Məhkəmə qərarları › İş №3(5-97)-954/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(5-97)-954/2026

24.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-97)-954/2026 24.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il təvəllüdlü, Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Yevlax rayonu, Nemətabad kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsindən daxil olmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsindən daxil olmuş 24 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə Nərimanov rayonu, “Olimpik Star”ın yanında polis əməkdaşlarına tabesizlik göstərib nalayiq ifadələr işlətmişdir. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək, Şəxs “Olimpik Star”ın yanında polis əməkdaşlarına tabesizlik göstərib nalayiq ifadələr işlətdiyini bildirmişdir. Buna görə də barəsində protokol tərtib edilərək, şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 510.1 və 535.1-ci maddələri ilə özünü təqsirli bilərək əməlindən peşman olduğunu söyləmişdir. Həmin tarixdə Nərimanov rayonu “Olimpik Star”ın yanında marketdən bəzi ərzaq məhsulları alıb yaşadığı ünvana gedən zaman polis əməkdaşları ona yaxınlaşmışdır. Həmin vaxtı nəyə görə saxladıqlarını soruşub və etirazını bildirmişdir. Ondan sonra polis əməkdaşları ona xidməti avtomaşına oturmağını tələb etdilər, lakin səbəbini soruşan zaman aralarında sözlü mübahisə yarandı. Spirtli içki təsirində olduğu üçün polis əməkdaşları ilə arasında nə baş verdiyini bilmir. Qeyd edilənlərin nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” xx.xx.2026-cı il tarixli AZA 022349 nömrəli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 02:50-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi tərəfindən aparılan tibbi müayinənin 24 fevral 2026-ci il tarixli 2/10663 protokoluna əsasən, hadisə günü şəxs sərxoş vəziyyətdə olmuşdur. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan aydın olur ki, Şəxs barəsində əvvəllər İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmənin hüquqi mövqeyi və hüquqi mövqeyinin əsaslandırılması: İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi, özünün etirafedici izahatından başqa, araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs ictimai qaydanı pozması, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə iclasında araşdırılan sübutlarla öz təsdiqini tapmışdır. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsinə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə qeyd edir ki, iş materiallarına, eləcə də barəsində protokol tərtib edilmiş şəxsin məhkəmə iclasındakı izahatına əsasən şəxs içkili vəziyyətdə olaraq ictimai yerdə uca səslə təhqiredici ifadələr işlətmiş, bununla ətrafdakı şəxslərin normal fəaliyyətini və ictimai asayişi pozmuşdur. Polis əməkdaşları ona yaxınlaşaraq ictimai qaydaya əməl etməli olduğunu izah etmiş və həmin hərəkətlərin qanunazidd olduğunu bildirmişlər. Lakin onun uca səslə nalayiq və təhqiredici ifadələr işlətməsi cəmiyyətə açıq hörmətsizliyin ifadəsi olmaqla ictimai qaydanın pozulmasına səbəb olmuşdur. Beləliklə, şəxsin ictimai yerdə içkili vəziyyətdə uca səslə təhqiredici ifadələr işlətməsi, ətrafdakı şəxslərin narahatlığına səbəb olması və ictimai asayişi pozması onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510.1-ci maddəsində nəzərdə tutulmuş xırda xuliqanlıq inzibati xətasının tərkib əlamətlərinin mövcud olduğunu göstərir. Məhkəmə inzibati xəta haqqında protokolları nəzərdən keçirib, inzibati xəta törətmiş şəxsin izahatını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməldən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 510.1 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli isə İXM-in 89.5-ci maddəsinə əsasən Şəxs inzibati qaydada tutulma vaxtından hesablanmalıdır Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510.1 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2026-cı il tarixdə saat 02:50-də tarixindən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X1 Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar