Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-859/2026 03.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi, Barəsində protokol tərtib olunan qərardan şikayət vermiş şəxs X4, Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin səlahiyyətli nümayəndəsi X7 iştirakları ilə, Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X9 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Nərimanov Rayon X13 İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli hadisə ilə bağlı barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 333.1 və 327.7-ci maddələri əsasında inzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2025-ci il tarixdə isə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan verdiyi şikayətə baxılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati orqanın xx.xx.2025-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Nərimanov Rayon X13 İdarəsinə göndərilmişdir. Məhkəmənin göstərilən qərarından sonra inzibati orqan tərəfindən işə yenidən baxılmış, lakin əvvəlki araşdırma zamanı mövcud olmayan hər hansı yeni sübut təqdim edilmədən, eyni hadisə və eyni faktlar əsasında yenidən inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edir ki, hadisə zamanı spirtli içki qəbul etmədiyi ayıqlıq aktı ilə rəsmi şəkildə təsdiq edilmiş, iş materiallarında sərxoşluq halını təsdiq edən tibbi rəy, video və ya digər obyektiv sübutlar mövcud deyildir; inzibati orqan məhkəmə qərarının mahiyyətinə əməl etmədən, faktiki olaraq eyni hadisəyə görə təkrar inzibati təqib aparmışdır; bu isə inzibati icraat zamanı işin hərtərəfli, tam və obyektiv araşdırılması prinsipinin pozulmasına, eləcə də müdafiə hüququmun məhdudlaşdırıimasına səbəb olmuşdur. Barəsində Nərimanov Rayon X13 İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X9 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, həmin günü içkili olmamışdır. Hadisə gecə saatlarında baş vermişdir. Həmin vaxt nəqliyyat vasitəsi duracağa yerləşdirildikdən dərhal sonra tibbi müayinəyə getmiş və müayinədən keçərək nəticəni əldə etmişdir. Qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi X10 izahatında bildirmişdir ki, ərazidə xidmət aparan zaman nəqliyyat vasitəsini geriyə dönmə qaydalarını pozduğu üçün saxlamış və saxlayarkən özünü şübhəli aparmışdır. Bu zaman onun sərxoş olmasını ehtimal etmiş və özü spirtli içki qəbul etdiyini bildirmişdir. Protokol tərtib edərkən özüdə alkotesterin nəticəsi ilə razılaşmış, həkimə ehtiyacı olmadığını bildirmişdir. Daha sonra barəsində protokol tərtib edilmişdir. Şəxsin izahatında göstərdiyi xüsusatları etmişdir. Şəxsin bədənindəki alkoqol miqdarı hər saat aşağı düşdüyü üçün, ola bilsin ki, müayinəsi zamanı onda hər hansı spirtli içki aşkar edilməsin. Lakin, onlar tərəfindən yoxlanılan zaman qanında alkoqol aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İXP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X9 xx.xx.2025-ci il tarixində, saat 14:20 radələrində “Mercedes Benz C300" minik markalı, 90 TP044 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən İXM-nin 327.7 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Nərimanov Rayon Dövlət Yol Polis xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 327.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə barəsində müvafiq qərar qəbul edilərək, 20 və daha çox bal toplamasına görə sürücülük hüququ məhdudlaşdırılmışdır. “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” 12 oktyabr 2025-ci il tarixli protokolda görünür ki, X1 vəziyyətini təyin edən texnika ilə yoxlanılmış və12 oktyabr 2025-ci il tarixdə, saat 01:30 radələrində onun spritli içki qəbul etdiyi müəyyən olunmuşdur. Özü tərəfindən həmin protokola spirtli içki qəbul etdiyi və bir daha spirtli içki qəbul edərək nəqliyyat vasitəsini idarə etməyəcəyinə söz verdiyi qeyd etmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, X5 alkoqolun miqdarı həmin gün saat 14:16-da 0,340 faiz olmuşdur. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 nömrəli qərarının 2.4-cü maddəsinə əsasən, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəflərin məhkəmə iclasındakı izahatlarını dinləyərək və iş materiallarına əlavə olunmuş sübutları hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar ləğv olunaraq, iş yenidən baxılması üçün aidiyyəti səlahiyyətli orqana qaytarılmalıdır. İnzibati xətalar qanunvericiliyinin əsas prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən, inzibati tənbeh yalnız qanunla müəyyən edilmiş qaydada və işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv şəkildə araşdırıldıqdan sonra tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin imperativ tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini özündə ehtiva edən əməli törətmiş şəxs məsuliyyətə cəlb oluna bilər. Mübahisələndirilən qərara əsasən X3 Xətalar Məcəlləsinin 333.1 və 327.7-ci maddələri ilə (nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etmə və bunun nəticəsində 20 və daha çox bal toplama) məsuliyyətə cəlb edilmiş və onun sürücülük hüququ məhdudlaşdırılmışdır. Bu qərarın əsasında "Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında" protokol və xüsusi texniki vasitənin (alkotesterin) qəbzi dayanır. Məhkəmə iş materiallarında olan inzibati xətanın qeydə alınmasını və sübuta yetirilməsini təsdiq edən ilkin sənədləri tədqiq edərkən onlarda aşkar ziddiyyətlərin və ciddi qüsurların olduğunu müəyyən etmişdir. "Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında" 12 oktyabr 2025-ci il tarixli protokolda qeyd olunmuşdur ki, X4 yoxlanılması həmin gün saat 01:30 radələrində həyata keçirilmiş və onun spirtli içki qəbul etdiyi müəyyən olunmuşdur. Lakin həmin protokola əlavə edilmiş və cihazın göstəricisi hesab olunan qəbzdə yoxlanılma saatı 14:16 kimi göstərilmişdir. İnzibati xəta haqqında protokolda isə xətanın törədilmə vaxtı saat 14:20 kimi qeyd edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada mötəbər sübutlarla təsdiq edilməlidir. İnzibati xəta haqqında iş üzrə əsas sübut növü olan sərxoşluq vəziyyətinin müəyyən edilməsinə dair protokolda göstərilən vaxtla (01:30) alkotesterin qəbzindəki vaxt (14:16) arasında təxminən 13 saatlıq kəskin ziddiyyətin olması həmin sənədlərin mötəbərliyini ciddi şəkildə şübhə altına alır. Məhkəmə vurğulayır ki, inzibati orqan inzibati xəta hadisəsini rəsmiləşdirərkən sənədlərdəki qeydlərin dəqiqliyinə və uyğunluğuna ciddi riayət etməyə borcludur. Yol verilmiş bu cür aşkar vaxt uyğunsuzluğu texniki yanlışlıq hüdudlarını aşır və işin faktiki hallarının, xüsusən də sürücünün hansı an sərxoş olub-olmamasının müəyyən edilməsinə birbaşa maneə yaradır. Səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatlar sənədlərdəki bu ziddiyyəti aradan qaldırmaq iqtidarında deyil. Bundan əlavə məhkəmə nəzərə alır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə inzibati orqanın əvvəlki qərarı ləğv edilərək iş yeni araşdırmaya qaytarılmışdır. Lakin səlahiyyətli orqan işə yenidən baxarkən qeyd olunan ziddiyyətləri aradan qaldırmamış, sübutlar bazasını dəqiqləşdirməmiş və əvvəlki qüsurlu sənədlər əsasında təkrarən inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir ki, bu da İnzibati Xətalar Məcəlləsinin məqsəd və prinsipləri ilə uzlaşmır. Lakin məhkəmə hesab edir ki, işin bu mərhələsində şikayətçinin iş üzrə icraata xitam verilməsi tələbi təmin edilə bilməz. Çünki iş materiallarında şikayətçinin alkotesterin nəticəsi ilə razılaşdığına və spirtli içki qəbul etdiyinə dair öz əlyazması ilə qeydləri mövcuddur. Bu hal sübutların yenidən və diqqətlə, zərurət olduqda digər sübutlar əldə edilməklə araşdırılmasını tələb edir. İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını, 135.1.6-cı maddəsi isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasını qərarın ləğv edilməsi üçün mütləq əsas kimi təsbit edir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu hallar müəyyən edildikdə qərar ləğv olunmalı və iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Məhkəmə baxışı zamanı yaranmış sübutların ziddiyyəti məhkəmə tərəfindən deyil, ilkin icraatı həyata keçirən səlahiyyətli orqan tərəfindən yeni araşdırma çərçivəsində aradan qaldırılmalıdır. Göstərilən normaları rəhbər tutaraq məhkəmə o qənaətə gəlir ki, Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən X9 barəsində qəbul edilmiş xx.xx.2025ci il tarixli qərar işin faktiki halları araşdırılmadan qəbul edildiyi üçün qanunsuz və əsassızdır. Odur ki, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında işin hallarına yenidən baxılması üçün aidiyyəti orqana qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 327.7-ci maddələri ilə inzibati tənbeh tədbiri tətbiq edilməsinə dair Nərimanov Rayon Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №3(5-97)-859/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-859/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver