Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-862/2026 04.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi İnzibati protokol tərtib edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs X1 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2026-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2026-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixində X3 EQ33815115 nömrəli inzibati xəta haqqında qərar təqdim edilmişdir. Həmin qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə və 3 cərimə balı ilə cəzalandırılmışdır. O hesab edir ki, qeyd olunan qərar qanunsuz və əsassızdır. Onun sözlərinə görə, nəqliyyat vasitəsi ilə hərəkət edərkən işıqforun yaşıl işığı yanarkən yolayrıcından keçmiş, yolun qarşı tərəfinə keçdikdən sonra isə tıxacla qarşılaşmışdır. Bu səbəbdən o, yaşıl işıqda hərəkəti davam etdirməsini tam qanuni hesab edir və verilmiş qərarla razılaşmadığını bildirir. Bu əsaslarla X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, xx.xx.2026-cı il tarixli EQ33815115 nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsini, zərurət olduqda isə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayət ərizəsinə uyğun çıxış edərək bildirdi ki, yol hərəkəti qaydalarının pozuntusuna yol verməmişdir. Barəsində tərtib edilən qərarın əsassız olduğunu vurğulayaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında inzibati qərar qəbul edən qurumun nümayəndəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin nümayəndəsi X7 qərarın qanuna uyğun olduğunu bildirərək, qayda pozuntusunun əks olunduğu görüntünü məhkəməyə təqdim etmişdir. Göstərilənlərin nəzərə alınmasını şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2026-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin nümayəndəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş video görüntüdən və şikayətə əlavə edilmiş foto şəkildən aydın olur ki, X5 xx.xx.2026-cı il tarixində, saat 14:59-da Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi-Bülbül prospekti kəsişməsində “MERCEDES BENZ CLA 200” MİNİK markalı **-OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. Məhkəmənin hüquqi mövqeyi: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayət verən şəxs X4 istinad edilən inzibati xətaya qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 327.2-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Məhkəmədə tədqiq edilən video görüntüdən və şikayətə əlavə edilmiş foto şəkildən də aydın olur ki, X5 xx.xx.2026-cı il tarixində, saat 14:59-da Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi-Bülbül prospekti kəsişməsində “MERCEDES BENZ CLA 200” MİNİK markalı **- OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. X1 hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 75-ci maddəsinin İİ bəndinə əsasən əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2026-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair X1 şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(5-97)-862/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-862/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver