Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-900/2026 03.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 31700099 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından X2 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31700099 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 15-16 sentyabr 2025-ci il tarixlərində internet saytı vasitəsilə Nurlan adlı şəxsə mənsub olan, dövlət qeydiyyat nişanı **-YF-*** olan “LeepMotor” markalı avtomobili gündəlik icarəyə götürmüşdür. Həmin şəxslə +99***-***-**-** telefon nömrəsi vasitəsilə “Whatsapp” proqramı üzərindən əlaqə saxlamış və avtomobili 3-4 gün idarə etdikdən sonra sahibinə təhvil vermişdir. Həmin tarixlərdə avtomobil ilə bağlı inzibati xəta törətdiyinə görə 100 manat məbləğində cərimə tətbiq olunmuş və tərəfindən ödəniləcəyi bildirildikdən təqribi 2 ay sonra cərimə ödənilmişdir. 2025-ci ilin noyabr ayının əvvəlində “Ulduz” metrosu yaxınlığında idarə etdiyi başqa bir avtomobil yol polis əməkdaşları tərəfindən saxlanılaraq duracağa yerləşdirilmiş və sürücülük vəsiqəsinə məhdudiyyət qoyulduğu bildirilmişdir. Bunun səbəbini öyrənmək üçün avtomobil sahibi ilə əlaqə saxladıqda, şəxs bu barədə məlumatlı olmadığını bildirmişdir. Yol polis əməkdaşları isə ona məxsus olan 100 manat məbləğində cərimənin gec ödənildiyini və avtomobili idarə etmək üçün verilmiş icazə vərəqəsinin sonuncu olaraq adına rəsmiləşdirilməsi səbəbi ilə protokolların sürücülük vəsiqəsinə yazıldığı bildirmişdir. Bundan sonra həmin şəxslə yenidən əlaqə saxlamaq istəsə də zənglərinə cavab verməmiş, “Whatsapp” vasitəsilə göndərdiyi mesajları cavabsız qoymuşdur. Avtomobili qeyd olunan tarixlərdə əlavə vaxta idarə etdiyi təqdirdə sonuncu etibarnamə adına olduğu üçün xx.xx.2025-ci il tarixində ona məxsus olan AD077935 seriyalı sürücülük vəsiqəsinə İXM-nın 328.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli hadisə ilə bağlı EQ 31700099 nömrəli qərar tətbiq olunmuşdur. Qərar əsassızdır və faktiki hallara uyğun deyildir. Həmçinin qərar vaxtında təqdim edilmədiyindən və gec məlumatı olduğundan etiraz etmək imkanı olmamışdır. Bu səbəbdən cərimə vaxtında ödənilmədiyi üçün üzərinə dəbbə pulu da hesablanmışdır. Barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməli və həmin qərar hesabında hesablanmış cərimə və dəbbə pulu tamamilə silinməlidir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə ümumiyyətlə sözügedən nəqliyyat vasitəsini idarə etməmişdir. Bundan əlavə həmin qeyd olunan hadisə xüsusi texniki vasitənin köməkliyi ilə aşkar olunmağına baxmayaraq təxminən 4 ay sonra elektron qərar qəbul edilmişdir. Ümumiyyətlə xx.xx.2025-ci il tarixdə yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanıldıqda bu barədə ona bildirilmiş, həmin tarixdə barəsində 16 ədəd qərar tətbiq edilmişdir. Qeyd olunanları nəzərə alıb inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, üzrlü səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31700099 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə) törətməkdə təqsirli bilinərək 10 manat məbləğində cərimə edilmişdir. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 328.1. Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə edilir. Məhkəmə şikayət və ona əlavə olunan sənədləri tədqiq edərək qeyd edir ki, inzibati tənbeh vermə elektron qərarda X2 tərəfindən Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin vaxtı xx.xx.2025-ci il tarix qeyd edilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən barəsində inzibati tənbeh vermə elektron qərar qanunda nəzərdə tutulduğu qaydada, yəni inzibati xətanın törədildiyi gündən bir gün müddətində deyil, dörd aya yaxın müddət sonra, xx.xx.2025-ci il tarixdə qəbul edilməklə, nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-in 38.6 və 53.1.11-ci maddələrinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri baxımından X1 Azərbaycan Respublikası DİN-in BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 31700099 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət təmin edilməli, qeyd olunan qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 38.6, 40, 53.1.11, 105, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X1 barəsində Azərbaycan Respublikası DİN-in BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 31700099 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №3(5-97)-900/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-900/2026
03.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver