Məhkəmə qərarları › İş №3(5-97)-894/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-894/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-894/2026 04.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Şikayət verən şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət ərizəsində qeyd edilmişdir ki, 15–16 sentyabr 2025-ci il tarixlərində internet saytı vasitəsilə Nurlan adlı şəxsə məxsus, dövlət qeydiyyat nişanı **-YF-*** olan “LeapMotor” markalı avtomobil vətəndaş tərəfindən gündəlik icarəyə götürülmüşdür. Həmin şəxslə +994 10 *** ** ** telefon nömrəsi vasitəsilə “WhatsApp” proqramı üzərindən əlaqə saxlanılmışdır. Avtomobil 3-4 gün idarə edildikdən sonra sahibinə təhvil verilmişdir. Yuxarıda qeyd olunan tarixlərdə avtomobil ilə bağlı inzibati xəta törədildiyinə görə 100 manat məbləğində cərimə tətbiq olunmuş və vətəndaş tərəfindən ödəniləcəyi bildirildikdən təqribən iki ay sonra həmin cərimə ödənilmişdir. 2025-ci ilin noyabr ayının əvvəlində Ulduz metrosu yaxınlığında vətəndaşın idarə etdiyi başqa bir avtomobil Yol Polisi əməkdaşları tərəfindən saxlanılaraq duracağa yerləşdirilmiş və ona sürücülük vəsiqəsinə məhdudiyyət qoyulduğu bildirilmişdir. Bunun səbəbini öyrənmək üçün vətəndaş yuxarıda qeyd olunan avtomobil sahibi ilə əlaqə saxladıqda, həmin şəxs bununla bağlı məlumatının olmadığını bildirmişdir. Yol Polisi əməkdaşları tərəfindən vətəndaşa məxsus olan 100 manat məbləğində cərimənin gec ödənildiyi və avtomobili idarə etmək üçün verilmiş icazə vərəqəsinin sonuncu olaraq onun adına rəsmiləşdirilməsi səbəbilə protokolların sürücülük vəsiqəsinə yazıldığı bildirilmişdir. Bundan sonra vətəndaş həmin şəxslə yenidən əlaqə saxlamağa cəhd etsə də, zənglərinə cavab verilməmiş, “WhatsApp” vasitəsilə göndərilən mesajlar cavabsız qalmışdır. Vətəndaş qeyd olunan avtomobili göstərilən tarixlərdən əlavə vaxtda idarə etmədiyi halda, sonuncu etibarnamənin onun adına olması səbəbilə xx.xx.2025-ci il tarixində ona məxsus AD077935 seriyalı sürücülük vəsiqəsinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli EQ/31700103 nömrəli protokol tətbiq edilmişdir. Qərarın əsassız olduğu və faktiki hallara uyğun gəlmədiyi qeyd olunur. Bununla yanaşı, qeyd olunan qərar vaxtında vətəndaşa təqdim edilmədiyindən, qərardan gec xəbər tutmuş və buna görə də etiraz etmək imkanı olmamışdır. Bu səbəbdən cərimə vaxtında ödənilmədiyinə görə üzərinə dəbbə pulu (penya) də hesablanmışdır. Məhkəmə iclasında iştirak edən X3 şikayət ərizəsinə uyğun çıxış edərək Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdırlar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” elektron qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:24-də Nəsimi rayon, Ü.Hacıbəyov küçəsi N159 ərazisində X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. “X4” MMC tərəfindən X2 verilmiş etibarnamədən aydın olur ki, **-YF-*** dövlət nömrə nişanlı avtomobil idarə etmək üçün X2 etibar edilmişdir. Etibarnamə xx.xx.2025-ci il tarixədək etibarlıdır. Məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, şikayət verən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X1 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı X1 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törədib törətməməsini müəyyən etmək mümkün deyil. Belə ki, səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir ki, qərarın əsaslılığını məhkəmədə sübuta yetirsin. Halbuki, həmin halları sübutetmə vəzifəsi bilavasitə qərarı qəbul etmiş orqanın üzərinə düşür. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-nin tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, təqdim olunmuş sənədlər əsasında X1 İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də iş üzrə yenidən araşdırma aparılmaqla müvafiq qərar qəbul edilməsi üçün X1 barəsində Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin orqana göndərilməlidir. İnzibati Xətalar Məcəlləsinin 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; Qeyd olunanlara əsasən və İXM-nin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə cərimə olunmasına dair Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar