Məhkəmə qərarları › İş №3(5-98)-1135/2026

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(5-98)-1135/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(5-98)-1135/2026 16.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi Namazov Fərəc Elman oğlunun katibliyi, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə 16 fevral 2026-cı il tarixli, MN ******* saylı protokol tərtib edilərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasına baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, X4 müdir müavini vəzifəsində işlədiyi ünvan 1 ünvanında yerləşən "Kontakt Home" mağazasında olan zaman satış rəfin üzərində bir ədəd üz qırxan aparatın olmadığını aşkar etmiş, daha sonra mağazada quraşdırılmış müşahidə kamerasına baxan zaman xx.xx.2026-cı il tarixdə, saat 13.30 radələrində mağazaya müştəri qismində daxil olmuş bir nəfər şəxsin mallara baxması, daha sonra yanında heç kimin olmadığından istifadə edib, mağazadan satış rəfindən bir ədəd "OneBlade Pro" markalı üz qırxan aparatını götürərək cibinə qoymasını və daha sonra isə rahat şəkildə mağazanı tərk etməsini görmüş və hadisə zamanı işlədiyi "xxxx" MMC-yə 310 (üç yüz on) manat ziyan dəydiyini qeyd etmişdir. Nəsimi RPİ 20-ci PŞ-nin təhqiqatçısı Rasim Əliyevin 03 fevral 2026-cı il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilmişdir. Daha sonra fakt ilə bağlı inzibati icraat açılmış və xırda talamanın Şəxs tərəfindən törədildiyi aşkar edilmişdir. 16 fevral 2026-cı il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərə əsasən Şəxs qanunauyğun qaydada inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini etiraf etmişdir. Hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəmiş və zərərçəkmiş şəxslə aralarında barışıq əldə etmişdirlər. Bu səbəbdən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan 03 fevral 2026-cı il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi və hadisəni törədən şəxsin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İş materiallarında olan barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, onun tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmiş, onunla barışıq əldə edilmişdir. Bu səbəbdən iş üzrə icaata xitam verilməsi xahiş edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs "Kontakt Home" mağazasının müdir müavini X2 16 fevral 2026-cı il tarixli ərizədən görünür ki, barəsində inzibati icraat aparılan şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin qeydinə əsasən bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Hazırki iş üzrə talanmış əmlakın dəyəri 310 manat təşkil etdiyindən, bu, xırda talama hesab edilir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir.” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən “Bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir.” Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, inzibati xətanı törətmiş şəxs Şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə iş üzrə icraata zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar