Məhkəmə qərarları › İş №3(5-97)-875/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-875/2026

03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-875/2026 03.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadi Mircəlal Mirşamil oğlunun katibliyi , Şikayət verən şəxs - X2, X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31700096 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 31700096 “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, 1 5 - 1 6 sentyabr 2025-ci il tarixlərində internet saytı vasitəsilə Nurlan adlı şəxsə məxsus olan, dövlət qeydiyyat nişanı **-YF-*** olan “LeapMotor” markalı avtomobili gündəlik icarəyə götürmüşdür. Həmin şəxslə +994 10 *** ** ** telefon nömrəsi vasitəsilə “WhatsApp” proqramı üzərindən əlaqə saxlamışdır. Avtomobili 3-4 gün idarə etdikdən sonra sahibinə təhvil vermişdir. Yuxarıda qeyd olunan tarixlərdə avtomobil ilə bağlı inzibati xəta törətdiyinə görə 100 manat məbləğində cərimə tətbiq olunmuş və onun tərəfindən ödəniləcəyini bildirdikdən təqribən iki ay sonra cəriməni ödəmişdir. 2025-ci ilin noyabr ayının əvvəlində Ulduz metrosu yaxınlığında idarə etdiyi başqa bir avtomobil Yol Polisi əməkdaşları tərəfindən saxlanılaraq duracağa yerləşdirilmiş və ona sürücülük vəsiqəsinə məhdudiyyət qoyulduğu bildirilmişdir. Bunun səbəbini öyrənmək üçün yuxarıda qeyd olunan avtomobil sahibi ilə əlaqə saxladıqda, məlumatının olmadığını bildirmiş, Yol Polisi əməkdaşları tərəfindən ona məxsus olan 100 manat məbləğində cəriməni gec ödəndiyi və avtomobili idarə etmək üçün verilmiş icazə vərəqəsinin sonuncu olaraq onun adına rəsmiləşdirilməsi səbəbilə protokolların sürücülük vəsiqəsinə yazıldığını bildirmişdir. Bundan sonra həmin şəxslə yenidən əlaqə saxlamaq istəsə də, zənglərinə cavab verməmiş,“WhatsApp” vasitəsilə göndərdiyi mesajları cavabsız qoymuşdur. O, yuxarıda qeyd olunan avtomobili qeyd olunan tarixlərdən əlavə vaxtda idarə etmədiyi təqdirdə sonuncu etibarnamə adına olduğu üçün xx.xx.2025-ci il tarixində ona məxsus olan AD077935 seriyalı sürücülük vəsiqəsinə İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli EQ/31700096 protokol tədbiq olunmuşdur. Qərar əsassızdır və faktiki hallara uyğun gəlmir. Buna baxmayaraq, qeyd olunan qərar vaxtında ona təqdim edilmədiyindən, qərardan gec məlumatı olduğundan etiraz etmək imkanı olmamışdır. Bu səbəbdən cərimə vaxtında ödənilmədiyi üçün üzərinə dəbbə pulu (penya) də hesablanmışdır. Barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv ediməsini, həmin qərar əsasında hesablanmış cərimə dəbbə pulunun tamamilə silinməsini; (Əgər 10 günlük müddət keçibsə) etiraz müddətinin ötürülməsi üzrlü hesab edilməsini və müddətin bərpa olunsını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qeyd etmişdir ki, o sözügedən nəqliyyat vasitəsini 2025-ci ilin sentyabr ayında 3-4 günlük müddətə etibarnamə əsasında istifadəyə götürmüş, daha sonra qaytarmışdır. Həmin dövrdə ona etibarnamə verilsə də, sonradan nəqliyyat vasitəsini qaytardığı zaman həmin maşının içində qalmışdır. Bir müddət sonra ona tətbiq edilmiş cəriməni ödədikdən sonra, sürücülük hüququnun məhdudlaşdırılması məlum olmuş və sonra nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilmişdir. Sonradan məlumat almışdır ki, bəs həmin nəqliyyat vasitəsi ilə törədilən bütün cərimələr ona tətbiq edilmişdir. Həmin nəqliyyat vasitəsinin sahibinə məlumat vermiş, həmin şəxs həll edəcəyini bildirsə də, yayınmışdır. Qeyd etmişdir ki, bu cərimədən yeni məlumatı olmuş və məlumat alan kimi də şikayət etmişdir. Hadisə törədilən xx.xx.2025-ci il tarixdə o həmin nəqliyyat vasitəsini heç istifadə etməmişdir. Qeyd edildiyi kimi, nəqliyyat vasitəsi 2025-ci ilin sentyabrında istifadəsində olmuşdur. Qeyd olunanları nəzərə alaraq, icraata xitam verilməsini xahiş edir. Məhkəmənin suallarına cavab olaraq, DYP şöbəsindən ona şirkət tərəfindən yol vərəqi verildiyinin, qərarın gec tərtib olunmasının səbəbinin də həmin sənədin gec daxil olduğunun bildirildiyini, lakin həmin sənədin ona təqdim edilmədiyini, guya ki, həmin sənəddə nəqliyyat vasitəsinin 2 aylıq müddətə verildiyinin bildirildiyini göstərmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq qərar tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın iştirakı olmadan iclasın davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, xx.xx.2025-ci il tarixli, EQ 31700096 saylı protokol əsasında xx.xx.2025-ci il tarixdə saat 09:47 də X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 80 (səksən) manat miqdarında cərimə edilməsi qərara alınmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 123-cü maddəsinə əsasaən bu məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəflərin məhkəmə iclasındakı izahatlarını dinləyərək və iş materiallarına əlavə olunmuş sübutları hərtərəfli, tam və obyektiv tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, mübahisələndirilən qərar ləğv olunaraq iş yenidən baxılması üçün aidiyyəti səlahiyyətli orqana qaytarılmalıdır. Mübahisələndirilən qərara əsasən, X1 Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. Lakin məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən qərar qəbul edilərkən işin faktiki hallarının tam araşdırılması və sübutların toplanması qaydaları kobud şəkildə pozulmuşdur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 123.1-ci maddəsi xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən xətalar hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsi tərəfindən törədildikdə, xüsusi prosessual qayda müəyyən edir. Həmin normaya əsasən, səlahiyyətli orqan hüquqi şəxsə dərhal sorğu göndərməli, hüquqi şəxs isə 5 gün müddətində nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumatı, o cümlədən müvafiq təsdiqedici sənədləri (yol vərəqi, etibarnamə, əmək müqaviləsi və s.) təqdim etməlidir. İş materiallarının və tərəflərin məhkəmə iclasındakı izahatlarının tədqiqindən şəkildə məlum olur ki, inzibati orqan X3 inzibati məsuliyyətə cəlb edərkən onun xx.xx.2025-ci il tarixində həmin nəqliyyat vasitəsini idarə etdiyini təsdiq edən heç bir mötəbər hüquqi sənəd əldə etməmişdir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə görə, şəxsin təqsirliliyi qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməlidir və şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. İnzibati orqan yalnız hüquqi şəxsin şifahi bəyanatına və ya ehtimallara, o cümlədən şəxsin birdəfə ona tətbiq edilmiş cəriməsini ödəməsinə əsaslanaraq vətəndaş barəsində inzibati tənbeh qərarı çıxara bilməz. Şikayət vermiş şəxsin xəta törədilən vaxtı sükan arxasında olmasını təsdiq edən rəsmi sənədin və ya etibarnamənin iş materiallarında olmaması, inzibati xətanın subyektinin düzgün müəyyən edildiyinə dair əsaslı və aradan qaldırılmamış şübhələr yaradır. İXM-nin 53.1.11-ci maddəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, İXM-nin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında qərarlar real vaxt rejimində tərtib edilməli olsa da, həmin İXM-nin 123-cü maddəsi həmin qərarların obyektiv səbəblərdən real vaxt rejimində tərtib oluna bilməməsinin nəticələrini və prosessual qaydasını tənzimləyir. Yuxarıda qeyd edildiyi kimi, səlahiyyətli orqan nəqliyyat vasitəsinin hüquqi şəxsin mülkiyyətində olmasına (şəxsin izahatına əsasən) istinad edərək, sürücünün şəxsiyyətinin məlum olmaması səbəbindən gec tərtib edilməsinə istinad etmişdir. Lakin, həmin xüsusatı təsdiq edə biləcək yazışmaları, sənədləri, sübutları (yol vərəqi və s.) məhkəməyə təqdim etməmişlər. Bu səbəbdən məhkəmə həmin sübutların əldə edilmədiyi, şifahi bəyanat əsasında gəlinən nəticə olması qənaətinə gələrək iş üzrə qərarın ləğv edilib yeni araşdırmaya qaytarılması qənaətindədir. Bununla yanaşı, məhkəmə hesab edir ki, işin məhkəmə baxışı mərhələsində toplanmamış sübutların məhkəmə tərəfindən toplanması və araşdırılması inzibati orqanın vəzifələrinin məhkəmə tərəfindən icra edilməsi deməkdir ki, bu da inzibati xətalar haqqında iş üzrə icraatın təbiətinə ziddir. Məhkəmənin həmin sübutları öz təşəbbüsü ilə toplamağa cəhd etməsi məhkəmə icraatının lüzumsuz uzanmasına və süründürməçiliyə gətirib çıxara bilər. İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsi hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamasını, 135.1.6-cı maddəsi isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasını qərarın ləğv edilməsi üçün mütləq əsas kimi təsbit edir. Bundan əlavə, fevral ayında törədilmiş xətaya görə də noyabr ayında inzibati tənbeh verilməsi real vaxt rejimi anlayışına zidd olan mühüm bir xüsusatdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən isə bu hallar müəyyən edildikdə qərar ləğv olunmalı və iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Göstərilən normaları rəhbər tutaraq məhkəmə o qənaətə gəlir ki, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar işin faktiki halları tam və hərtərəfli araşdırılmadan, habelə xətanın subyektini təsdiq edən rəsmi sənədlər təmin edilmədən çıxarıldığı üçün ləğv edilməli, xətanın subyektinin və aidiyyəti sübutların (xüsusilə də yol vərəqinin) əldə edilərək dəqiqləşdirilməsi məqsədilə iş yenidən baxılması üçün həmin orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sisteminin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında EQ 31700096 nömrəli qərar ləğv edilsin və işə yenidən baxılması üçün həmin orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar