı il tarixli qısa idxal bəyannaməsində idxal edilən malın adı, XİFMN üzrə kodu və invoys dəyəri qeyd edilməmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, 99AN671/99AN672 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan və idxalatçı "X1 İthalat Sanayi Ve Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN **********) ünvanına gətirilən mallar xlor və xlor məhsulunun daşınması zamanı istifadə olunan qablar yüküdür. **********8322 saylı xx.xx.2026-cı il tarixli qısa idxal bəyannaməsində isə xlor məhsulunun daşınması zamanı istifadə olunan qabların adı, sayı, XİFMN üzrə kodu və invoys dəyəri qeyd edilməmişdir. Qeyd edilən mallar (xlor məhsulunun daşınması zamanı istifadə olunan qablar) **********1884 saylı xx.xx.2026-cı il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilmişdir. "X1 İthalat Sanayi Ve Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN **********) tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verildiyi nəzərə alınaraq həmin MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 485.1 -ci maddəsinin tərkib əlamətləri aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasındakı Filialı barəsində İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, qabların ayrı formada bəyan edilməsini bilməmişlər. Həmin qablar xlorun daşınması üçün nəzərdə tutulmuş qablardır. İlk dəfə belə bir hadisə ilə rastlaşmışlar. Bunun nəzərə alınmasını və mümkün qədər yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsinin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə səlahiyyətli orqanın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 3-33-1100/012/003062 nömrəli xx.xx.2026-cı il tarixli raportdan görünür ki, “X1 İthalat Sanayi Ve Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN: **********) ünvanına 99AN671/99AN672 nömrəli nəqliyyat vasitəsi ilə gələn yük Astara Keçid məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1 -ci maddəsinə uyğun olaraq mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına təqdim edilmiş **********8322 sorğu nömrəli qısa idxal bəyannaməsində müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilən malların brutto çəkisi düzgün göstərilsə də malların adı, XİF MN üzrə kodu və invoys dəyəri qeyd edilməmişdir. **********1884 nömrəli gömrük bəyannaməsinin 31-ci qrafasından görünür ki, «X1 İthalat Sanayi ve Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən idxal olunan malların təsvirində xlor məhsullarının daşınmasında istifadə edilən 14 ədəd qab qeyd edilmişdir. **********8322 nömrəli qısa idxal bəyannaməsinin 31-ci qrafasından görünür ki, «X1 İthalat Sanayi ve Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən idxal olunan malların adı, XİF MN üzrə kodu və invoys dəyəri qeyd edilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə - fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 113.2-ci maddəsinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir 146-cı maddəsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. 148-ci maddəsinə əsasən malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək bəyannaməçinin vəzifəsidir. “Malların və nəqliyyat vasitələrin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və “digər buraxılış sistemlərində istifadə qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 920 saylı, 21 may 2016-cı il tarixli fərmanının: 2.2 bəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: İnzibati xəta haqqında iş üzrə sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, «X1 İthalat Sanayi ve Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarında olan 3-33-1100/012/003062 nömrəli xx.xx.2026-cı il tarixli raportdan görünür ki, "X1 İthalat Sanayi Ve Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının (VÖEN: **********) ünvanına 99AN671/99AN672 nömrəli nəqliyyat vasitəsi ilə gələn yük Astara Keçid məntəqəsindən keçməklə ölkə ərazisinə daxil olmuşdur. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1 -ci maddəsinə uyğun olaraq mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına təqdim edilmiş **********8322 sorğu nömrəli qısa idxal bəyannaməsində müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilən malların brutto çəkisi düzgün göstərilsə də, malların adı, XİF MN üzrə kodu və invoys dəyəri qeyd edilməmişdir. İş materiallarından müəyyən olunur ki, " X1 İthalat Sanayi Ve Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən təqdim edilmiş **********8322 nömrəli qısa idxal bəyannaməsində xlor məhsulunun daşınması üçün nəzərdə tutulmuş qablar və onların XF MN üzrə kod və invoys dəyərləri əks etdirilməmişdir. Hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında qeyd etmişdir ki, sözügedən qablar əsas gömrük bəyannaməsində göstərilmişdir və bu səbəbdən hər hansı pozuntunun mövcudluğu ilə razılaşmır və həmin məlumatlar qısa idxal bəyannaməsində qeyd edilməli deyildi. Məhkəmə bu müdafiə mövqeyini qəbul etmir və tənqidi qiymətləndirir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən, qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə daxil olmamışdan əvvəl təqdim olunur və bu sənədin əsas funksiyası gömrük orqanının riskləri əvvəlcədən qiymətləndirməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 113.2-ci maddəsi isə birbaşa tələb edir ki, bu bəyannamədə risklərin təhlili və gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar tam şəkildə əks etdirilsin. Bu çərçivədə qısa idxal bəyannaməsi əsas gömrük bəyannaməsindən hüquqi cəhətdən müstəqil sənəddir, hər birinin öz funksiyası vardır. Birinin tam olması, digərinin qüsurunu aradan qaldırmır. Xlor kimyəvi xassəsinə görə təhlükəli maddədir. Bu maddənin daşınma qablarının növü, sayı və həcmi gömrük orqanının yükün risk profilini formalaşdırması baxımından əhəmiyyət daşıyır. Qabların qısa idxal bəyannaməsində əks etdirilməməsi gömrük ərazisindən keçən yükün faktiki tərkibi barədə natamam, nəticə etibarilə təhrif olunmuş təsəvvür yaratmışdır. Belə ki, bəyannamədə göstərilən məlumatın malın həqiqi vəziyyətini tam əks etdirməməsi, yəni gömrük orqanını malın əsl tərkibi və həcmi barədə yanılmaya yönəltməyə qadir olan çatışmazlıq öz mahiyyəti etibarilə təhrif xarakteri daşıyır. İXM-in 485.1-ci maddəsinin dispozisiyası təhrif olunmuş məlumatın gömrük orqanına təqdim edilməsi faktını yetərli hesab edir. Gömrük bəyannaməsi bəyannaməçi tərəfindən tərtib edilərək gömrük orqanlarına qanunvericiliklə müəyyən olunmuş qaydada, vaxtda təqdim edilməlidir və həmin bəyannamədə göstərilən məlumatlar təhrif olunmamalıdır (Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1, 146, 148-ci maddələri). Yəni, bəyannamənin düzgün tərtib edilməməsi ilə bağlı məsuliyyət bəyannaməçinin üzərinə düşür və bu səbəbdən də İXMnin 485.1-ci maddəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına təhrif olunmuş məlumatın verilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, «X1 İthalat Sanayi ve Limited Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük ərazisindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, "X1 İthalat Sanayi ve Limited Şirkətinin" Azərbaycan Respublikasındakı Filialının hərəkətlərində İXM-nin 485.1-ci maddəsinin tərkibi mövcuddur. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini yüngülləşdirən hal kimi nəzərə alır və ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı İXM-nin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar