Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-846/2026 10.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakları ilə, X2 Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, AYN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərardan şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat X3 sədr müavini Natiq Dadaşovun xx.xx.2026-cı il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb edilməklə 20,00 manat məbləğində cərimə olunmuşdur. Bildirir ki, xx.xx.2026-cı il tarixdə saat 08-09-da “BMV 530 markalı” AZ 77GG486 dövlət qeydiyyat nömrəli şəxsi mülkiyyətində olan avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Ə. Əlizadə küçəsində yerləşən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin 10450 nömrəli ödənişli parklanma ərazisinə daxil olmaqla həmin ərazidə park edərək,“ 1181 ”SMS qısa mesaj xidmətinə parklanma barədə məlumat daxil edib, ərazini tərk etmişdir. Bundan sonra parklanma müddətinin 5 dəfə saat 09.00-da, 10.00-da, 11.00da, 12.00- da və 13.00-da növbəti saata keçməsi barədə elektron qaydada mobil telefonuna SMS mesaj göndərilmiş və saat 13.00-da parklanma sonlandırılmaqla 3,50 manat məbləğində vəsait kart hesabımdan silinmişdir. Həmin gün SMS mesaj vasitəsilə “ ASAN PAY” xidmətindən telefonuna elektron qaydada mesaj göndərilməklə, xx.xx.2026-cı il tarixdə, parklanma qaydalarını pozduğuma görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməklə 20.00 manat məbləğində cərimə edilməyi barədə məlumat yerləşdirildi. Məsələnin aydınlaşdırılması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin çağrı mərkəzinə şikayət etməklə məsələnin araşdırılmasını və inzibati cərimənin və bu barədə tərtib edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. xx.xx.2026-cı il tarixdə müraciətə baxıldığını və “1181” qısa SMS qısa nömrəsinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumatların dəqiq göndərilməməsi əsası ilə inzibati hüquq pozuntusuna görə məsuliyyətə cəlb edilməklə cərimə edilməyi barədə elektron poçtuna məlumat göndərilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o "1181” SMS qısa mesaj nömrəsinə 77GG 486 dövlət qeydiyyat nömrəli avtomobilin park edilməsi barədə məlumatı daxil edərkən qeydiyyat nömrəsinin əvvəlinə səhvən “i” hərfi düşmüş və buna baxmayaraq sistem məlumatı qəbul etməklə, 5 saat parklanma ərazisindən istifadə etdiyinə görə kartından 3,50 manat vəsaiti silmişdir. Qeyd edildiyi kimi “1181” SMS qısa mesaj xidməti avtomobilimin park edildiyini qeyd etməklə parklanmaya görə ödənişi ondan tutmuş, eyni zamanda əsassız yerə inzibati məsuliyyətə cəlb etməklə, inzibati qaydada cərimə cəzasına da məruz qalmışdır. Məhkəmədən barəsində tətbiq edilən qərar və cərimə qanunsuz və əsassız hesab edildiyindən ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən X5 şikayətin məzmununa uyğun çıxış edərək, mütəmadi SMS vasitəsilə parklanma etdiyini, lakin bu dəfə gözlərinin düzgün görməməsi səbəbindən nömrənin əvvəlində i hərfinin düşdüyünü, bu səbəbdən ona cərimə yazıldığını bildirmişdir. Qeyd etmişdir ki, həm 20 manat cərimə edilmiş, həm də 3.5 manat vəsaiti tutulmuşdur. Bu səbəbdən qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin səlahiyyətli nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, nömrənin düzgün daxil edilməsi sürücünün vəzifəsidir. Ən azından əməllərində ehtiyatsızlıq mövcuddur. Bu səbəbdən də şikayətin təmin olunmamasını və Agentlik tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli, AYN seriyalı ******* saylı qərarın qüvvədə qalmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq şikayət vermiş şəxs X5 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2026-cı il tarixli, AYN seriyalı ******* saylı qərardan görünür ki, 09.02.206-cı il tarixdə saat 08:13-də X2 idarə etdiyi BMW 530 minik markalı ** GG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə parklanma edilmədiyi üçün 20 manat məbləğində cərimə edilmişdir. Xətanın törədilmə vaxtı xx.xx.2026-cı il saat 08:13 kimi qeyd edilmişdir. İş materiallarında olan çıxarışdan görünür ki, nömrə SMS vasitəsilə göndərilərkən i77GG486 olaraq qeyd edilmiş və parklanma başladılmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 346-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə - iyirmi manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəflərin məhkəmə iclasındakı izahatlarını dinləyərək və iş materiallarına əlavə olunmuş sübutları hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ləğv olunaraq yenidən baxılması üçün aidiyyəti səlahiyyətli orqana qaytarılmalıdır. İnzibati xətalar qanunvericiliyinin fundamental prinsiplərindən olan qanunçuluq və ədalətlilik prinsiplərinə əsasən, inzibati tənbeh yalnız qanunla müəyyən edilmiş qaydada və işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv şəkildə araşdırıldıqdan sonra tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin imperativ tələbinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini özündə ehtiva edən əməli törətmiş şəxs məsuliyyətə cəlb oluna bilər. Mübahisələndirilən qərara əsasən, X1 Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətini başlatmadığına və ya ödəniş etmədiyinə görə məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında şikayətçi tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə olunmuş çıxarışlardan birmənalı şəkildə müəyyən olunur ki, X5 xx.xx.2026-cı il tarixində saat 08-09 radələrində "1181" qısa nömrəsinə SMS göndərərək parklanma sessiyasını başlatmağa cəhd etmişdir. Lakin, o, dövlət qeydiyyat nişanını daxil edərkən mexaniki səhvə yol verərək nişanın əvvəlinə "i" hərfi əlavə etmiş ("i77GG486") və mesajı bu formada göndərmişdir. Ən mühüm fakt ondan ibarətdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) avtomatlaşdırılmış idarəetmə sistemi bu qeyri-standart nişan formatını rədd etməmiş, əksinə, "qəbul edilmişdir" statusu ilə təsdiqləmiş və 5 saatlıq parklanma müddəti üçün şikayətçinin mobil balansından 3,50 manat məbləğində vəsait çıxmışdır. Səlahiyyətli orqan nümayəndəsinin "nömrənin düzgün daxil edilməsi sürücünün vəzifəsidir və bu ehtiyatsızlıqdır" barədə məhkəmə iclasında gətirdiyi dəlil məhkəmə tərəfindən ətraflı təhlil edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 14-cü maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilən xəta o zaman məsuliyyət yaradır ki, şəxs öz əməlinin zərərli nəticələr verə biləcəyini qabaqcadan görsün, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etsin, yaxud lazımi diqqət və ehtiyatlılıq göstərərək bu nəticələri qabaqcadan görməli olduğu halda görməsin. Lakin ehtiyatsızlıq anlayışı yalnız ictimai təhlükəli nəticə meydana gəldikdə öz hüquqi qüvvəsini tapır. Hazırkı halda İXM-in 346-1.1-ci maddəsinin qoruduğu ictimai münasibət dövlətin (və ya operatorun) parklanma xidmətinə görə nəzərdə tutulmuş maliyyə vəsaitinin ödənilməsidir. Şikayətçinin "i" hərfini yanlışlıqla yazması faktı özlüyündə bir ehtiyatsızlıq və ya diqqətsizlik olsa da, bu diqqətsizlik dövlət büdcəsinə hər hansı ziyan vurmamış, xidmətin haqqı tam və qanuni formada ödənilmişdir. Belə olan halda, həm parklanma haqqının alınması, həm də eyni hərəkətə (daha doğrusu, mexaniki səhvə) görə vətəndaşın cərimələnməsi İXM-in 9.1-ci maddəsindəki ədalətlilik prinsipinə ziddir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, dövlət orqanlarının tətbiq etdiyi rəqəmsal idarəetmə və ödəniş sistemləri vətəndaşların mexaniki səhvlərini aşkarlayacaq minimum məntiqi yoxlama funksiyalarına malik olmalıdır. Əgər sistem sadə bir nömrə ardıcıllığını ("i77GG486") qəbul edərək ödəniş prosesini icra edirsə, bu, vətəndaşda xidmətin qanunauyğun şəkildə aktivləşdirildiyinə dair "qanuni gözlənti" formalaşdırır. Sistemin özündəki bu texniki boşluğun birmənalı olaraq vətəndaşın üzərinə qoyula bilməz. Bununla belə, məhkəmə diqqətə çatdırır ki, İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən qərarın qanuniliyi iş üzrə olan materiallar əsasında yoxlanılır. Mövcud vəziyyətdə tərəflər arasında həm ödənişin faktiki olaraq hansı hesaba getdiyi (sistemin bu vəsaiti necə təsnifləşdirdiyi), həm də vətəndaşın qəsdinin olub-olmaması ilə bağlı müəyyən təfərrüatların daha dərindən araşdırılmasına zərurət vardır. İnzibati orqan ilkin qərarı qəbul edərkən şikayətçinin həmin vaxt kəsiyində etdiyi ödəniş cəhdini nəzərə almamış və işin hallarını tam hərtərəfli araşdırmamışdır. İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını, 135.1.6-cı maddəsi isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasını qərarın ləğv edilməsi üçün mütləq əsas kimi təsbit edir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən, bu hallar müəyyən edildikdə qərar ləğv olunmalı və iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Göstərilən normaları rəhbər tutaraq məhkəmə o qənaətə gəlir ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2026-cı il tarixli qərar işin faktiki halları tam və hərtərəfli araşdırılmadan, habelə sistem xətası və ödəniş faktı düzgün qiymətləndirilmədən çıxarıldığı üçün ləğv edilməli və göstərilən xüsusatların dəqiqləşdirilməsi məqsədilə iş yenidən baxılması üçün həmin orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə cərimə olunmasına dair xx.xx.2026-cı il tarixli, AYN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və işə yenidən araşdırılması Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №3(5-97)-846/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-846/2026
10.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver